24 iyun 2020 13:07
3088

Neft emalçıları xüsusi karantin rejimində fəaliyyət göstərirlər - FOTO

     Karantin rejimi günlərində və ondan əvvəl tətbiq olunan sosial izolyasiya tədbirləri zamanı fəaliyyəti həyati əhəmiyyət kəsb edən sahələr sırasında SOCAR və onun tərkibinə daxil olan müəssisələr də var. Koronavirus infeksiyası yayılmağa başladığı andan etibarən ölkəmizin neft sektorunda gecə-gündüz çalışan fədakar neftçilərimiz hər zaman olduğu kimi, bu çətin dövrdə də “ön cəbhə”də olaraq, dövlət plan-tapşırıqları uğurla yerinə yetirirlər.

SOCAR-ın bütün müəssisələri koronavirus infeksiyasının yayılmasına qarşı mübarizə tədbirləri çərçivəsində gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Belə müəssisələrdən biri də Heydər Əliyev adına Neft Emalı Zavodudur. Mübarizə tədbirlərinin ən sadə qayqaları zavodun buraxılış darvazasında tətbiq edilir.  Biz bu qaydaların necə həyata keçirildiyini müşahidə etmək üçün buraxılış darvazasının önünə gəlirik.

Saat 0725 qəqiqəni göstərir. Səhər tezdən neft emalçıları işə tələsirlər. İşçiləri işə gətirən avtobuslar bir-bir buraxılış darvazasının qarşısında dayanırlar. Şəhərin müxtəlif yerlərindən işçiləri avtobusla işə gətirilib, sonra işdən evə aparılması zavod müdiriyyəti və Həmkarlar İttifaqı Komitəsinin həyata keçirdiyi ən gözəl sosial tədbirlərdəndir.  Öncə işçiləri zavodu mühafizə edən komandanın mühafizəçiləri qarşılayır və onların buraxılış vəsiqəsini yoxlayır. Sonra zavodun Qazdan xilasetmə dəstəsinin nümayəndələri işçilərin hərarətini ölçür. Tez-tez “buyurun keçin”, “temperaturunuz normaldır” sədaları eşidilir və onlar nəzakətlə zavodun ərazisinə yola salınır. Biz zavodda koronavirus infeksiyasının yayılmasına qarşı mübarizə tədbirlərinə münasibəti öyrənmək üçün işçilərə yaxınlaşırıq. İlk müsahibimiz 13N-li sahənin rəis müavini, Qarabağ müharibəsi veteranı Amil Mirzəyevdir:

- Çalışdığım sahə zavodun texnoloji qurğularının təmiri ilə məşğul olur. Təmirçilərimiz də mart ayından başlayaraq fəaliyyətlərini xüsusi rejimdə davam etdirərək,  müəssisənin müxtəlif istehsat, sahələrində təmir işlərini görürlər.  Çalışırıq ki, sosial məsafənin gözlənilməsi şərti ilə qarşımıza qoyulan tapşırıqları yerinə yetirək. Pandemiyaya qarşı 13N-li sahədə qabaqlayıcı tədbirlər, lazımi sanitar-profilaktik və dezinfeksiya işləri mütəmadi olaraq həyata keçirilir.Bütün girişlər və təmir sahələri, binaları dezinfeksiya məqsədilə xüsusi dispenser və antiseptik materiallar təmin edilmiş və hər gün işçilərə tibbi maskalar verilir. Zavod rəhbərliyi tərəfindən görülən tədbirlər təqdirəlayiqdir. İnanıram ki, tezliklə biz ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə nəinki bu xəstəliyə, həmçinin özgə torpaqlarını zəbt etməklə “dənizdən dənizə” xəstə təfəkkürü ilə yaşayan ermənilərə və onların ordusuna qəlib gələrək torpaqlarımızı işğaldan azad edəcəyik.

Növbəti müsahibimiz 55N-li katalitik krekinq qurğusunun rəis müavini Zakir Kərimovdur:

- Bizim istehsalatda da karantin tədbirləri daha da gücləndirilib və bu gün hər bir əməkdaş imkan olduğu qədər özünü təcrid etmək şərti ilə işləyir. Bu gün mövcud çətinliklərə baxmayaraq, neft emalçılarının üzərinə böyük bir məsuliyyət var. Fəaliyyəti vacib olan texnoloji qurğumuzda işlərin dayandırılmaması, fasiləsiz iş rejiminin təmin edilməsi üçün  bütün səy və qüvvələr səfərbər edilib. Qurğunun  hər bir əməkdaşı qarşıya qoyulan tapşırıqların layiqincə icrası üçün əlindən gələni etməkdədir. Bu cür böhran hallarında  qarşıya qoyulan məsələlər operativ həll olunur. Onu deyim ki,  işçilərə ərzaq paylanılması, maddi köməyə ehtiyacı olan ailələrə yardımlar edilməsini istehsalat kollektivi razılıqla qarşılayıb.

Qeyd edim ki, SOCAR prezidenti Rövnəq Abdullayev və şirkətin rəhbər heyətinin zavodda olub, koronavirus pandemiyasının neft emalçılarına yarada biləcəyi təhlükənin qarşısını almaq məqsədilə aparılan profilaktik tədbirlərlə yerində tanış olaraq, xüsusi diqqət göstərməsi sevincimizə səbəb olmuşdur. Elə bu anda Z.Kərimovun qurğuda iş yoldaşı, baş operator Ziyad Qasımov bizə yaxınlaşır və fikirlərini bizimlə bölüşür:

-Pandemiya dövründə qurğuda fəaliyyətimiz üçün bütün tədbirlər görülüb. İndi qalır işimizi məsuliyyətlə yerinə yetirək. Hər gün tibbi maskalarla təmin olunuruq. Maska taxmaqda heç bir çətinlik çəkmirik. Artıq bir neçə aydır ki, tibbi maskadan istıfadə edirik. Öyrəşmişik. Başa düşürük ki, maska taxmaqla ilk növbədə özümüzü, iş yoldaşlarımızı, o cümlədən ailəmizi virusdan xilas etmiş oluruq. Görüntü xatirinə maska taxaraq ağız, burnunu örtməyən məsuliyyətsiz iş yoldaşlarımıza iradlarımızı bildirməkdən çəkinmirik. Bu xəstəliyin bizi nə vaxt tərk edəcəyini heç kim söyləyə bilməz. Bircə onu bilirəm ki, səbr, təmkinlə konovirusun ən sadə qaydalarına, - tibbi maska taxmaq, sosial məsafə saxlamaq, gigeyinik qaydalara riayət etməklə bu bəladan tezliklə qurtulmaq olar. Axı, bir də biz vaxtılə “quş qripi” dövrünü yaşamış insanlarıq.     

Müsahiblərimizə gözəl iş günü arzulayaraq onlardan ayrılırıq. İnanırıq ki, tezliklə bütün bəşəriyyəti bürümüş bu bəla xalqımızın üzərindən götürüləcək və insanlarımız yenidən o gözəl günlərinə qayıdacaq.

Şamil Həşimov,

“Neftayıran” qəzetinin redaktoru