KÖŞƏ

Qvami Məhəbbətoğlu

Nikol Paşinyan necə “yalançı Nikol” oldu?

18 aprel 2019 10:47
5600

Ermənistanda ictimai-siyasi vəziyyət daha da gərginləşməkdə davam edir. Bitib-tükənməyən problemlərdən, həm də Paşinyan hakimiyyətinin özbaşınalıqlarından cana doymuş əhali artıq ayağa qalxmaqdadır. Məsələn, Armavir vilayətinin Zartonk kəndinin sakinləri pay torpaqlarının qeyri-qanuni yolla əllərindən alınmasına etiraz ediblər. Bu aksiya zamanı insident də baş verib; nəticədə 7 nəfər yaralanıb. Srağagün isə İrəvanın mərkəzində baş vermiş hadisə zamanı 3 nəfər güllə yarası alıb. Onlardan biri həyatını itirib. Ölən şəxsin  “Ararat-2” futbol komandasının qapıçısı olduğu bildirilir.

Baş nazir Nikol Paşinyanın “Çiçəklənən Ermənistan” Partiyasının lideri Qaqik Sarukyana məxsus, Ermənistanın inşaat sektorunun 80 faizini əhatə edən “Araratsement”in rentabelli olmadığını əsas gətirərək müəssisənin fəaliyyətinin dayandırılması ilə bağlı verdiyi göstəriş isə daha kütləvi etirazlara  səbəb olub. Etirazçılar bildiriblər ki, Nikol Paşinyan eşitsin və agah olsun ki, əgər zavod bağlanarsa, onda Ararat bölgəsinin sakinləri İrəvanın küçələrində “Paşinyana yox” şüarları ilə daha irimiqyaslı nümayişlər  keçirəcəklər.

İşğalçı ölkənin bəzi vətəndaş cəmiyyətlərinin fəalları da artıq hərəkətə keçiblər. Belə ki, onlar açıq-aşkar Nikol Paşinyanın hakimiyyətə yalan vədlərlə gəldiklərini dilə gətirir, üstəlik, “Yalançı Nikol” şüarları ilə İrəvanın mərkəzi küçələrində peyda olurlar. Təqiblərə baxmayaraq, iştirakçılar aksiyaları davam etdirmək niyyətindədirlər.

Artıq narazılıq Ermənistan parlamentinə, media və siyasi dairələrə də sirayət etməkdədir. Buna da Nikol Paşınyanın növbəti yalanları rəvac verib. Belə ki, Paşinyan bu günlərdə Avropa Şurası Parlament Assambleyasının tribunasından son 10 ayda ölkədə 50 mindən çox yeni iş yerinin açıldığını bildirib. Bunu da “məxməri inqilab”ın Ermənistana “bəxş etdiyi töhfə” kimi dəyərləndirməyə çalışıb. Ermənistan Statistika Komitəsinin təqdim etdiyi sənədlərdə belə rəqəmin olmadığını və ölkədə işsizliyin tüğyan etdiyini əsas gətirən “İrs” Partiyası hökumət başçısından həmin iş yerlərinin harada açıldığına aydınlıq gətirməsini tələb edib. Bütün bu addımlar Serj Sarkisyanın lideri olduğu Ermənistan Respublikaçılar Partiyasında da bir canlanma yaradıb.

Ekspert Araz Aslanlı mövzu ilə bağlı “İki sahil” qəzetinə açıqlamasında bildirdi ki, bu yaxınlarda Nikol Paşinyanın hakimiyyətə gəlməsinin bir ili tamam olacaq: “Amma bu müddətdə Ermənistanın baş naziri xalqına gün ağlaya bilməyib. Nikol Paşinyan nə ölkə daxilində, nə də beynəlxalq aləmdə demək olar ki, heç bir uğura imza atmayıb. Əksinə, son aylar Ermənistanda səfalət içində yaşayanların sayı artıb. Ağır həyat şərtlərinə dözə bilməyənlər isə miqrasiyaya üstünlük veriblər. Yəni, onun   hakimiyyətə gəlməsindən sonra sosial-iqtisadi sahə üzrə də müsbət yöndə hər hansı bir yenilik qeydə alınmayıb. Halbuki Nikol Paşinyan küçə yürüşlərində, meydanlarda əhalinin  bütün problemlərini həll edəcəyəni söyləmişdi. Odur ki, indi Nikol Paşinyanın adı  “yalançı Nikol” kimi hallandırılır. Şübhəsiz, vəziyyət belə davam edə bilməz. Bütün bunlar isə o deməkdir ki, işğalçı ölkədə hər an daha güclü sosial partlayışların olacağı istisna edilmir”.

Araz Aslanlı, həmçinin bildirdi ki, son günlər Nikol Paşinyan hakimiyyəti ölkədəki sosial problemlərin həllinə qismən nail olmaq məqsədi ilə Türkiyəyə yaxınlaşmağa cəhd edir. Lakin onların bu səyləri də bir səmərə vermir və verməyəcək də. Aprelin 16-da İrəvanda keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının 52-ci iclasında iştirak edən AKP-nin millət vəkili Mətin Gündoğdu ermənistanlı jurnalistlərin suallarını cavablandırarkən bir daha bəyan edib ki, Türkiyənin Ermənistanla münasibətləri normallaşdırması üçün yeni hökumətin Azərbaycanla olan problemləri həll etməsi vacibdir. Bu isə bir daha o deməkdir ki, Ermənistanın sosial bəlalardan xilas yolu  rəsmi Bakıdan keçir”.