30 noyabr 2020 17:09
1433

“Sığallı xatirələr” bizi  xatirələr dünyasına aparır

Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü Adəm Asnın yenidən oxucularının görüşünə gəlib

  Dünyagörüşümüzün formalaşmasında, mənəvi dünyamızın, söz xəzinəmizin  zənginləşməsində, mövqeyimizin, həyata baxışımızın formalaşmasında, Vətən, torpaq sevgisinin, vətənpərvərlik hissinin aşılanmasında əhəmiyyətli rol oynayan kitablar, eyni zamanda, onun müəllifinin mənəvi aləminin, məqsəd və məramının nədən ibarət olduğunun, oxucu ilə nəyi  bölüşmək istədiyinin təqdimatıdır. Yeni nəşrin geniş oxucu auditoriyası qazanmasını şərtləndirən əsas amil də məhz bu  özəlliyi qoruması, yeni mövzu ilə diqqəti çəkməsidir.

  Təxəllüsünü başlanğıcını doğulub böyüdüyü Qarabağlar kəndindən alan, bol sulu olduğu üçün “Asnı çayı” adlanan bulağın adından götürmüş Adəm Asnı (Adəm Əkbərov) ədəbi mühitə həyatın özündən gələn və o həyatı ədəbiyyata gətirməyə çalışan yazıçılardandır.

  Hekayələri və şeirləri toplanmış “Sığallı xatirələr” kitabı ilə dördüncü dəfə  oxucuları ilə  görüşə gələn A.Asnı, həmçinin “Ovqat” adlı təmsillər, satirik hekayələr və lətifələr, “Duyğuların ifadəsi” və “Bir röya həsrətində” şeirlər kitabının müəllifidir. A.Asnının kitablarının  oxucusu, yaradıcılığının izləyicisi kimi qeyd edə bilərəm ki, hər bir kitabda yer alan hekayələr, şeirlər həyatın müəyyən dövrləri ilə bağlı çağırışlar, şeirlərdə  mənəvi dünyamızı daha da zənginləşdirmək üçün dəyərlərimizə rəğmən bir öyüd-nəsihət öz əksini tapıb. Şeirlər ailəminə baş vurduqda şeiriyyətin içində bir mənəvi rahatlıq tapır, xoş ovqat bəxş olunur, sakitliyə çəkilərək  insanların fərqli olduqları qədər də fərqli düşüncəyə sahiblikləri fonunda özünə aid, özünü necə görmək istədiyin  məqamları mənimsəməyə imkan yaranır. Adəm Asnı yaradıcılığını oxucuya sevdirən də məhz bu düşüncələrin bolluğu əsasında həyatda uğur qazanmağın, düzgün formalaşmağın yollarını axtarmaqdır.

   “Sığallı xatirələr”də son dövrlərdə qələmə alınmış hekayə, şeir və bir bənddən ibarət “dördmisralıqlar” toplanmışdır.  Bəzi yazıların altında  tarixin son dövrlərə aid olmadığı diqqət çəkir. Müəllif bildirir ki,  həmin yazılar bir neçə il  əvvəl yazılmağa başlansa da, son dövrlərdə tamamlanıb. Kitabda hekayələrin  mövzusu digər nəşrlərdə, xüsusilə “Ovqat” kitabında olduğu kimi,  əsasən müasir dövrdə qarşılaşdığımız hadisələri əhatə edir. Belə hadisələr  müxtəlif olduğundan hekayələr də öz qəhrəmanları,  mövzusu və süjet xətti ilə tamamilə fərqlidir.

  Hər yeni nəşrin “Ön söz”ü seçilən mövzu barədə ümumi təsəvvür yaradır, bir sözlə, onun kitabının təqdimatçısı kimi çıxış edir.

   Xalq şairi  Nəriman Həsənzadə  “Həyata-işığa çağırışlar” adlı “Ön söz” də bildirir ki, Adəm Asnı həyatı, insanı həssas müşahidə etmək qabiliyyətinə malik  ürək və qələm sahibidir. N.Həsənzadə  Adəm Asnının iki hekayəsinin timsalında  oxucuları  onun “fikir və təəssüratları, həyata baxışı” ilə tanış edir. “Mişka” hekayəsində Alxanı oxucuya təqdim edir. Bu obrazın ümumiləşdirilmiş mənzərəsi budur ki, özündən başqa heç kimi düşünmür, cəmiyyət arasında olmaqdan çəkinir, heç kimə faydası olmur, yalnız əlindəki dəyənəkdən başqa dayağı yoxdur. Bu obrazın timsalında ümumilikdə  dövrün bəlalarından olan, özündən  başqa heç kimi sevməyən kimi dəyərləndirmə apardığımız insanların toplusunu görürük. 

