KÖŞƏ

Qvami Məhəbbətoğlu

Paşinyanın fəaliyyətinə nöqtə qoyulacağı gün o qədər də uzaqda deyil

09 oktyabr 2019 18:49
1876

Artıq Nikol Paşinyanın istər xaricdə, istərsə də ölkə daxilindəki çıxışları, səsləndirdiyi fikirlər, bu və digər görüşdə hərəkətləri həm onun özünü, həm də Ermənistanı gülünc vəziyyətə salıb. Elə bu səbəbdən onun adının qarşısında o qədər də xoş olmayan müxtəlif ləqəblər işlədilməkdədir. Bütün bunlar onun nüfuzunun getdikcə daha da aşağı düşməsinə səbəb olmaqdadır. Məsələn, bu günlərdə İrəvanda keçirilən Avrasiya İqtisadi İttifaqının Sammiti çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə “dərdini” bölüşməyə cəhd edən Nikol Paşinyan ürəyindəki niyyətlərin heç də hamısını Rusiyanın dövlət başçısına çatdıra bilmədi. Bu isə Paşinyanla bağlı yeni mövzulara, daha doğrusu, siyasi lətifələrə start verdi. Belə ki, Vladimir Putinin hazırda həbsdə olan sabiq prezident Robert Koçaryanın arvadı Bella Koçaryanla Rusiyanın İrəvandakı səfirliyində bir saatdan çox görüşü oldu. Bu görüşü Ermənistan mətbuatı “Nikol Paşinyanın Putinin yanında Bella qədər hörməti yox imiş” kimi ifadələrlə şərh etdi. Nikol Paşinyanın yolasalma mərasimində Vladimir Putini bərk-bərk qucaqlamaqla aralarında soyuq münasibətlər olmadığını nümayiş etdirməyə cəhd göstərməsi də birmənalı qarşılanmadı. Jurnalistlər onun Putini təyyarənin trapından yola salarkən qucaqlamasını icdiyi bir şüşə konyakın təsiri ilə əlaqələndirdilər. Yeri gəlmişkən qeyd edək ki, Rusiyanın “News Media” Nəşriyyat Evinin erməni əsilli rəhbəri Aram Qabrelyanov Paşinyanı bu kimi hərəkətlərinə görə “saqqallı kloun” kimi xarakterizə edib. Vladimir Putinin də verdiyi reaksiya erməni baş nazirin həqiqətən də “saqqallı kloun” olduğunu bir daha təsdiqlədi.

Nikol Paşinyanın “Qarabağ Ermənistanın hissəsidir və nöqtə” sözlərinin cəfəngiyyatdan başqa bir şey olmadığını Soçidə dünyanın məşhur “beyin mərkəzləri”ndən biri olan “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında faktlarla əsaslandıran Azərbaycan Prezidenti İlham Əliyev bildirdi ki, dünya tərəfindən həm Aran, həm də Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsi kimi tanınıb: “Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi”. Paşinyanın açıqlamalarını kölgədə qoyan bu ifadələr Azərbaycan Prezidentinin Ermənistana, eləcə də Nikol Paşinyana vurduğu növbəti siyasi-diplomatik zərbə kimi tarixə düşdü. Ekspertlərin sözləri ilə desək, bununla Ermənistanın, eləcə də onun baş nazirinin beynəlxalq səviyyədə ifşası istiqamətində növbəti uğurlu addım atıldı.

Bu da ermənilər tərəfindən birmənalı qarşılanmadı. Hətta erməni bloggerləri sosial şəbəkələrdə beynəlxalq tədbirlərdə digər ölkələrin başçıları ilə selfi çəkdirməsini yerli ictimaiyyətə Ermənistanın “xarici siyasət uğuru” kimi sırımağa çalışan və elə buna görə də rişxəndlə “selfi diplomatiyası”nın əsasını qoyan bir erməni kimi təqdim edilən Nikol Paşinyanı zibil adlandırmaqla yanaşı, onun simasında Ermənistanı parlaq gələcək yox, parlaq ölüm gözləyidiyini qeyd etdilər. Amma Nikol Paşinyan bütün bunları həzm etmək istəmir. Hətta indi Ermənistanda iş o yerə çatıb ki, küçə və meydanlarda haray-həşirlə verdiyi vədlərin heç birini yerinə yetirməyən, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasından yayınan Nikol Paşinyanın ünvanına xoş sözlər deməyənlərin, daha doğrusu, onu tənqid edənlərin təqib edilməsi adi hala çevrilib. Məsələn, bu günlərdə Nikol Paşinyanın əlaltıları Ermənistanda “Əliyevin Paşinyana tutarlı cavabı” sərlövhəli məqaləni dərc etdirən “Aeli” (“Ayna”) saytının baş redaktoru Anjela Tovmasyanın ofisinə basqın ediblər. Hətta Paşinyanın tərəfdarları bir neçə dəfə onun ailəsinə və özünə xəbərdarlıq mesajları da göndəriblər. Rəsmi İrəvan isə belə faktları ört-basdıq etməyə, görməməzliyə vurmağa çalışır. Amma görünən budur ki, artıq Nikol Paşinyanın “islahatlarından”, eləcə də onun sərsəm bəyanatlarından cana duyanların siyasi limiti çoxdan tükənən və gülüş hədəfinə çevirilən baş nazirə tutarlı cavab verəcəkləri və fəaliyyətinə nöqtə qoyacaqları gün o qədər də uzaqda deyil.