21 fevral 2020 19:06
1986

İtaliya ilə Azərbaycan regionda əsas tərəfdaşlardır

Dövlətimizin başçısı İlham Əliyevin İtaliyaya dövlət səfəri çərçivəsində keçirdiyi görüşlər, imzalanan sənədlər iki ölkə arasında əlaqələrin müxtəlif istiqamətlərdə uğurla inkişaf etdiyinin aydın mənzərəsini yaradır

Azərbaycanın xarici siyasətində Avropa istiqamətinin xüsusi yeri vardır. Avropa İttifaqına üzv olan böyük və nüfuzlu dövlətlərlə qarşılıqlı əməkdaşlıq daim inkişaf etdirilir, yeni istiqamətlər müəyyənləşdirilir. Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, Belçika, Yunanıstan, Polşa, Rumıniya və digər Avropa ölkələri ilə əlaqələrimiz müxtəlif sahələrdə uğurla inkşaf edir.

Bu günlərdə cənab İlham Əliyevin Almaniyaya səfəri, onun ardınca İtaliyaya dövlət səfəri, səfərlər çərçivəsində əməkdaşlığın inkişafına xidmət edən görüşlər, imzalanan sənədlər, müzakirə olunan məsələlər, qəbul olunan Birgə Bəyannamədə əksini tapan müddəalar  xarici siyasətdə ikitərəfli əməkdaşlığın xüsusi önəmini açıqlamaqla yanaşı, əlaqələrin inkişafı istiqamətində müəyyənləşdirilən yeni istiqamətlərə işıq salır. Şübhəsiz ki, bu səfərlər hər bir ölkənin malik olduğu imkanların təqdimatında, həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında xüsusi rola malikdir.

Dövlətimizin başçısı İlham Əliyevin İtaliya Respublikasının Prezidenti Sercio Mattarella, İtaliya Respublikası Nazirlər Şurasının Sədri Cüzeppe Konte, İtaliya Respublikası Senatının Sədri, senator xanım Maria Elisabetta Alberti Kaselatti, İtaliya Respublikası Deputatlar Palatasının sədri Roberto Fiko, eyni zamanda, İtaliyanın ən iri şirkətlərinin rəhbərləri ilə görüşləri, həmçinin iki ölkə arasında strateji tərəfdaşlığın inkişafı və gücləndirilməsi üzrə Birgə Bəyannamənin qəbul olunması qarşıdakı illər ərzində əməkdaşlığa işıq salan mühüm addımlardır. Dövlətimizin başçısı bildirmişdir ki, səfər çərçivəsində imzalanan sənədlərin sayı 25-dən çoxdur. İmzalanan sənədlər içərisində “Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə” xüsusi əhəmiyyətə malikdir. Bu Bəyannamə təsdiq edir ki, Azərbaycan və İtaliya strateji tərəfdaşlardır. İtaliya iqtisadi sahədə Azərbaycanın bir nömrəli tərəfdaşıdır: “Ölkələrimiz arasında ticarət dövriyyəsi çoxşaxəlidir və daim genişlənir. İtaliya şirkətləri Azərbaycanda iqtisadiyyatın müxtəlif sahələrində, xüsusilə də qeyri-neft sektorunda çox geniş təmsil olunurlar... Cənubi Qafqaz ölkələri arasında İtaliyanın ticarət dövriyyəsinin 92 faizi məhz Azərbaycanın payına düşür. Hazırda Azərbaycan ilə İtaliya arasında ticarət dövriyyəsinin həcmi 6 milyard dollardan artıqdır. TAP layihəsinin başa çatmasından sonra bu rəqəmin daha da artması gözlənilir. TAP layihəsi vasitəsilə Azərbaycan təbii qazı İtaliya bazarına daxil olacaq.”

Azərbaycanın şaxələndirilmə məsələsinə ilk yol açan ölkə rolunu Avropa İttifaqı, həmçinin quruma üzv dövlətlərin rəsmiləri daim yüksək dəyərləndirirlər. Keçirilən görüşlərdə də bu məqam xüsusi qeyd edilmişdir ki,  Cənub Qaz Dəhlizi yalnız kəmər deyil, XXI əsrin mühüm strateji, enerji dəhlizidir. Avropa İttifaqı müasirləşmə islahatları ilə bağlı Azərbaycanın bütün təşəbbüslərini dəstəkləyir və müxtəlif sahələrdə daha da dərin münasibətlər yaratmaq istəyir.

Avropa İttifaqı ilə münasibətlərin sağlam təməl əsasında qurulmasının nəticəsidir ki, ölkəmiz hazırda bu təşkilatın bir çox proqramlarında fəal iştirak edir. Azərbaycan Avropa İttifaqının mühüm tərəfdaşı kimi qəbul olunur. Dövlətimizin başçısının məlum səfəri çərçivəsində keçirilən görüşlərdə bu məqam da diqqətə çatdırılmışdır ki, Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşı və investorlarından biridir. Qurumla Azərbaycan arasında əlaqələrin hazırkı səviyyəsinə işıq salan “Tərəfdaşlıq prioritetləri” sənədində də qeyd olunmuşdur ki,  əməkdaşlığın daha da gücləndirilməsi məqsədilə qarşılıqlı maraq və birgə dəyərlərə əsaslanaraq Azərbaycan və Avropa İttifaqı tərəfindən birgə tərəfdaşlıq prioritetləri razılaşdırılıb. Dövlətimizin başçısı İlham Əliyevin səfəri çərçivəsində İtaliya və Azərbaycan arasında imzalanmış Birgə Bəyannamə Avropa İttifaqı ilə Azərbaycan arasında saziş üçün mühüm əsas təşkil edə bilər.

