04 avqust 2020 18:57
1130

Seroloji testlər həyata keçirilir

Azərbaycanda əhalinin COVID-19 xəstəliyinə qarşı immunitetinin yaranmasının öyrənilməsi üçün seroloji testlərin  layihəsi həyata keçirilir. Layihənin əsas məqsədi seroloji testlərin aparılması vasitəsilə əhali arasında COVID-19 xəstəliyi keçirdiyinə görə yaranmış immunitetin səviyyəsinin müəyyən edilməsidir.

   Seroloji testlərin keçirilməsi metodologiyası kimi sadə təsadüfi seçmə metodunun tətbiq edilməsi məqsədəuyğun hesab edilir. Bu metoda uyğun olaraq (95% etibarlılıq səviyyəsi və 5% etibarlılıq intervalı ilə), Bakı və Sumqayıt şəhərlərini seçmək və hər şəhərdə 1536 nəfərdən test götürülməlidir. Ölkə üzrə ümumi əhali haqqında nəticələr əldə etmək üçün bu şəhərlərdən əldə olunacaq nəticələr statistik qaydada emal olunacaq. İndiyədək digər ölkələrdə aparılmış analoji təcrübələr virusun ən çox yayıldığı “qaynar nöqtələr” olan konkret şəhərləri (məsələn, Almaniyada Hessisch Oldendorf, İsveçrədə Cenevrə, Çində Uhan, Hindistanda Mumbai, və s.) əhatə etmişdir. Sakinlərin test olunmağa razılıq səviyyəsi aşağı ehtimal ilə (25%) götürülərsə, tələb olunan say qədər test götürmək üçün hər bölgədə təxminən 6000-7500 nəfər hədəflənməlidir. Bu insanlar şəhər sakinlərinin siyahısından sadə təsadüfi qaydada seçilməlidir. Əgər sakinlərin test olunmağa razılıq səviyyəsi arzu olunandan daha aşağı olarsa, tədqiqatın keyfiyyətinə mənfi təsir etməmək şərtilə, müxtəlif maddi təşviq alətləri təklif edilə bilər.

    Layihənin icrasına Operativ Qərargahın tibb və təhlil qrupları, o cümlədən digər maraqlı tərəflər cəlb ediləcək. Layihənin icrası üçün  statistik təhlil və tədqiqat qrupu,  tədqiqat nəticələrinin tibbi şərhləndirilməsi üçün həkim-tibbi ekspert qrupu və testlərin keçirilməsində bilavasitə əməliyyatçı qruplar cəlb edilməlidir. Layihənin icrasına avqust ayının ilk həftəsindən başlamaq və ayın sonunda testləri yekunlaşdırmaq, sentyabr ayının ilk ongünlüyündə isə hesabat təqdim etmək mümkündür. Əldə ediləcək nəticələrdən və strateji hədəfdən asılı olaraq, layihə növbəti aylarda da təkrarlana bilər.

 Seroloji testlərin aparılması ilə minimum son 3 ayda xəstəlik keçirmiş, immunitet qazanmış insanların sayını tapmaq mümkündür. Burada ELİSA testlərinin səhv olma ehtimalına (2-3%) və mövsümi amillərə diqqət yetirilməlidir. Belə ki, testlər eyni ölkə və ya təchizatçıdan alınmalı və eyni laboratoriyada aparılmalıdır. Əgər başqa qrip dalğası da mövcuddursa, testlər arzu olunan nəticələri göstərməyə bilər. Bədəndə əvvəl yoluxma halının olub-olmamasını təyin etmək üçün daha uzunmüddətli dövrdə bədəndə qala bilən IgG-nin yoxlanılması planlaşdırılır.

 Yaqut Ağaşahqızı, «İki sahil»