07 iyul 2020 10:04
981

Ölkəmizə olan böyük etimadın və hörmətin növbəti göstəricisi

Prezident İlham Əliyevin təşəbbüslərinin dəstəklənməsi beynəlxalq miqyasda Azərbaycana olan etimadın göstəricisidir

Dünya müharibəsi ilə müqayisə olunan COVID-19 pandemiyası şəraitində özünü təcrid xarakter daşıyan tədbirlər əvəzinə, qlobal həmrəyliyə və qlobal baxışa zəruri ehtiyac olduğunu bildirən Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikası tərəfindən regional və qlobal səviyyədə koronavirusa qarşı mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə təşəbbüslər irəli sürülür və əməli addımlar atılır. Ölkəmiz COVID-19-a qarşı mübarizədə qlobal həmrəyliyin nümunəsi kimi Ümumdünya Səhiyyə Təşkilatına könüllü ianə ayırıb, 30-dan artıq dövlətə humanitar yardım edib.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Yeni Azərbaycan Partiyası Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya bildirib.

Pandemiyanın ciddi sağlamlıq problemləri ilə bərabər sarsıdıcı qlobal sosial-iqtisadi və humanitar təhlükələr yaratdığını vurğulayan F.Şadlinskaya deyib: “Bu gün bu təhlükələrin qarşısının alınması üçün böyük dövlətlərin və beynəlxalq təşkilatların qlobal liderliyinə böyük ehtiyac var. BMT-dən sonra dünya dövlətlərinin təmsil olunduğu ikinci ən böyük siyasi təsisat olan, tərkibində 120 ölkəni birləşdirən Qoşulmama Hərəkatının (QH) sədri kimi Prezident İlham Əliyevin təşəbbüsü ilə bu il mayın 4-də keçirilən QH-nin Təmas Qrupunun COVID-19 pandemiyasına həsr edilmiş onlayn Zirvə Görüşündə Qoşulmama Hərəkatının üzv dövlətləri ilə yanaşı, BMT-nin Baş Katibi, BMT Baş Assambleyasının Prezidenti, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru, Afrika İttifaqı və Avropa İttifaqının yüksək çinli nümayəndələri də iştirak etdilər. Zirvə görüşündə Prezident İlham Əliyev çıxışı zamanı qlobal həmrəyliyin nümunəsi kimi pandemiya ilə mübarizə məqsədilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifini irəli sürdü. Təklif Nyu-Yorkda QH-yə üzv 120 ölkə arasında yekdilliklə razılaşdırılıb və bunun ardınca QH-nin sədri Prezident İlham Əliyev Hərəkata üzv ölkələri adından BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə BMT baş katibi Antonio Quterreşə müraciət ünvanlayıb. BMT-yə üzv 130 dövlət tərəfindən Qoşulmama Hərəkatının sədri statusunda Prezident İlham Əliyevin BMT Baş Assambleyasının Xüsusi sessiyasının keçirilməsi barədə təşəbbüsünün dəstəklənməsi beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə olan böyük etimadın və hörmətin növbəti göstəricisidir.

Bu təşəbbüsə qarşı çıxış edən yeganə dövlət Ermənistan olub. Bütün dünya COVID-19-a qarşı mübarizədə qlobal həmrəyliyin vacibliyini vurğuladığı halda, Ermənistan qlobal xarakter daşıyan bu təşəbbüsə qarşı çıxış etməklə BMT sistemində və dünya dövlətləri arasında özünü rüsvay edib. Bütün dünya bir daha Ermənistanın əsl irticaçı mahiyyətinin şahidi oldu. Təşəbbüsü dəstəkləyən ölkələr dünyanın bütün regionlarını əhatə edir. Onlar arasında BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən tutmuş kiçik ada ölkələrinə qədər var. Dövlətlər tərəfindən bu məsələ ilə əlaqədar BMT Baş Katibinə ünvanlanan məktublarda Prezident İlham Əliyevin Baş Assambleyanın Xüsusi sessiyasının keçirilməsi ilə bağlı təşəbbüsünün vaxtında verilmiş və çox ehtiyac duyulan təşəbbüs olduğu vurğulanır. Dünya dövlətləri bu təşəbbüsü alqışlayır və bildirilir ki, Xüsusi sessiyanın əhəmiyyəti çox böyükdür və COVID-19 pandemiyasının davam etməsi bir daha onu göstərir ki, dünya ölkələrinin dövlət və hökumət başçıları səviyyəsində dünya parlamenti adlandırılan BMT Baş Assambleyasının Xüsusi sessiyası çərçivəsində təcili və təxirə salınmadan bir araya gəlməsinə, dünyanı bürüyən COVID-19 bəlasından çıxış yollarını müzakirə etməsinə və həll yollarının tapılmasına böyük ehtiyac və tələbat var. Bu sessiya pandemiya qarşısında beynəlxalq ictimaiyyətin tam olaraq səfərbər olunmasına şərait yaradacaq və bu qlobal təhdidə qarşı qlobal cavabın tapılmasına öz müsbət töhfəsini verəcək. Ötən dövr göstərir ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin QH-də sədrliyi dönəmində dövlətimiz dünya ölkələrinin ümumi təhdidlər qarşında birləşməsinə və qlobal həmrəyliyin gücləndirilməsinə yönəlmiş fəaliyyətini daim davam etdirəcək. Bütün Azərbaycan xalqı qürur hissi keçirir və fəxr edir ki, onun dövlət başçısı yalnız öz xalqının deyil, bütün bəşəriyyətin sağlamlığını düşünür və bu fonda qlobal problemlərin həllində dünya birliyinin və həmrəyliyinin ən böyük təşəbbüskarıdır”.