07 noyabr 2019 19:41
2574

Nümunəvi dərslər şagird, müəllim və alim arasında elmi-pedaqoji körpüdür

“Təhsil millətin gələcəyidir” deyən ümummilli liderimiz Heydər Əliyev Azərbaycanda təhsil sahəsinə həmişə böyük diqqət yetirmiş və ona qayğı göstərmişdir. Hazırda dahi liderin təhsillə bağlı siyasəti cənab Prezident İlham Əliyev və  Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilməkdədir.

Naxçıvan Muxtar Respublikasında da təhsilin hərtərəfli inkişafı üçün sistemli tədbirlər həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqəti və qayğısı ilə muxtar respublikada təhsil sahəsində aparılan sürətli quruculuq tədbirləri də dövlətimizin yürütdüyü siyasətin böyük töhfələri kimi qiymətləndirilə bilər. Muxtar respublikamızda həyata keçirilən təqdirəlayiq təhsil siyasətinin parlaq təzahürlərindən biri də ümumtəhsil məktəblərində nümunəvi dərslərin təşkilidir. Bu baxımdan “Naxçıvan Muxtar Respublikasının elm, ali və orta ixtisas təhsili müəssisələri ilə ümumtəhsil məktəbləri arasında əlaqələrin təşkili haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 14 mart 2015-ci il tarixli Sərəncamı böyük əhəmiyyət daşıyır. Sərəncama əsasən, Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin, eləcə də ali və orta ixtisas təhsili müəssisələrinin elmi dərəcəsi və elmi adı olan alimlərinin iştirakı ilə muxtar respublikanın ümumtəhsil məktəblərində  beş ilə yaxındır ki,  nümunəvi dərslər təşkil edilir. Hər alim tərəfindən ayda bir dəfə aparılan belə nümunəvi dərslər həm elmi dərəcəsi olan müəllimlərlə orta təhsil müəssisələri arasındakı əlaqələri gücləndirir, eyni zamanda, şagirdlərdə tədris olunacaq fənlərə qarşı yeni yanaşma tərzi aşılayır, onların gələcək peşə seçimlərində düzgün qərar vermələrinə müsbət təsir göstərir. Sərəncamdan irəli gələn vəzifələrin icrasına uyğun olaraq, müxtəlif ixtisaslar üzrə elmi dərəcəyə malik kadrların - elmlər və fəlsəfə doktorlarının məhz vaxtilə təhsil aldıqları, məzunu olduqları ümumtəhsil məktəblərində tədrisə cəlb olunması müəllim-şagird kontingentində doğmalıq hissi ilə yanaşı,  tədris mühitində yeni ab-havanın yaranmasına da öz təsirini göstərir. Həmçinin orta məktəblərdə nümunəvi dərslərin təşkili yeni, gərəkli və davamlı bir tədbir olmaqla, bütövlükdə, təhsildəki sistematikliyin, ardıcıllığın möhkəmlənməsi, qarşılıqlı əlaqələrin, təcrübə mübadiləsinin daha da dərinləşməsi, yeni nəsillərin hərtərəfli hazırlığı vəzifəsinə layiqincə xidmət göstərir.

Nümunəvi dərsin digər müəllim tərəfindən tədris olunması şagird üçün ona görə maraqlıdır ki, hər müəllimin özünəməxsus pedaqoji bacarığı olur və dərslər həmişəkindən fərqli atmosferdə keçir. Həm də məktəbli düşünür ki, bizə bu dərsləri keçən alimlər də vaxtilə bu məktəbdə oxuyublar, ilk biliklərini buradakı sinif otaqlarında mənimsəyiblər. Bu, artıq şagird üçün əlavə motivasiya mənbəyi olur. Məktəbin həm pedaqoji heyəti, həm də şagirdlər nümunəvi dərslərə böyük maraq göstərirlər. Şagirdlərin dərs boyu fəallıq göstərməsi, sinifdə müəllim və şagirdlər arasında fikir mübadiləsinin aparılması keçilən dərsin, həqiqətən, nümunəvi olmasından xəbər verir. Biz isə üzərimizə düşən vəzifəni layiqincə yerinə yetirməyə çalışırıq. Şagirdləri yeni elmi fikirlərdən xəbərdar etməklə yanaşı, apardığımız tədqiqat işlərinin nəticələri ilə də  tanış edir, onların əldə etdiyi biliklərin yaradıcı müzakirəsinə və təhlilinə səy göstərir, həm də şagirdlərdə vətənimizə, onun dəyərlərinə məhəbbət hisslərini təlqin etməyə, hərtərəfli yetişmələrinə çalışırıq. 

