19 noyabr 2019 10:43
728

İqtisadi artım həm də sosial təminat üçün bazadır

Son illər Cənubi Qafqazda Azərbaycandan başqa, digər ölkələrdə demoqrafik artım müşahidə olunmur. Çünki çətin iqtisadi vəziyyətdə yaşayan ölkələrin əhalisinın artımı müşkül məsələdir. Buna misal kimi işğalçı Ermənistanı göstərmək olar. İşğalçı ölkədə demoqrafik vəziyyətin belə bir həddə çatması, şübhəsiz ki, iqtisadi böhranın getdikcə dərinləşməsi ilə bağlıdır. Mütəxəssislərin fikrincə, Azərbaycanda dayanıqlı sosial-iqtisadi tərəqqinin, sosial siyasətin davamlı xarakter alması demoqrafik inkişafa da təkan verib. Təkcə bir faktı qeyd edək ki, 2003-cü ilin əvvəlindən ölkə əhalisinin sayı 20,1 faiz artaraq 2019-cu ilin martında 10 milyon nəfərə çatıb. Son illər müşahidə olunan demoqrafik meyilləri nəzərə alan beynəlxalq ekspertlər Azərbaycanda əhalinin sayının artımının davam edəcəyini və  2050-ci ildə 11,8 milyon nəfərə çatacağını bildirirlər.

Ölkəmizdə demoqrafik artımla bağlı  bütün iqtisadi göstəricilər də diqqət mərkəzindədir. Belə ki, iqtisadi artımımızın demoqrafik artımı üstələməsi məsələsinə xüsusi önəm verilir və müvafiq addımlar atılır. Prezident İlham Əliyev Şahin Mustafayevi yeni vəzifəyə - Baş Nazirin müavini təyin olunması ilə əlaqədar qəbul edərkən demişdir ki, işsizlik Azərbaycanda aşağı səviyyədədir, ancaq buna baxmayaraq, işsizlik arta bilər: “Nəyə görə? Əhali artır və əgər iqtisadi inkişaf artan əhalinin templəri ilə uzlaşmasa, əlbəttə ki, gələcəkdə bizi bir çox problemlər gözləyə bilər”. Dövlət başçısının sözlərindən belə bir qənaətə gəlmək olar: bundan sonra da işimizi elə qurmalıyıq ki, iqtisadi inkişaf, iş yerlərinin yaradılması əhalinin artımından daha da sürətli getsin, artan əhali işlə təmin olunsun. Odur ki,  belə bir problemlə üzləşməmək üçün yeni mənbələr aşkar edilir, mövcud imkanlardan daha səmərəli istifadə olunur. Bir sözlə,  əhalinin artımı qarşısında genişmiqyaslı tədbirlər görülür. Məsələn, “2019-2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası” elə bu amala xidmət edir.

Özü də bu məsələ təkcə iş yerləri ilə məhdudlaşdırılmır. Daha doğrusu, müxtəlif sosial infrastruktur layihələrin - yeni uşaq bağçalarının, məktəblərin, müalicə müəssisələrinin, idman komplekslərinin inşası da  nəzərdən qaçırılmır. Prezident İlham Əliyev  Ağdaş şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin istismara verilməsi mərasimində demişdir: “...Qəbələ şəhərində 15 min əhali varsa, Ağdaş şəhərində bu, 35 mindir. Ona görə də burada gələcəkdə görüləcək işlər elə hesablanmalıdır ki, artan əhali də nəzərə alınsın. Buna görə “Azərsu”ya da göstəriş verildi ki, bu layihə təqribən gələcək 20-30 ili də ehtiva etsin ki, artan əhali bu imkandan istifadə edə bilsin”.

Statistikaya diqqət yetirsək, görərik ki, iqtisadi artım tempi təbii artım tempindən çoxdur. Növbəti illər üçün olan proqnoz ondan ibarətdir ki, iqtisadi artım tempi 3 faiz ətrafında olacaq. Bu faktı beynəlxalq maliyyə qurumları da təsdiq etməkdədirlər. Şübhəsiz, iqtisadi artım tempinin qorunub saxlanılması təbii artımın müdafiə olunması baxımından da çox vacibdir. Başqa sözlə desək, iqtisadi artım həm də sosial təminat üçün bazadır.

Qvami Məhəbbətoğlu, “İki sahil”