17 sentyabr 2020 18:31
1845

Heydər Əliyev adına NEZ-də ölkə başçısının tövsiyələri uğurla həyata keçirilir FOTO

70 yaşına yaxınlaşan, nəinki ölkəmizdə, hətta Cənubi Qafqazda ən böyük emal müəssisəsi olan Heydər Əliyev adına Neft Emalı Zavodu  illər keçdikcə qocalmır, əksinə, cavanlaşır, müasirləşir. Zavodda qurğular və avadanlıqlar təzələnir, modernləşdirmə və yenidənqurma istiqamətində yeni-yeni texnoloji qurğular inşa edilir.

Bu zavodun Azərbaycanın iqtisadiyyatında tutduğu mövqeyinə böyük qiymət verən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Nazirlər Kabinetinin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında  qeyd etmişdir: «Ölkədə “Avro-3” standartına keçid sürətləndirilməlidir: “Avro-3” də son hədd deyildir. “Avro-4”, “Avro-5” ilə bağlı işlər daha da sürətlə getməlidir. Əlbəttə ki, bu işlərdə Azərbaycanda fəaliyyət göstərən neftayırma zavodunun böyük rolu var.” Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin və Heydər Əliyev adına Neft Emalı Zavodunun rəhbərliyi ölkə başçısının  bu tövsiyələrini əldə rəhbər tutaraq zavodun mövcud texnoloji qurğularının əsaslı təmir olunması, yenidən qurulması və modernləşdirilməsi, istehsal gücünün artırılması və ekoloji mühitin yaxşılaşdırılması istiqamətində məqsədyönlü işlərə start vermişdir.

 Odur ki, bu günlər zavodun ərazisi çox böyük tikinti meydanını xatırladır. Demək olar ki, onlarla qaldırıcı kranların qüllələrinin ucaldığı zavodun böyük ərazisində tikinti-quraşdırma işləri aparılır. Əgər bunu nəzərə alsaq ki, müəssisənin yenidən qurulması və modernizasiyası layihəsi çərçivəsində yeni texnoloji qurğuların inşa olunması davam edir, aparılan təmir-tikinti işlərinin böyük həcmini təsəvvür etmək çətin olmaz.

Məlum olduğu kimi, avqust ayının 27-dən Heydər Əliyev adına NEZ-in əsas texnoloji qurğularında  irimiqyaslı təmir işləri aparılır.  Hazrıda SOCAR və zavod rəhbərliyinin, baş mütəxəssislərin, mühəndis-texniki işçilərin nəzər-diqqəti zavodun neftin ilkin emalı, kakalitik krekinq, kokslaşdırma, katalitik riforminq qurğularında gedən təmir işlərinə yönəlmişdir.

Təmir dövründə müxtəlif təyinatlı briqadalar təmir işlərini vaxtında başa çatdırmaq üçün uzadılmış iş rejimində  çalışaraq gərgin əmək sərf edirlər.

Əsaslı təmirə saxlanılmış qurğuların texniki tələblərə uyğun, etibarlı vəziyyətə gətirilməsi üçün  ixtisaslaşdırılmış təmir-tikinti idarələri, eləcə də müəssisənin təmir-quraşdırma üzrə 13№-li sahəsi, ayrı-ayrı sahələrdən çilingərlər briqadaları səfərbər edilmişlər.  Məqsəd aydındır; oktyabrın 7-dək qurğular əsaslı təmir olunmalıdır. Bəs qarşıya qoyulmuş məqsədin nəzərdə tutulmuş vaxtda yerinə yetirilməsi mümkün olacaqmı?

 Elə bu suala cavab tapmaq üçün qurğuya yollanırıq.

ED-AV-6 qurğusunun tüstü borusu lap uzaqdan adamın nəzər-diqqətini cəlb edir. Ancaq bu qurğunu zavoddakı digər qurğulardan fərqləndirən təkcə bu deyil. Onun özünün böyüklüyü və konstruksiyasının mükəmməlliyidir.

Bu qurğunun ərazisinə daxil olmadan, zavodun 5№-li istehsalatının 55№-li katalitik krekinq qurğusunun ərazisində olarkən uzaqdan gözə dəyən texnika vasitələri, səyyar köşklər, çoxsaylı işçilərdən ibarət mənzərədən  belə bir rəy yaranır ki,  burada iri həcmli işlər görülür. Təmir, tikinti işlərində əvəzedilməz kranlar, müxtəlif traktor, ekskavatorlar, müvafiq nəqliyyat vasitələri qurğunun ətrafına cəmlənib. Dəfələrlə olduğumuz bu qurğunun yerləşdiyi əraziyə çatanda orada gedən təmirin səs-küyünü, maşın-mexanizmlərin  uğultusunu eşidirik.  Əzəmətli mürəkkəb kompleksin qarşısında ayaq saxlayırıq.

Şübhəsiz, belə vaxtda istehsalat, qurğu  rəisini, mexaniki tapıb, onlardan məlumat almaq heç də asan deyil. Buna görə də müşahidələrimizə, mütəxəssislərdən aldığımız məlumatlara əsasən təmir haqda təsəvvürlərimizi formalaşdırmaq məcburiyyətində qalırıq. Bütövlükdə müsahiblərimizin məlumatlarında qurğuya cəlb edilmiş  təmir briqadaları, təchizat,  təmir işlərinin gedişinə aydınlıq gətirilir.

 ... İşin olduqca gərgin və vaxtının az olduğuna baxmayaraq 5№-li istehsalatın rəis müavini Bəxtiyar Gülmalıyevi bizə məlumat verməyə razı salırıq.

