04 iyul 2020 11:06
1071

“Evdən işləmək” mədəniyyətini necə formalaşdırmalı?

2020-ci ilin bü qədər sürprizlərlə dolu olacağını heç birimiz gözləmirdik. Yeni il arzularımız müxtəlif və rəngarəng olsa da, şübhəsiz ki, hər birimizin ürəyindən sülh, əmin-əmanlıq və cansağlığı keçmişdir. 2020-ci il bizə qismən sülh, əmin-əmanlıq gətirdi. Lakin insanlığın ödədiyi bədəllər də ağır oldu.

Ötən 6 ayda dünyamızın necə dəyişdiyi və hələ də dəyişməyə davam edəcəyi haqqında yüzlərlə məqalələr yazılıb, fikirlər söylənib. Həyatımıza və dilimizə yeni ifadələr, yeni vərdişlər daxil oldu. Bunlardan biri də “Evdən işləmək”dir.

Bəs biz “Evdən işləmək” mədəniyyətini necə formalaşdırmalıyıq?

Sevdiyin işi gör, gördüyün işi sev

İşimizə sevgi ilə yanaşdığımız zaman məkanın artıq heç bir əhəmiyyəti qalmır. Biz bir an əvvəl nəticəni görmək üçün üzərimizə düşən bütün öhdəlikləri yerinə yetiririk.

Evdən çalışma sistemi tənbəl, iradəsinə hakim olmayan, daima nəzarət tələb edən, işinə məsuliyyətsiz yanaşan insanlar üçün çox çətin gələ bilər. Sadəcə dedi-qodulardan usanmayan, müxtəlif məkanlarda, çay, siqaret otaqlarında vaxt keçirməyə vərdişli olanlar üçün isə demək olar ki, işgəncəyə çevriləcəkdir. Çünki buna vərdiş edən əməkdaşlar enerji mənbələrini itirirlər və özlərini çox narahat hiss edirlər.

İnsan resursları sahəsində 130 ölkədə fəaliyyət göstərən “Mercer” şirkətinin Türkiyə ofisinin araşdırmasına görə, pandemiyadan sonrakı dövrdə şirkətlərin 60%-i evdən işləməyə davam edəcəkdir. Bəlkə də Azərbaycan üçün bu rəqəm daha aşağı olar. Ancaq bilmək lazımdır ki, sabit xərcləri aşağı salmaq üçün kiçik və orta biznesdə olduğu kimi, böyük şirkətlər üçün də bu bir fürsətdir.

Əlbəttə ki, evdən işləmək ümumi əhval-ruhiyyəyə də təsir edir. Lakin daxili nizam-intizam sizə hər gün evdən çıxacağınız şəkildə səhər tezdən oyanmağınıza, yüngül idman və qəlyanaltı etdikdən sonra iş masanızın arxasına oturmağınıza kömək edə bilər. Özünüzə kiçik bir iş şəraiti yaradın. Yaxşı olar ki, divan, televizor və pult üçlüyündən bir az aralı olsun. Daha sonra gündəlik plan tərtib edin, görüşlərinizi öncədən planlaşdırın, nəyi müzakirə edəcəyinizi qeyd edin. Komanda yoldaşlarınızdan enerji alın. Hər səhər kiçik bir hədəflə belə yuxudan oyanmaq qeyri-müəyyənlikdən qat-qat yaxşı olacaqdır.

Ən sonda isə bir vətəndaş olaraq üzərinizə düşən məsuliyyəti hiss edin. Hər birimiz təmsil etdiyimiz cəmiyyətin, müəssisənin, şirkətin, ölkənin inkişafına bu və ya digər şəkildə töhfə veririk. Gördüyümüz iş gözümüzə o anda kiçik görünsə də, unutmayaq ki, hər birimiz böyük bir zəncirin halqalarıyıq. Zəncir nə qədər qalın və dözümlü olsa da, ən zəif halqası qədər güclüdür.

Röya Rasimqızı,

“İki sahil”