12 noyabr 2019 11:34
693

"Qarabağ"ın ev oyunlarındakı uğurlu seriyası qırılıb

“Qarabağ” klubunun Azərbaycan Premyer Liqasındakı ev oyunlarında uğurlu seriyaları qırılıb. 

"Report"un Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, XI turda “Zirə” ilə 1:1 hesablı heç-heçə edən Azərbaycan çempionu mövsümdə ilk dəfə öz meydanında xal itirib və qol buraxıb.

Qurban Qurbanovun baş məşqçi olduğu kollektiv evdə sonuncu dəfə 2019-cu il martın 9-da xal itirmişdi. Ötən mövsümün “Zirə” ilə qarşılaşmasında qolsuz heç-heçə edən ağdamlılar bundan sonra ardıcıl 8 qələbə qazanıb. “Qarabağ” ötən mövsümdə “Sabah” (3:0), “Keşlə” (3:0), “Səbail” (4:0), cari çempionatda isə “Qəbələ” (3:0), “Neftçi” (2:0), “Sumqayıt” (2:0), “Sabah” (2:0) və “Səbail” (1:0) üzərində qələbələri sıralayıb.
246 gündən sonra evdə xal itkisi ilə üzləşən Ağdam təmsilçisi quru hesabla qalib gəldiyi 8 matç, həmçinin “Zirə” ilə ötən mövsümdəki görüşdə qol buraxmamışdı. Evdə ardıcıl 9 quru oyun keçirən komanda sonuncu dəfə 266 gün əvvəl - fevralın 17-də “Qəbələ”dən qol buraxıb – 2:1.