23 fevral 2019 20:38
536

Qurban Qurbanov: "Bir xal qazandıq və iki xal itirdik"

"Yaxşı və maraqlı oyun alındı. Qələbə qazanmağı çox istəyirdik. Qol epizodları olsa da, istifadə edə bilmədik. 1 xal qazandıq və iki xal itirdik. Bu cür itkilərin olacağını əvvəlcədən demişdim".

"İki sahil" Qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqasının 18-ci turunda "Sabah"la  matçdan (1:1) sonra keçrilən mətbuat konfransında deyib.

Sabiq "Qarabağ"lı Coşqun Diniyevin bugünkü qarşılaşmada uğurlu çıxışını keçmiş komandasına qarşı yüksək motivasiya olunması ilə əlaqələndirən 46  yaşlı mütəxəssis  əvəzetmədən tam istifadə etməməsinə də münasibət bildirib: "Hücumu gücləndirə biləcək iki futbolçu var idi. Zubir də zədəli idi. Oyunun sonlarında qapımızda qol gördük. Matç da istədiyimiz kimi gedirdi. Bu səbəbdən əvəzetmə etmədim".

Qurbanov komandasının qış fasiləsindən sonrakı performansından tam razı qalmadığını da əlavə edib: "Daha yaxşı olmasını, hər oyunçunun yüksək səviyyədə oynamasını istəyirəm. 4 oyunda 12 xal toplamaq istəyirdim. Razı qaldığım və qalmadığım məqamlar var".

Baş məşqçi çempionluq yolunda əsas rəqibləri olan "Neftçi"nin oyunlarına diqqət yetirmədiyini söyləyib: "Əsas öz oyunlarımızı qələbə ilə başa vurmaq istəyirik".