22 sentyabr 2020 17:30
724

Pandemiya şəraitində valyuta ehtiyatları: Azərbaycanda və dünya ölkələrində

Bu gün bir çox dünya ölkələrində karantin rejiminin qismən yumşaldılması ilə qlobal iqtisadi fəallıqda müəyyən yaxşılaşma müşahidə edilsə də, strateji valyuta ehtiyatlarının azalması davam edir. Baxmayaraq ki, yumşaldılma tədbirləri ilə əlaqədar valyuta ehtiyatlarının azalması prosesinin dayanması ilə bağlı müəyyən gözləntilər var idi, amma bunlar hələ ki, özünü doğrultmur.

Epidemiyanın ikinci dalğası gözləntiləri fonunda bərpa prosesi çox ləng gedir. Sentyabrın əvvəlində dünya maliyyə bazarlarında, o cümlədən ticarət tərəfdaşı olan ölkələrin valyuta bazarlarında dalğalanmalar yenidən yüksəlib.

Ancaq pandemiya ilə bağlı aşağı neft qiymətlərinə baxmayaraq, Azərbaycanın strateji valyuta ehtiyatları azalmır, az da olsa artır. Bu proses avqust ayında da davam edib. Avqustda “Brent” markalı neftin orta qiyməti 45 dollar olduğu halda, sentyabrın ötən dövründə 42.1 dollara enib. Dünyanın bir çox ölkəsində karantin rejiminin qalması neftə tələbatın davamlı bərpasına mane olur. Ancaq aşağı neft qiymətlərinə baxmayaraq, ilin əvvəlindən ölkəmizin xarici ticarət balansı profisitli qalır ki, bu da strateji valyuta ehtiyatlarının artmasına şərait yaradır. Hazırda Azərbaycanın strateji valyuta ehtiyatları 51,4 milyard dollar təşkil edir. Bu isə ilin əvvəli ilə müqayisədə 0,6 faiz çoxdur. Mərkəzi Bankın valyuta ehtiyatları isə ilin əvvəlindən 3,7 faiz artıb.

Bu baxımdan pandemiya şəraitində Azərbaycanın sahib olduğu sözügedən üstünlüyün əhəmiyyətini ekspertlər yüksək dəyərləndirirlər. Strateji valyuta ehtiyatlarının qorunub saxlanması Azərbaycanın iqtisadi təhlükəsizliyi baxımından çox vacibdir. Pandemiya xarici şok olaraq bir sıra çağırışları yenidən gündəmə gətirdi. Onlardan biri də strateji ehtiyatların qorunub saxlanması və xarici şoklar baş verən zaman onlardan istifadə edilməsidir. Müşahidələr göstərir ki, Azərbaycan bu istiqamətdə çox düşünülmüş siyasət həyata keçirir. Təkcə Neft Fondunun aktivləri 43 milyard dollardan çoxdur. Nəzərə almaq lazımdır ki, ümumilikdə, indiyə qədər Neft Fondundan dövlət büdcəsinə 105 milyard manatdan artıq vəsait transfert edilib. Eyni zamanda, Neft Fondu birbaşa olaraq bir sıra layihələrin maliyyələşdirilməsində iştirak edir. O cümlədən məcburi köçkün və qaçqınların mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı birbaşa ayırmalar həyata keçirir. Belə çətin dövrdə strateji valyuta ehtiyatlarımızın artması çox mühüm göstəricidir.

Valyuta ehtiyatlarının artması növbəti dövrlərdə xarici şokların təsirlərini minimumlaşdırmaq baxımından vacib hesab olunur. 2014-cü ildən sonra həyata keçirilən siyasət strateji valyuta ehtiyatlarımızın qorunmasında mühüm rol oynayıb. Bu, xarici şoklar baş verən zaman daha çevik reaksiya verməyə imkan yaradır. Bu baxımdan həyata keçirilən islahatlar, görülən digər işlər mühüm əhəmiyyət kəsb edir. Son beş ildə dərinləşən islahatlar, nəticə etibarilə imkan verdi ki, Azərbaycan mövcud maliyyə imkanları ilə pandemiyanın təsirlərini minimumlaşdırmaqda daha çevik reaksiya verən ölkələrdən biri olsun. Bütün bunlar göstərir ki, növbəti dövrlərdə də Azərbaycan pandemiyanın təsirlərini minimumlaşdıra biləcək.

Cavid Əkbərov, “İki sahil”