Bildiyimiz kimi, yaddaşın 2 növü var: əməli və daimi. Əməli, bəzən də təsadüfi yaddaş (RAM), yəni Random Access Memory, daimi yaddaş isə (ROM), yəni Read Only Memory adlanır. Onlar MB və GB vahidləri ilə ölçülür. Hər iki yaddaş növü müasir texnoloji vasitələrin mühüm tərkib hissəsi, fəaliyyəti üçün lazım olan ən vacib detallardır. Yaddaşın kifayət qədər olması bizə lazım olan materialları telefon və kompyuterimizdə yerləşdirməyə imkan verir.
İstifadəçilərin müasir smartfonlarda önəm verdiyi ən əsas keyfiyyətlərdən biri də yaddaş tutumudur. Texnoloji vasitələrdə həm əməli, həm də daimi yaddaş olur. Daimi yaddaşın tutumu yüksək olsa da, əməli yaddaş ən çox 6GB həcmində olur. Adətən istehsal olunan “ağıllı telefonlar”da əməli yaddaş 4GB həcmində satışa buraxılır. Əgər 6GB tutumu var idisə, o zaman həmin telefon mükəmməl hesab olunurdu. Doğrudur, qiymət baxımından fərqlənir. Yəni tutumu yüksək olan smartfonlar daha baha qiymətə satılır. Keyfiyyətə üstünlük verən alıcılar üçün isə bu heç bir əhəmiyyət kəsb etmir. İstər əməli, istərsə də daimi yaddaşın həcminin çox olması qiyməti yüksək edən əsas amillərdən biridir.
“Samsung” şirkəti yeni təqdim edəcəyi “Samsung S10” model smartfonlarda əməli yaddaş tutumunu 10GB həcmində təqdim edəcək. Şirkət bu modeli fevral ayında istifadəyə verməyi düşünür. Daim rəqabət mühitində fəaliyyət göstərən “Samsung” və “Apple” şirkətləri bu mövzuda da ənənəyə sadiq qaldılar. Sentyabrda isə “Apple” şirkəti tərəfindən təqdim olunacaq bu yenilik həm Android, həm də İOS sistemi istifadəçiləri üçün əla fürsət olacaq.
Telefonun fəaliyyətinə təsir edən amillər sırasında yaddaş çox önəmli yer tutur. Çünki smartfonların işləməsinə mane olan səbəblərdən biri də yaddaş tutumunun tam dolmasıdır. Bu zaman “ağıllı telefonlar”da tez-tez xəbərdarlıq gəlir: “yaddaşınız dolmaq üzrədir”. Əsas və vacib material olduğundan onları silə bilmirik. Bu da telefonumuzun donmasına, ləng işləməsinə səbəb olur. Bəzən batareyanın enerjisinin tez bitməsinə, yüklənib şişməsinə səbəb olur. Ona görə də davamlı olaraq, yaddaşın tutumuna nəzarət edin. Lazımsız, təkrar, yüksək həcmli materiallardan təmizləyin. Xüsusi yaddaş təmizləyən proqramlar vardır. Məsələn, əməli yaddaşı təmizləmək üçün “Clean Master”, daxili yaddaşı təmizləmək üçün “CCleaner”, “Clear Cache” proqramları var.
Telefonunuzdan, tabletlərdən, kompyuterlərdən lazımsız məlumatları silmək sizin texnoloji alətinizin məhsuldarlığını artıracaq, bu isə onlardan rahat istifadə etmək üçün zəmin yaradacaq. Ona görə də texnoloji alətlərin yaddaş tutumunu daim nəzarətinizdə saxlayın. Materialları qruplaşdırın. İkinci dərəcəli, əlavə məzmunlu, yardımçı xarakter daşıyan bilgilər üçün köməkçi yaddaş vasitələrindən( fləş kart, müxtəlif həcmli yaddaş kartları, SD disklərdən) istifadə edin. Beləliklə də sizə lazım olan vasitələri asanlıqla qoruyub saxlaya bilərcəksiniz.
Yaqut Ağaşahqızı, “İki sahil”