10 yanvar 2018 16:45
537

“Caspian European Club”un ekspert şurasının iclası keçiriləcək

Yanvarın 17-də “Caspian European Club”un ekspert şurasının qapalı iclası keçiriləcək.

Bu barədə AZƏRTAC-a “Caspian European Club”un baş icraçı direktoru Mustafa Abbasbəyli məlumat verib. Onun sözlərinə görə, toplantıda müəyyən instansiyalara göndəriləcək vergi, gömrük, bank və sığorta sahələri ilə bağlı təkliflər paketi müzakirə ediləcək və təsdiqlənəcək.

M.Abbasbəyli qeyd edib ki, “Caspian European Club”un ekspert şurası beynəlxalq təcrübəni nəzərə alaraq klubun üzv şirkətləri ilə birgə Azərbaycanda sahibkarlığın inkişafı və tənzimləyici dövlət orqanlarının müdaxilələrinin aradan qaldırılması üzrə müntəzəm təkliflər hazırlayır.

O, həmçinin xatırladıb ki, ötən il Azərbaycan Respublikasının Prezidenti, “Caspian European Club”un sədri İlham Əliyevə tənzimləyici dövlət orqanları tərəfindən özəl sektor şirkətlərində aparılan yoxlamaların dayandırılmasının daha iki il müddətinə uzadılması təklifinə baxmaq xahişinin əks olunduğu məktub ünvanlanıb.

“Biz Azərbaycanda sahibkarlıq fəaliyyətinin yoxlanılması ilə bağlı moratoriyanın müddətinin 2021-ci il yanvarın 1-dək uzadıldığı üçün ölkə Prezidentinə minnətdarıq”, - deyə M.Abbasbəyli qeyd edib.

“Əvvəllər hesabatları və təkliflər paketini Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya ildə iki dəfə təqdim edirdik. İndi ölkədə həyata keçirilən islahatlarla əlaqədar hesabatların dövriliyi artıb. Hesabatlar və təkliflər paketi iqtisadiyyatın müxtəlif sahələrini əhatə edir və dövlət qurumlarının özəl sektorun fəaliyyətinə müdaxilələri ilə bağlı real vəziyyəti əks etdirir”, - deyə o söyləyib.

“Təkliflərimizin böyük hissəsi qəbul edildiyi üçün minnətdarıq. Bu, “Caspian European Club”un ekspert şurasının fəaliyyətinin səmərəliliyindən xəbər verir”, - deyə M.Abbasbəyli qeyd edib.

“Caspian European Club” 2002-ci ilin iyununda Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi ilə yaradılıb. Yarandığı ilk gündən “Caspian European Club” neft sahəsindən əldə olunan gəlirlərin qeyri-neft sektorunun inkişafına cəlb olunmasına yardım edir. Sıralarında 5 mindən artıq şirkət və təşkilatı cəmləyən “Caspian European Club” dünyanın 70 ölkəsində fəaliyyət göstərir, dövlət qurumları ilə özəl sektor arasında dialoqun dəstəklənməsi istiqamətində fəal iş aparır.