15 iyul 2019 20:25
1230

İşdəki yorğunluqdan necə yaxa qurtarmalı?

Xüsusilə yay  mövsümündə hər birimiz şahid olmuşuq ki, ətrafımızdakı iş yoldaşlarımızdan bəziləri “artıq tükənmişəm, heç işləyə bilmirəm. Bu işdən zövq ala bilmirəm” kimi şikayətlər edirlər. Nəticədə onlarda səbəbsiz yerə əsəbilik, duyğusallıq, özünə inamsızlıq kimi psixoloji məqamlar da müşahidə edilir.

Bu  kimi  mənfi xüsusiyyətlərin, gərginliklərin  əsasında  duran  faktor birbaşa fəsillə əlaqədar deyil. Mütəxəssislərin qənaətinə görə,  bütün bu əlamətlər tükənmişlik sindromunun təzahürüdür. Bu  cür  əlamətlər özünü  daha  açıq  şəkildə isti  aylarda  büruzə verir. Bu  həm  psixoloji, həm  fiziki , həm də zehni  yorğunluqla əlaqəli şəkildə baş  verir.

Məlumat üçün bildirək ki, bu sindrom zamanı ən çox rastlanan şikayətlər unutqanlıq, diqqət əskikliyi, öyrənmə, əzbərləmə çətinlikləri, beyində ağırlıq hissi, biganəlik, dözümsüzlük və tez əsəbləşməkdir.

Bir çoxları  tükənmişlik  sindromunu   depressiya  ilə qarışdırırlar.  Amma  bu  heç də doğru deyil. Onlar  arasında  açıq-aydın  fərqlər var.  Bu tip sindromun tibbdə adı  “burn out” və ya  yanma sindromudur.  Belə ki, 5 ildən artıq eyni işdə işləyən insanların 70%-dən çoxunda rast gəlinə biləcək psixoloji vəziyyətdir.  Əsas əlamətləri depressiya ilə oxşar olsa da, tükənmişlik sindromu sırf iş həyatı ilə bağlı ümidlərin tükənməsi, motivasiyanın aşağı düşməsi ilə əlaqədar yaranır. Yəni, insanın normal həyatı davam edir, şəxsi həyatında münasibətləri qaydasında olur, həyatdan zövq ala bilir, amma iş mühitində bu göstəriciləri aşağı düşür. Əsas yaranma səbəbi dəyişiklik olmayan eyni mühitdə uzun müddət işləməkdir. Yəni, vəzifə artımı, əmək haqqı artımı olmadan işləmək, gözləntiləri ilə reallıqların üst-üstə düşməməsi, məzuniyyətsiz və istirahətsiz işləmək, rəhbər şəxs tərəfindən düzgün qiymətləndirirlməmək və ya motivasiya edilməmək, komanda ruhunun zəifliyi, iş yükünün düzgün bölünməməsi, ədalətsizlik, aşırı məsuliyyət və bənzər səbəblər “burn out”-u qaçılmaz edir.

Davamlı baş ağrıları, mədə-bağırsaq problemləri, əzələ və sinir ağrıları, iştahın pozulması kimi əlamətlər tükənmişlik sindromunun göstəricisi ola bilər. Bu kimi ağrıları özü müalicə etməyə çalışan şəxslər daha sonra tükənmişlik sindromunun qarşısının alınması prosesinin bir qədər ləngiməsinə səbəb olurlar. Bu sindromla yaşamaq iş keyfiyyətinin tamamilə aşağı düşməsinə və əvvəllər zövq ala bildiyi işdən heç bir zövq ala bilməməyə səbəb olur. Bəzən iş yerinin dəyişdirilməsi belə, sindromun əlamətlərinin aradan qalxmasına kömək etmir. Bu, xüsusilə, mütəxəssis yardımı almadan uzun müddət bu vəziyyətin davam etdiyi hallarda baş verir. Əslində bu, xəstəlik deyil.

Tükənmişlik sindromunun əlamətlərini hiss etdikdə iş yükünü azaltmalı, işdən sonra işlə bağlı düşünməməli, elektron poçtunuzu və  iş  telefonlarınızı bir kənara qoymalısınız. Əlamətlər davamlı olarsa, mütləq psixoloji xidmət göstərən mütəxəssisə müraciət etmək lazımdır. Ümumiyyətlə, rəhbər şəxslər də, işçilərinin psixi vəziyyətinin iş keyfiyyətinə təsirini və korporativ hədəflərə çatılmasında vacib olduğunu nəzərə alıb, iş mühitində komanda ruhunun formalaşmasına, ədalət və şəffaflıq prinsipinin qorunmasına əməl etməli, adi təşəkkürü işçilərdən əsirgəməməli, tez-tez korporativ işdən kənar tədbirlər həyata keçirməlidir. Bunları etməklə işçilərin psixi sağlamlığı qorunur ki, bu da şirkət və ya qurumun iş fəaliyyətinin daha da uğurlu olmasına stimul verir.

Həftə içi  çalışan insanlar  istirahət  günlərini  səmərəli  şəkildə dəyərləndirməlidirlər. Bu onlara  yeni  iş həftəsinə yüksək  enerji  ilə qədəm  qoymağa  kömək  edəcək. İstirahət planlarını fərqli  və rəngarəng  şəkildə qursunlar. Uzun  müddət fasilə vermədən  işləyən, sağlam  qidalanmayan, əsəbləri, əhval-ruhiyyəsi yerində olmayan şəxslər xüsusilə bu  sindroma  tutulmamaq  üçün  diqqət etməlidirlər. İstənilən  halda həm  həftə sonlarını, həm də məzuniyyətinizi  lazimi  səviyyədə dəyərləndirin. Xüsusilə də ilin  əsas  istirahət zamanı olan  yay  fəslindən  səmərəli şəkildə yararlanın.

Yaqut Ağaşahqızı, “İki sahil”