18 iyul 2019 21:49
790

İspaniyadan idxal edilən badam tingləri məhv edilib

Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirilən fitosanitar nəzarət tədbirləri zamanı İspaniyadan Azərbaycana idxal edilən 13 min 271 ədəd badam tingində xüsusi təhlükəli xəstəlik bakterial fır aşkar olunub.

Agentliyin informasiya təminatı və innovativ həllər şöbəsindən bildiriblər ki, xəstəlik təhlükəli olduğuna görə ölkəmizdə yayılmasının qarşısını almaq üçün badam tingləri Bakı bərk məişət tullantılarının yandırılması zavodunda yandırılaraq məhv edilib.

Qeyd edək ki, bakterial fır yoluxucu xəstəliklərdən biridir, bitkilərin köklərinə mexaniki zədələnmələr, zərərvericilərin təsiri və köklərin inkişafı zamanı qabıqların çatlaması yolu ilə daxil olur. Kökə daxil olmuş bakteriyaların təsiri nəticəsində kök toxumalarının hüceyrələri sürətlə bölünüb böyüyərək xərçəng şişkinliyi əmələ gətirir. Həmin bakteriya 18 fəsilədən çox bitkidə (çuğundur, kələm, pomidor, günəbaxan, üzüm, qərənfil, qızılgül, söyüd və s.) parazitlik edir, tumlu, çəyirdəkli və giləmeyvə bitkilərinin tinglərinə daha çox yoluxur və nəticədə bitkinin məhvinə səbəb olur.

Xəstəliyə qarşı mübarizə aparmaq məqsədi ilə torpağa fosfor və kalium gübrələrinin verilməsi tövsiyə edilir.