Avropa İttifaqına daxil olan dövlətlərin maraqlarına uyğun olan Azərbaycanın enerji siyasəti bölgədə regional əməkdaşlığın genişlənməsi üçün etibarlı təminatdır. Xarici ölkələrə səfərləri zamanı  Azərbaycanın iqtisadi imkanlarına diqqəti yönəldən, enerjinin nəql olunması sisteminin şaxələndirilməsində ölkəmizin rolunu xüsusi vurğulayan, gerçəkləşməsi çoxlarına əfsanə kimi görünən layihələrin reallaşması üçün təşəbbüskarlığını artıran Prezident İlham Əliyev bu mövqeyi açıqlayır ki, Azərbaycanın tərəfdaş, müəllif və təşəbbüsçü kimi iştirak etdiyi bütün layihələrdə xalqın milli maraqları, dövlətin mənafeyi hər şeydən üstün tutulmalıdır. Prezident İlham Əliyev ölkəmizin daim marağında olan enerji layihələrinin şaxələndirilməsi prinsipinin diqqətdə saxlanılacağını vurğulamaqla qeyd edir ki, Avropa Azərbaycan qazı üçün mühüm bazara çevriləcək, eyni zamanda, Cənub Qaz Dəhlizi enerji təhlükəsizliyinə xidmət edəcək önəmli layihədir. İtaliyanın ən iri şirkətlərinin rəhbərləri ilə birgə işçi naharda dövlətimizin başçısı İlham Əliyev bu statistikanı da diqqətə çatdırmışdır ki, yalnız Azərbaycanın enerji sektoru və Azərbaycanın sərhədlərindən kənarda maliyyələşdirdiyi enerji layihələri ilə bağlı İtaliya şirkətləri dəyəri 10 milyard ABŞ dollarına yaxın olan müqavilələr imzalayıblar. Qeyri-enerji sektorunda bu rəqəm təqribən 700 milyon dollardır. Dövlətimizin başçısı İlham Əliyevin İtaliyanın ən böyük maliyyə-bank qurumu olan “Cassa Depoziti Prestiti SzA”nın və bu ölkənin dünya səviyyəsində məşhur olan 10-dan çox ən iri, aparıcı sənaye və maliyyə quruplprının rəhbərləri ilə görüşü Azərbaycanın xarici iqtisadi əlaqələrinin inkişaf etdirilməsi, ölkəmizə yeni investisiya axınının təmin edilməsi baxımından böyük əhəmiyyət kəsb edir.

Onu da qeyd edək ki, Azərbaycan İtaliya üçün etibarlı və bir nömrəli xam neft təchizatçısıdır. İtaliyanın xam neft istehlakının 17 faizi Azərbaycanın payına düşüb. Cənub Qaz Dəhlizi, eyni zamanda, artıq 92 faiz icra olunmuş və yekunlaşmaq mərhələsində olan TAP layihəsi Avropanın və İtaliyanın enerji təhlükəsizliyinin təmin olunmasına mühüm töhfədir.

2018-ci ildə Cənub Qaz Dəhlizinin əsas seqmentlərindən olan TANAP istifadəyə verildi, 2019-cu ildə Avropa sərhədinə çatması qeyd olundu. Digər hissəsi olan TAP-ın istifadəsi isə cari ilə gözlənilir. TAP Azərbaycan qazını Türkiyə, Yunanıstan, Albaniya ərazisi ilə İtaliyaya çatdıracaq. Dəyəri 2,2 milyard dollar həcmində proqnozlaşdırılan, əsas mənbəyi “Şahdəniz”in ikinci layihəsi olan TAP-ın səhmdarları İsveçrənin “AXPO”, Norveçin “Statoyl” və Almaniyanın “E.ON Ruhrqas” şirkətləridir. TAP layihəsinin ölkələr arasında əlaqələrin inkişafına böyük töhfə verəcəyinə əminlik ifadə olunur. “TAP Azərbaycan, Yunanıstan, İtaliya və və Albaniya arasında münasibətləri daha da gücləndirəcəkdir. Biz Xəzər dənizi, Qafqaz və Avropanın yeni geniş regional əməkdaşlıq formatını yaradacağıq. Bu, bizim hamımıza fayda verəcəkdir. TAP layihəsinin reallaşması nəticəsində çoxlu işlər olacaq, minlərlə yeni iş yeri yaradılacaqdır. Bu da Azərbaycana Avropa bazarına enerjini təchiz etmək üçün yeni marşrutun yaradılmasından ibarət strateji məqsədləri tam yerinə yetirmək imkanını verəcəkdir” söyləyən dövlətimizin başçısı İlham Əliyev bildirir ki, biz bu məqsədə nail olacağıq, çünki bu günədək işlər qrafik üzrə gedir. İtaliya rəsmiləri də Azərbaycan qazının Avropaya nəqli üçün TAP-ın seçilməsini alqışlayaraq bildirmişdilər ki, bu, Avropanın enerji təhlükəsizliyi və rəqabət qabiliyyətinin gücləndirilməsi, eləcə də İtaliyanın aparıcı ticarət tərəfdaşlarından olan Azərbaycanla ikitərəfli münasibətlərin genişləndirilməsi yolunda mühüm addımdır.

