22 fevral 2019 18:28
782

Müxalifətin taktikası boğulmuş insanın çırpıntılarına bənzəyir Ekspert

Son günlərdə Prezident İlham Əliyev əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı bir sıra mühüm Fərman və sərəncamlar imzalayıb. Hər zaman düşmən dəyirmanına su tökən AXCP sədri Əli Kərimli, “Milli Şura”nın sədri Cəmil Həsənli, həmçinin bir qrup siyasi mühacir isə sosial şəbəkələrdə özlərinin ənənəvi amplualarında qalaraq nankorcasına bu addımların məhz müxalifətin 19 yanvar mitinqinin təsiri ilə atıldığını bildiriblər.

Məsələ ilə bağlı qəzetimizə açıqlama verən internet-media eksperti Səbuhi Abbasov söylədi ki, bu gün Azərbaycanda özünü müxalifət adlandıran bir sıra qruplaşmalar, birmənalı şəkildə xaricdə fəaliyyət göstərən, özünü mühacir siyasətçi hesab edən insanlar və eyni zamanda, anti-Azərbaycan qüvvələr var: “Hansı ki, Azərbaycana qarşı böyük oyunlar qurulub. Bunların hamısının strategiyası demək olar ki, bir-biri ilə eynidir. Yəni söhbət burada nədən gedir? Bu insanlar əvvəla bir problemdən danışmağa başlayırlar. Sonra görürlər ki, dövlət bu problemi həll etdi. Buna görə də deməyə söz qalmayanda nankorcasına vurğulayırlar ki, biz deyirik, dövlət həll edir. Yəni, bu, klassik taktikadır. Ona görə də bu taktikanın heç bir əhəmiyyəti yoxdur. Bu taktika boğulmuş bir insanın çırpıntılarına bənzəyir. Bunun başqa bir adı yoxdur”.

S.Abbasov bildirdi ki, məsələnin daha vacib və strateji tərəfləri var: “Ümumiyyətlə, qısa bir nümunə gətirirəm. Əli Kərimli və onun dəstəsi qeyd edir ki, biz yanvarın 19-da mitinq keçirdik. Buna görə də Prezident İlham Əliyev şəhid ailələrini himayəsinə götürdü, onların problemlərini həll etdi. Adi texnoloji bir alətdən istifadə edək. “Google”da “Prezident İlham Əliyevin şəhid ailələrinə olan diqqəti” yazaq və bir axtarış verək. Burada cənab Prezident İlham Əliyevin şəhid ailələri ilə bağlı verdiyi Fərman və sərəncamları, onlara göstərdiyi diqqət və qayğını görəcəyik. Dövlət  başçısı İlham Əliyev artıq uzun illərdir ki, sistematik olaraq şəhid ailələri ilə bağlı müxtəlif qərarlar, Fərman və sərəncamlar verib”.

Ekspert qeyd etdi ki, son olaraq hər bir şəhid ailəsinə 11 min manat birdəfəlik sığortanın ödənilməsi ilə bağlı ölkə başçısı İlham Əliyev son Prezident seçkilərində qalib kimi tribunada çıxış edərkən də demişdi və eyni zamanda, ondan əvvəl platformasında da bəyan etmişdi ki, hər bir şəhid ailəsinə 11 min manat birdəfəlik müavinət ödənilməlidir: “Bundan əlavə, onların ailə-məişət və sosial problemləri həll edilməlidir və s. Təbii ki, bütün bu qərarları icra etmək üçün müəyyən qədər vaxt lazım gəlir. Çünki bu qərarların icra olunması mexanizmləri, yolları, maliyyə tərəfləri, realizəsinin formatları var. Bu mənada vaxt lazımdır. O vaxt yetişəndən sonra artıq həmin qərarların əsasında proses həyata keçirilir və reallaşdırılmış olur. Biz bu günlərdə bir neçə il bundan əvvəl cənab Prezident İlham Əliyevin verdiyi qərarların icrasını görürük. Yəni, belə olan təqdirdə müxalifətin hər hansı bir formada “biz dedik, elədilər” tipli bəyanatlarının verilməsi sadəcə olaraq ürək bulandırmaqdan başqa bir niyyət daşımır”.

Cavid Əkbərov, “İki sahil”