18 iyul 2019 13:27
579

Şirvan-Salyan avtomobil yolu yenidən qurulur

Prezident İlham Əliyevin tapşırıq və göstərişlərinə əsasən regionların sosial-iqtisadi inkişafı dövlət proqramına uyğun olaraq respubika əhəmiyyətli yollarının yenidən qurulması ilə müasir səviyyəyə çatdırılması sahəsində mühüm layihələrin icrası uğurla davam edir. Onlardan biri də Şirvan-Salyan avtomobil yoludur. Bu yolun yenidən qurulması ilə bağlı həyata keçirilən layihə sübut edir ki, ölkəmizdə avtomobil yollarının tikintisi və yenidən qurulması davamlı xarakter alıb.

Şirvan-Salyan avtomobil yolu uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunurdu. Yol boyu torpaq yatağında, həmçinin örtükdə qabarma və dağılmalar yaranmışdı. Bu isə rahat şəkildə gediş-gəlişə maneəşilik yaradırdı. Azərbaycan Avtomobil Yoları Dövlət Agentliyi tərəfindən texnoloji ardıcıllığa riayət olunmaqla və yüksək keyfiyyətlə aparılan yenidənqurma işləri ilə bu problem aradan qaldırılır. Uzunluğu 31 km olan Şirvan-Salyan avtomobil yolu Salyan və Şirvan rayonları arasında yerləşir. Yolun başlanğıcı Şirvan şəhəri, sonu isə M3 Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 47-ci km-dir.

Bundan başqa tikinti işləri çərçivəsində avtobus dayanacaqları inşa ediləcək, yolda hərəkətin normal təşkili üçün zəruri olan hissələrdə yol nişanı və məlumatverici lövhə, km göstəricisi və siqnal dirəyi quraşdırılacaq, yolcızgi və yolgöstərici xətlərinin çəkilişi işləri aparılacaq.

Qeyd edək ki, respublika əhəmiyyətli yolun tikintisi başa çatdıqdan sonra 20 yaşayış məntəqəsinin 120 mindən çox əhalisinin gediş-gəlişi xeyli yaxşılaşacaq. Bu tədbirlər vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması ilə yanaşı, Azərbaycan iqtisadiyyatının inkişaf səviyyəsini göstərir. Yolun yenidən qurulması ərazidə yük və sərnişin daşımasını xeyli yaxşılaşdıracaq, yetişdirilən məhsulların rahat şəkildə bazarlara daşınmasına imkan yaranacaq. Bu da kənd təsərrüfatının inkişafına müsbət təsir etməklə yolboyu yaşayan əhalinin sosial rifahının yüksəlməsinə imkan verəcək.