07 aprel 2020 17:08
1263

Hər birimiz məsuliyyətli və nizam-intizamlı olaq ki...

Koronavirus  pandemiyası artıq  bütün dünyanı lərzəyə salıb. Hər birimiz  günlərdir ki, Çində, İranda, İtaliyada, İspaniyada və digər ölkələrdə gündən-günə artan ölümlər haqqında xəbərlər eşidirik.  Dünyada hər gün 10 minlərlə insan bu virusa yoluxur, minlərlə insan xəstəlikdən dünyasını dəyişir.

Məlumdur ki, aprelin 5-dən Azərbaycanda  artıq yeni karantin qaydaları qüvvəyə minib. Ötən aydan etibarən başlayan və yenilənən qaydalar sisteminin, profilaktik, qoruyucu tədbirlərin yeganə məqsədi Azərbaycanda bu virusun yayılmasının qarşısını almaqdır. Məqsədimizi nail olmaq və sağlamlığımızı qorumaq üçün bizim  həmrəy olmağımız, məsuliyyəti və intizam prinsiplərinə əməl etməyimiz vacibdir . “Mən dəfələrlə bildirmişəm ki, biz həm milli birlik, həm həmrəylik nümayiş etdirmişik və məsuliyyət də nümayiş etdirməliyik. Amma indiki şəraitdə aprelin 5-dən sonra qüvvəyə minmiş qaydaları nəzərə alaraq vətəndaşlar nizam-intizam nümayiş etdirməlidirlər. Çünki bu qaydaları pozanlara qarşı ciddi tədbirlər nəzərdə tutulur və bu tədbirlər artıq təsbit edilib. Əminəm ki, vətəndaşlar bu qaydalara tam əməl edəcəklər və beləliklə, xəstəlik geniş vüsət almayacaq, biz bu vəziyyətdən az itkilərlə çıxa biləcəyik.”  Dövlət başçısı İlham Əliyevin  Sumqayıt Kimya Sənayesi Parkında tibbi maska istehsalı müəssisəsinin açılışı zamanı  Azərbaycan xalqına müraciətində bu tezisi xüsusi vurğuluması mövcud vəziyyətin nə qədər ciddi və real olduğunu bir daha sübut edir.

Cənab Prezident vətəndaşlara müraciətlə söyləyib: “Məsuliyyətli olun, nizam-intizamı, qaydaları pozmayın, özünüzü, uşaqlarınızı, yaxınlarınızı qoruyun ki, biz bu ağır vəziyyətdən az itkilərlə çıxa bilək! Biz birlikdə güclüyük!”.  Ümumiyyətlə, bu dəhşətli bəla başlayandan indiyədək dövlət başçısı İlham Əliyevin, həmçinin Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın bütün çağırışlarında vətəndaş məsuliyyəti önəmli yer tutur. Mehriban xanım Əliyeva  koronavirus infeksiyası ilə bağlı xalqımıza müraciətində  bu inamı ifadə etmişdir ki, müdrik xalqımızın ən gözəl xüsusiyyətləri – ruh yüksəkliyi və mərdlik, mərhəmət və şəfqət, inam və  məhəbbət sayəsində  biz birlikdə bu ciddi çağırışın öhdəsindən gələcəyik. «Əminəm ki,  üzləşdiyimiz bu vəziyyətdə biz daha diqqətli  olacağıq. Bu gün laqeydlik yolverilməzdir.»

Görümdüyü kimi, bu  çətin günlərdə məsuliyyətli və ehtiyatlı davranmağımız, qaydalara nizamlı şəkildə riayət etməyimiz, sağlamlığımızı qorumağımız özümüz və ailəmiz, həmçinin də xalqımız üçün zəruridir. Unutmaq olmaz ki,sağlamlığımız, rifahımız, təhlükəsizliyimiz  hər şeydən üstün çox qiymətli sərvətdir. Karantin günlərində əgər kimsə özündə xəstəlik simptomu hiss edərsə, dərhal həkimlərə müraciət etməli, özünü hər şeydən və hər kəsdən təcrid etməli, kütləvi yerlərə getməməlidir.  Nəhayət, anlamalıyıq ki, qorumadığımız sağlamlıq, pozacağımız qayda, edəcəyimiz məsuliyyətsizlik, göstərəcəyimiz laqeydlik ailəmizə, yaxınlarımıza mənfi təsirsiz ötüşməyəcək. Artıq bəşəriyyəti cənginə almış bu pandemiya  hər birimiz üçün bir sınaqdır. Təhlükə, şübhə və qorxu dolu bir sınaq… Gəlin, bir olaq, məsuliyyətli olaq ki, bu sınaqdan üzüağ, alnıaçıq çıxaq!

Yaqut Ağaşahqızı, “İki sahil”