İtaliya Prezidenti Sercio Mattarellanın Azərbaycana səfəri çərçivəsində keçirilən görüşlərdə də Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təminatında rolundan geniş bəhs edilərək, bu inam ifadə edilmişdi ki, Azərbaycanın qarşıdakı illərdə bu rolunu daha da artıracaq. “İtaliya bizim üçün birinci ticarət tərəfdaşıdır. Azərbaycan böyük həcmdə neftini İtaliya istiqamətinə göndərir, enerji sahəsində çox gözəl əməkdaşlıq var” söyləyən dövlətimizin başçısı İlham Əliyev əminliklə bildirmişdir ki, gələcəkdə bu əməkdaşlıq dərinləşəcək. Azərbaycan tərəfdaş ölkələrlə birlikdə Cənub Qaz Dəhlizini uğurla icra edir. Atılan addımlar Avropa İttifaqı-Azərbaycan əlaqələrinin inkişafı üçün mühüm rol oynayır. Dövlətimizin başçısı İlham Əliyevin məlum səfəri çərçivəsində İtaliya Prezidenti Sercio Mattarella ilə görüşündə də iki ölkə arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün mövcud imkanlara diqqət yönəldilib.

Göründüyü kimi, dünya enerji bazarında mövqeləri möhkəmlənən, investisiya imkanları artan Azərbaycanın təşəbbüsləri dəstəkləndiyi kimi, mövqeləri də möhkəmlənməkdədir. Dövlətimizin başçısı bir məqamı da xüsusi qeyd edir ki, birinci böyük layihələrin icrası nəticəsində bizim şirkətlərimiz, demək olar ki, ayağa qalxa bilmişlər, kapital, təcrübə toplamışlar. Ondan sonra Azərbaycana investisiya qoymağa başlamışlar. Azərbaycanda belə bir şərait yaratmışıq ki, buraya investisiya qoymaq ən sərfəli yoldur. İndi başqa ölkələrə investisiya qoymaq, əlbəttə ki, lazımdır və biz də dövlət kimi bunu edirik.

Neft siyasətinin məntiqi davamı kimi dəyərləndirilən qeyri-neft sektorunun inkişafına dövlətimizin göstərdiyi diqqət və qayğı dövlətimizin başçısı İlham Əliyevin bu və ya digər ölkələrə, həmçinin digər ölkələrin dövlət başçılarının Azərbaycana səfərləri zamanı keçirilən görüşlərdə də xüsusi olaraq vurğulanır. İtaliya Azərbaycanın öz iqtisadiyyatını şaxələndirməsinə çox böyük önəm verir və bu əminlik ifadə edilir ki, İtaliya şirkətləri Azərbaycanda energetika sahəsindən başqa digər sahələrdə də öz fəaliyyətini qura bilər. Azərbaycan İtaliya üçün, İtaliya Azərbaycan üçün çox etibarlı tərəfdaşdır.

Hər bir səfər əməkdaşlığın inkişafında yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilir. Dövlətimizin başçısı İlham Əliyevin İtaliyaya dövlət səfəri münasibətlərdə yeni mərhələnin əsasını qoymaqla yanaşı, Avropa İttifaqı ilə möhkəmlənən əlaqələrimizə də yeni əlavələr edəcək. Eyni zamanda, Azərbaycan reallıqlarının təqdimatına öz töhfəsini verən ikitərəfli əməkdaşlıq əlaqələrinin möhkəmlənməsi əvvəldə qeyd etdiyimiz kimi, xarici siyasətimizin prioritet məsələsi olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyinin dəstəklənməsinə də öz müsbət təsirini göstərir. Dövlətimizin başçısı İlham Əliyevin və İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın mətbuata bəyanatında, həmçinin qəbul olunan Birgə Bəyannamədə də yeganə problemimiz olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi əsas diqqət mərkəzində olmuşdur. Birgə Bəyannamədə İtaliya və Azərbaycanın bir-birinin ərazi bütövlüyünə, suverenliyinə, sərhədlərinin toxunulmazlığına hörmətlə yanaşdığı və bunu dəstəklədiyi vurğulanıb. Münaqişənin Helsinki Yekun Aktı, BMT və ATƏT tərəfindən qəbul edilmiş qətnamə və qərarların əsasında həllinə dəstək ifadə olunub. İtaliya Azərbaycanın ərazi bütövlüyünü, münaqişənin ədalətli və beynəlxalq hüquq əsasında həllini dəstəkləyir. 

Yeganə Əliyeva, “İki sahil”