21 fevral 2020 16:12
985

İrana qarşı yeni sanksiya tətbiq olunub

ABŞ İranın Ekspertlər Şurasının (Məclisi Xubreqan) rəhbərinin və bəzi üzvlərinin adlarını sanksiyalar siyahısına əlavə edib.

AZƏRTAC yerli mətbuata istinadla xəbər verir ki, şuranın sədri Əli Cənnəti, şuranın üzvü tanınmış din alimi Məhəmməd Yəzdi, mətbuat katibi Abbas Əli Kiyadxudayi və iki nəfər hüquqşünasın adı sanksiyalar siyahısına əlavə olunub. Bununla yanaşı, Ağ Ev administrasiyası İranda seçkilərin qabaqcadan planlaşdırıldığını və saxtakarlığın olacağını bəyan edib.

Məsələyə münasibət bildirən İranın Xarici İşlər Nazirliyi də bəyanatla çıxış edərək seçki günü ABŞ-ın bu addımını İranın daxili işlərinə qarışmağa cəhd kimi qiymətləndirib. Qeyd olunub ki, İran xalqı ABŞ rəhbərlərinin həqiqəti əks etdirməyən bəyanatlarına vərdiş edib. Diqqətə çatdırılıb ki, hələ yekunlaşmamış seçki prosesinin saxta keçəcəyini iddia etmək heç bir məntiqə sığmır. Yaxşı olar ki, ABŞ daxilində keçirilən seçki prosesinə diqqət yetirsin. Amerikada seçkilər çox qəliz sxem üzrə keçirilir və çoxluğun rəyi nəzərə alınmır.

Qeyd edək ki, bu gün, həmçinin Məclisi Xubreqana da seçkilər keçirilir. Bu məclisin hər vilayətdən 1 nəfər olmaqla 86 üzvü var. Bu orqan İranın əhəmiyyətli dövlət orqanlarından biridir. Xubreqan Məclisi İran parlamentinin yuxarı palatası hesab edilir. Məclis din alimlərindən ibarətdir və İranın Ali Rəhbərini seçir, onun fəaliyyətinə nəzarəti həyata keçirir.