  “Ön söz” müəllifi  ötən əsrin böyük türk şairi Nazim Hikmətin  söhbətlərinin birində söylədiyi “obrazı gərək gözünlə görüb, əlinlə də tuta biləsən” fikrinə istinad edərək Adəm Asnın  hekayələrindəki yaratdığı obrazların bu təəssüratı yaratdığını diqqətə çatdırır. Bildirir ki, Alxanın bir obraz, xarakter kimi açıqlanmasında “dəyənək” öz sözünü deyir. O, Alxanın qəzəbinin, kininin, hirsinin nümunəvi icraçısıdır. Hadisələrin sonrakı inkişafında  artıq Alxan dəyənəyi yox, dəyənək onu idarə etməyə başlayır. Müəllif hekayələrində yaratdığı belə obrazlarla sanki bütöv bir epoxanı görməyə və göstərməyə çalışır, təəssüf etdiyi hadisələrin içərisində qovrulur, lakin yanıb kül olmur. Zülmətdə işıq görür.

 Adəm Asnının nəsri- onun təsviri, cümlələrarası nəfəsi əsl xalq dili olduğu üçün zəngindir, ifadəlidir. Yazıçı oxucuya köhnə tanışı, dostu, qələmə aldığı obrazı gözü ilə  baxıb həmsöhbət  olduğu üçün  hekayələrinin qəhrəmanlarını hansı şəraitdə danışdırsa da, onlar daxilən oxucuya  tanışdır. Məsələn, “Dəb” hekayəsində  yazıçı Qulam dayının şəxsində  dəbə qarşı başqa bir dəbi, israfçı adətə qarşı başqa bir adəti mütərəqqi, səfərbəredici bir qüvvə kimi qoymaqla, nəinki hekayənin bədii həllini tapmış, həm də onun təsir gücünü  artırmışdır.

    Bu reallıq hər kəsə aydındır ki, hər bir yeni nəşrin məqsədi həyat dərsidir. Əsas olan kitabı oxuduqca yazıçının çatdırmaq istədiklərini düzgün dərk etmək, bu dərsin bizə verdiklərindən sözün həqiqi mənasında dərs almaq, öyrənməkdir. Hər bir oxucu  oxuduğu hekayələrin, şeirlərin  qəhrəmanına çevrilərək özünü o hadisələrin içərisində hiss etməlidir. Düşündürücü, tərbiyəvi fikirləri özlərinin  yaddaş kitabına köçürməlidirlər.

  “Adam var ki”, “Arzularım”, “Bumeranq qanunu”, “Dinlə ki, dinlənəsən”, “Əli qabarlı dost”, “İntiqam, qisas hissi”, “Kin-küdurət”, “Müdrik qadın”, “Nanəcibə, namərdə” və sair kimi şeirlərinin hər birində bir çağırış yer alıb.  Fərqli insanların fərqli dünyaları olmaqla yanaşı, cəmiyyətdə özləri barədə necə fikir formalaşdırdıqları, insani keyfiyyətlərdən uzaqlığın varkən yox kimi qəbul olunmaqda nə kimi rol oynadığı, edilən pisliklərin, əməllərin bumeranq effekti verməsi kimi həyati dərslər şeirlərdə öz əksini tapır.  “Arzularım” isə insanları arzuların qanadına alıb  çox-çox uzaqlara aparır. Vurğulanır ki, bitib- tükənməyən arzular insan ömrünün əsas dəstəkçilərindəndir.

   Müəllif də oxucularının görüşünə bu fikirlə gəlir ki, hər bir kitabı oxuyandan sonra oxuduqlarının təsiri ilə  oxucuda   hər hansı fikir, duyğu, təəssürat yaranırsa, deməli, kitab əbəs yerə yazılmayıb və əbəs oxunmayıb. Adəm Asnın, eyni zamanda, kitabı ən yaxşı yol yoldaşı kimi dəyərləndirərək bildirir ki, ərsəyə gələn hər yeni nəşrin hansı təəssüratı yaradacılığı onun necə dərk olunmasından və qəbulundan asılıdır. Müəllif oxucularla görüşünün davamlı olması istəyini də diqqətə çatdırır.

 “Sıgallı xatirələr”in oxucular üçün maraqlı yol yoldaşı olacağı, Adəm müəllimin görüşlərinin qarşıdakı illərdə daha geniş  auditoriyanı əhatə etməsi  arzusu ilə…

 Yeganə Əliyeva,

“İki sahil”