 Təmir işlərini araran iş icraçıları, mütəxəssislər ona tez-tez  müraciət etdiyindən söhbətimizə fasilə, ara vermək məcburiyyətində qalırıq.

  - Reaktorda  siklonların dayaqları, “miqalka”ları yeniləri ilə əvəz edilir. S-101-in müddəti keçmiş konveksiya boruları dəyişdirilir. Dövrü su təchizatı sahəsindən (qradilni) qurğuya gələn 700 m. dövrü su xətti yenisi ilə əvəz olunur. İstidəyişdiricilərin boruları yuyulur, təmizlənir Regeneratorda daxili torkret-beton izolə qatlarının sökülüb-dağılmış hissələri təftiş olunaraq, bərpa edilir. Hal-hazırda reaktor, regenerator, kolonlarda və digər sahələrdə qızgın  təmir işləri gedir, qüsurlar aradan qaldırılır. Müvafiq idarələr tərəfindən qurğunun avadanlıqları üzrə test sınaqları aparılır. İstehsalatda yerinə yetiriləcək bu işlərdən əlavə, maye qazlar parkında və digər sahələrdə də müvafiq təmir işləri görüləcəkdir. Qnu qeyd edim ki, bütün işlər pandemiya vəziyyətinin tələblərinə uyğun həyata keçirilir. İşçilər müvafiq dizenfeksiya vasitələri, maska və içməli su ilə təmin edilirlər.

      Bu arada söhbətimizə zavodun Əsaslı təmir şöbəsinin rəisi Nazim Quliyev qoşulur. Söhbət texnoloji qurğuların əsaslı təmirini həyata keçirənlər haqda düşəndə, N.Quliyev zavodun təmir-quraşdırma üzrə 13№-li sahəsinin rəisi Elşən Əliyevin rəhbərliyi ilə kollektivin böyük və səmərəli əməyini xüsusi vurğulayır. Eləcə də SOCAR “Neftqaztikinti” trestinin, zavodun digər sahələrinin təmirçi briqadalarının, əsaslı tikinti xidmətinin, mexanika, energetika, metrologiya, texniki nəzarət, texniki və nəqliyyat şöbələrinin, o cümlədən 17 N-li sahənin işi haqda xoş sözlər söyləyir, razılıq ifadə edir.  Nəqliyyat və xüsusi texnika İdarəsinin müasir tələblərə savab verən  maşın-mexanizm və xüsusi texnikasından istifadə olunacağini bildirir.Təmirin təhlükəsizlik qaydalarına uyğun ararılmasını və müvafiq şöbələrin  işçilərinin səfərbər olaraq təmirə böyük önəm verdiklərini söyləyir.  

      Sonra yolumuzu neftin ilkin email üzrə  ED-AV-6 qurğusu tərəfə salaraq, operator otağında 2N-li istehsalatın rəisi Şahin Əsgərovla da söhbətimizi təmir mövzusunda davam etdiririk.

     - Tikmək, qurub-yaratmaq məsələnin yalnız bir tərəfidir. Böyük zəhmətlə başa gələn bu infrastrukturu qorumağın, lazım gəldikcə təmir edib saz vəziyyətdə saxlamağın özü də tikməkdən az vacib olan iş deyil.

      Hər bir tikilinin, eləcə də qurğu və avadanlığın xırda, cari, yaxud əsaslı təmirə ehtiyacı olur. Bəzən ən kiçik nasazlıq belə çox vacib bir işi ləngidir, hətta dayandıra bilir. Odur ki, fasiləsiz işləyən qurğunun vaxtaşırı olaraq cari və əsaslı təmirə ehtiyacı olur. Buna görə də  biz qurğunun istismarı zamanı daim işlək vəziyyətdə olmasında görülən əsaslı təmir işlərinə böyük önəm veririk. Çalışırıq ki, qurğunun bu ilki əsaslı təmiri zamanı qüsurlar cədvəlində nəzərdə tutulau məsələlər öz həllini tapsın və təmir vaxtında, keyfiyyətlə icra edilsin.

      Ş.Əsgərov söhbətinə davam edərək bildirir ki, boşdayanmalara yol verilməməsi, vaxtdan səmərəli istifadə olunması, müəyyən olunmuş vaxt ərzində işlərin başa çatdırılmasına nail olmaq, operativliyi, çevikliyi təmin etmək üçün  hər gün zavodun baş mühəndisi Rasim İbrahimov rəhbərliyi ilə  gündəlik təmir işlərinin gedişi, yekunları müzakirə olunur. Zavodun direktoru Bəxtiyar Məmmədov qurğularda olur, təmirin gedişini xüsusi nəzarətində saxlayır və məsləhətlərini verir.

 …Təmir işlərinin gedişi ilə yerində tanış olur, icra edilən işləri nəzərdən keçiririk.

   Bu müşahidələrdən sonra yalnız onu demək olar ki, Heydər Əliyev adına Neft Emalı Zavodunun baş mütəxəssislərinin, 13№-li sahənin və kənar təmir idarələrinin təmirçilərinin bacarığının şahidi olmaq üçün qurğuda apardıqları işlərə nəzər yetirmək kifayətdir.

Zavodun əsas texnoloji qurğularında aparılan təmir işlərinin vüsətini, operativ təchizat, ciddi nəzarət, məsuliyyət və digər başqa amilləri nəzərə aldıqda, ay yarım ərzində qarşıya qoyulmuş məqsədə nail olunacağına heç bir şübhə qalmır. İnanırsan ki, təmirçilər bu sınaqdan da üzüağ çıxacaqlar.

Şamil Həşimov,

“Neftayıran” qəzetinin böyük redaktoru