03 dekabr 2020 15:25
622

Fransız deputatlar bir halda Qarabağa gələ bilər

Hətta Rusiya belə işğaldan azad edilən keçmiş Dağlıq Qarabağ ərazisində yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarına humanitar yardım aparmaq üçün rəsmi Bakıdan icazə alır. Bu, başda Fransa olmaqla, digər ölkələr üçün də nümunə olmalıdır. Qarabağ Azərbaycan ərazisidir və bura gəlmək istəyən istənilən xarici vətəndaş statusu və kimliyindən asılı olmayaraq, bu torpaqların tək sahibi olan Azərbaycandan icazə almalıdır.

Bu sözləri Axar.az-a Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli Fransa senatının bəzi deputatlarının işğaldan azad edilən keçmiş Dağlıq Qarabağa səfər etməsi haqda yayılan xəbərləri şərh edərkən deyib.

O bildirib ki, indi hər şey rəsmi Bakıdan asılıdır:

“Rəsmi Bakının ölkəmizin beynəlxalq aləmdə tanınmış sərhədləri çərçivəsində suveren ərazisinə edilən səfərlərlə bağlı mövqeyi bəllidir və dəyişilməz olaraq qalır. Azərbaycan ərazisinə, o cümlədən onun Qarabağ bölgəsinə edilən səfərlər Azərbaycan hökuməti ilə razılaşdırılmalıdır. Ölkəmizin qanunvericiliyini pozan şəxslər müvafiq sanksiyalarla üzləşirlər və onların gələcəkdə Azərbaycan ərazisinə səfərləri məhdudlaşdırılır.

Xüsusilə bu, bir müddətdir işğaldan azad edilən keçmiş Dağlıq Qarabağa səfər edəcəyini deyən Fransa Senatının erməni lobbisinin dəstəyi ilə seçilən bəzi “deputatları”na aiddir. Bu şəxslər bundan öncə də bənzər şəkildə həmin torpaqlara səfər etmiş və ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi olan Fransanın mövqeyinə və statusuna tam əks çıxış etmişdi.

Bu və bu kimi hərəkətlər heç bir beynəlxalq hüquqa sığmır və birbaşa həmin ölkənin ərazi bütövlüyünə edilən hörmətsizlikdir. Rəsmi Paris onsuz da gərgin olan Fransa-Azərbaycan münasibətlərinin daha da gərginləşməməsi üçün bu kimi addımlardan çəkinməlidir”.