Düşünürəm ki, məktəblərimizdə elmi dərəcəsi olan müəllimlərin nümunəvi dərslərə cəlb edərək belə dərslərin təşkili həm həmin məktəbin yetirmələri ilə əlaqələrin gücləndirilməsinə, həm də keçilən dərslərin daha maraqlı təşkil olunmasına imkan yaradır. Habelə bu, tədrisdə yeni keyfiyyətlərin qazanılmasına, müəllim və şagirdlərin qarşılıqlı fikir mübadiləsində birgə iştirakına, fərqli dərs mühitinin yaradılmasına imkan verir. Bizim  əsas məqsədlərimizdən biri də odur ki, şagirdlər öz alim-müəllimləri ilə əməkdaşlıq edə bilsin. Bu baxımdan müəllim qismində çıxış edən alimlər olaraq biz şagirdləri yaradıcı düşünməyə, öz potensial imkanlarına inam yaratmağa, tədqiqatçılığa istiqamətləndirməyə  çalışırıq.

Bu cür dərslərdə iştirak etməyimiz biz alimlərə də böyük zövq verir. Mən də digər alim həmkarlarım kimi nümunəvi dərs demək üçün  ayda bir dəfə 11 il təhsil aldığım məktəbə böyük həvəslə gedirəm. Bir zamanlar şagirdi olduğum Kəngərli rayonu Qarabağlar kənd 2 nömrəli tam orta məktəbində hazırda yaradılmış  hərtərəfli şərait, mükəmməl maddi-texniki baza məni qəlbən çox sevindirir. İndi muxtar respublikamızın ən ucqar rayon və kəndlərində müasir tələblərə cavab verən məktəblər şagird və müəllim heyətinin istifadəsinə verilib. Bu müasir tipli məktəblər müstəqillik dövründə cəmiyyətimizin qazandığı ən böyük nailiyyətlərdəndir. Bunu da qeyd etmək lazımdır ki, yeni məktəblərin tikilməsi ilə yanaşı, həm də maddi-texniki bazanın möhkəmləndirilməsi, yeni təlim-tədris metodlarının tətbiq olunması da uğurla həyata keçirilib. Bütün bunlar təhsilimizi dünya standartları səviyyəsinə qaldırmağa xidmət edir. Bizim oxuduğumuz dövrdə tədris şəraiti belə olmayıb. Təhsildə böyük çətinliklər yaşamışıq. Ancaq buna baxmayaraq yaxşı oxuyaraq müxtəlif sahələrdə öz fəaliyyətimizi davam etdiririk. Mən dərs dediyim şagirdlərə tövsiyə edirəm ki, siz  daha yaxşı oxumalı, yaradılmış bu şəraitdən layiqincə istifadə etməlisiniz. Biz elm adamları, təhsil işçiləri, tələbə və şagirdlər yaradılan imkanlardan məharətlə faydalanmalıyıq.  Unutmamalıyıq ki, bir xalq yalnız savadlı cəmiyyəti, inkişaf etmiş elmi ilə qürur duya bilər. Yalnız  bilikli, uzaqgörən cəmiyyətlə irəli getmək, uğurlara nail olmaq, ölkəni tanıtmaq mümkündür.

Əminəm ki, şagirdlərlə alimlər arasındakı bu mədəni körpü təhsilimizin ümumi inkişafına öz müsbət təsirini göstərəcəkdir. Əlbəttə, unutmuruq ki, bu günün şagirdi sabahın alimi, hakimi, həkimi və başqalarıdır. Bu mənada ölkəmizdə təhsilə, elmə, xalqımızın gələcəyinə göstərilən dövlət qayğısını minnətdarlıq hissi ilə qarşılayırıq.

Zülfiyyə İsmayıl,

AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat
İnstitutu Dilçilik şöbəsinin aparıcı elmi işçisi,
filologiya üzrə fəlsəfə doktoru, dosent