KÖŞƏ

Nigar Orucova

Gənclər Azərbaycanın parlaq gələcəyinin təminatçısıdır

22 may 2020 10:25
3489

Azərbaycan dövlətinin uğurlu inkişaf siyasəti bütün sahələrdə nailiyyətlər əldə edilməsinə zəmin yaradır. Bu tərəqqinin geniş vüsət almasında daim axtarışda olan, yeniliyi sevən gənclərin də rolu böyükdür. Ölkəmizdə dövlət gənclər siyasətinin əsasını qoyan ümummilli lider Heydər Əliyev gəncləri Azərbaycanın gələcək qurucuları adlandırır, onların imkan və bacarıqlarını yüksək qiymətləndirir, problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verirdi. Ulu öndər Heydər Əliyev ölkə gənclərinin sağlam ruhda tərbiyəsi, əsl vətəndaş kimi formalaşması naminə məqsədyönlü islahatlar həyata keçirmişdir.

Gənclər, İdman və Turizm Nazirliyinin yaradılması bu sahədə mühüm tədbirlərin həyata keçirilməsinə geniş imkan verdi. Müstəqil Azərbaycan gənclərinin ilk ümumrespublika forumunun keçirilməsi, 2 fevralın Azərbaycan Gəncləri Günü elan edilməsi, Dövlət proqramlarının qəbulu, “Dövlət gənclər siyasəti haqqında” Fərman və geniş fəaliyyət proqramının təsdiq edilməsi Heydər Əliyevin gənclərə böyük qayğısı idi.

Sevindirici haldır ki, bu gün Ulu Öndərin gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyev ölkəmizin qüdrətli dövlətə çevrilməsində gənclərə böyük inam bəsləyir, onlara yüksək şərait yaradılması istiqamətində Dövlət proqramları qəbul edilir.

Prezident İlham Əliyev tərəfindən gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunması, dövlət idarəçiliyi sistemində iştirakının təmin edilməsi məqsədilə 2005-ci ildə “Azərbaycan gəncliyi Dövlət Proqramı (2005-2009-cu illər)”nın təsdiqi gənclərə dövlət qayğısının artırılmasının göstəricisidir. Həmin Sərəncamda gənclərlə bağlı dövlət siyasətinin əsas istiqamətləri bütövlükdə xalqımızın milli mənafelərinin inkişafına yönəldilərək, gəncləri daha təşəbbüskar və fəal olmağa təşviq edib.

Azərbaycan dövlətinin gənclər siyasətinin əsas məqsədi intellektual, fiziki cəhətdən sağlam və vətənpərvər gənc nəsil yetişdirməkdir. Gənclərin yüksək biliyə yiyələnməsi, onların maraqlarının təmin olunması sahəsində ciddi işlər görülüb, Azərbaycan gənclərinin beynəlxalq əməkdaşlığı artıb. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin təhsili üzrə Dövlət Proqramı” gənclərin təhsil səviyyəsinin yüksəldilməsinə diqqətin parlaq nümunəsidir. 2007-ci ildə ölkədə “Gənclər İli” elan olunub, 2008-ci ildə Azərbaycanın birinci xanımı, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın fəxri sədrliyi ilə Gənclərin Məşğulluğu üzrə IV Dünya Sammiti, Yeniyetmələrin VI Beynəlxalq Elm Olimpiadası keçirilib.

Göründüyü kimi, dövlətin yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin vacib qüvvəsinə çevrilib. Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun yaradılması, bilikli, peşəkar, istedadlı gənclərin dəstəklənməsi üçün Prezident Mükafatının təsis edilməsi gənclərin hərtərəfli inkişafını stimullaşdırmışdır.

Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında fəal fəaliyyəti ilə seçilir və ictimai-siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində ciddi rol oynayır. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına əsasən hazırlanmış “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı bunu deməyə əsas verir ki, ölkə başçısı gənclərin ictimai proseslərdə fəal iştirakına da diqqət ayırır. Dövlət başçısı gənclərin fərdi inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissini artırmaq, gəncliyin potensialından xalqın rifahı və ölkənin dayanıqlı inkişafı üçün səmərəli istifadə etmək məqsədilə 2020-ci ilin “Könüllülər İli” elan edilməsi haqqında Sərəncam imzalayıb. Cari ilin “Könüllülər İli” elan edilməsi insanların sülhsevərlik, xeyirxahlıq kimi ümumbəşəri dəyərlər ətrafında birləşməsinə, Azərbaycanın parlaq gələcəyinin təminatçısı olan gənclərin dövlətə, Vətənə bağlı, məsuliyyətli bir vətəndaş kimi formalaşmasına, uğurla həyata keçirilən gənclər siyasətinə yeni nəfəsdir. Bu gün Azərbaycanın gənclər siyasəti müasir və uğurlu model kimi qiymətləndirilir. Prezident İlham Əliyevin Azərbaycan Televiziyasına müsahibəsində qeyd olunduğu kimi, gənclər xoşagəlməz hallara qarşı mübarizədə də aktiv olmalıdırlar. Dövlətimiz ətrafında sıx birləşərək Azərbaycan həqiqətlərinin təbliğində, Azərbaycana qarşı bir sıra hallarda aparılan şər və böhtan kampaniyalarına da qarşı barışmaz mövqe nümayiş etdirməlidirlər.