26 fevral 2020 16:29
1734

Məktəbli Əli Hüseynli: Ermənilər uşaq qatilidirlər

Xocalı soyqırımı Qarabağ müharibəsinin ən faciəvi hadisələrindən biridir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının ağır texnika və şəxsi heyətinin köməyi ilə Xocalını zəbt ediblər. Şəhərin işğalı zamanı bir gecədə vəhşi qətliamın qurbanı olan 613 dinc sakindən 63-ü uşaq olub. Günahsız körpələr, yeniyetmələr amansızlıqla, işgəncələrlə öldürülüb. Xocalıda törədilən qanlı cinayət nəticəsində 76 azərbaycanlı uşaq əlil olub. Kitablardan oxuduğumuz və yaşlılarımızın bizə dedikləri bu faktlar dəhşət hissi doğurur.

Bu fikirləri fevralın 26-da Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar “Ana harayı” abidəsini ziyarət edən Bakı şəhəri 183 nömrəli tam orta məktəbin şagirdi Əli Hüseynli deyib. O vurğulayıb ki, amansız erməni cəlladları bu qətliam zamanı yüzlərlə azyaşlının gözləri qarşısında onların ailə üzvlərinə işgəncələr veriblər. Mən və həmyaşıdlarım Xocalı faciəsini əks etdirən kadrları gördükdə sarsıntı keçiririk. Axı bu cəlladların günahsız insanların, xüsusən də körpələrin və uşaqların həyatına son qoymağa mənəvi haqqı çatmırdı. Ermənilər uşaq qatilidirlər. Onların qətlə yetirdikləri bu uşaqlar yaşasaydılar, bizim kimi məktəbə gedəcək, təhsil alacaq, Vətənə layiqli övlad kimi yetişəcəkdilər. Mən və həmyaşıdlarım hər il şəhidlərimizin xatirəsini yad etmək üçün “Ana harayı” abidəsini ziyarətə gəlirik. Biz heç vaxt bu faciəni unutmayacağıq. Çünki Xocalı soyqırımı bizim qan yaddaşımızdır. Faciəmizi unutsaq tarix bizə bu səhvi bağışlamaz! //AZƏRTAC