15 yanvar 2020 11:58
4608

SOCAR-da insan resurslarının idarə edilməsi hər zaman prioritetdir

"Biz maddi dəyərlərimizi, iqtisadi potensialımızı insan kapitalına çevirməliyik”

 İlham ƏLİYEV

 İctimaiyyətə də məlum olduğu kimi işə qəbulda, karyera inkişafında və təlimlərin təşkilində mövcud olan bir sıra problemlərin və neqativ halların aradan qaldırılması ilə yanaşı, eyni zamanda, insan resurslarının idarə edilməsini müasir dövrün tələblərinə uyğun həyata keçirmək məqsədi ilə 2011-ci ildə SOCAR-ın Baş Ofisində İnsan Resursları Departamenti (İRD) yaradıldı. SOCAR - ın  layihələrindən biri olan Xarici Təqaüd Proqramı layihəsi çərçivəsində maliyyələşdirilərək, dünyanın ən nüfuzlu təhsil ocaqlarında təhsil almış gənc mütəxəssislərin də cəlb olunduğu İRD - də ümumi məqsədlərimizə yönləndirilmiş istiqamətdə effektli fəaliyyət göstərən bir komanda formalaşdırıldı. 

Bu müddəd ərzində İRD müəssisələr üzrə insan qüvvəsinə olan ehtiyaca uyğun namizədlərin cəlbi, seçimi, yerləşdirilməsi və adaptasiyası, işə qəbul edildikdən sonra onun işdə saxlanılması, işçilərin təlim və inkişaf etdirilməsi, performansın ölçülməsi, səmərəliliyinin, səriştəliliyinin və effektivliyinin təhlili, davamçıların planlaşdırılması, motivasiya, nizam-intizam, sosial-mədəni fəaliyyətlər kimi funksiyaları özündə cəmləyərək SOCAR-ın strategiyasına dəyər qatmaqla, insan amilini əsas tutaraq davamlı inkişaf yolu ilə daim təkmilləşmişdir. 

     İlkin dövrlərdə əsas hədəf olan işə qəbulda mövcud olan neqativ halların qarşısının alınması istiqamətində atılan addımlar qısa zaman ərzində öz bəhrəsini verməklə ictimaiyyət tərəfindən də müsbət qarşılandı. Həmçinin də fəaliyyətimizdəki dürüstlük və şəffaflığın təmin edilməsi ilə yanaşı, vətəndaş cəmiyyəti, QHT və KİV-lər ilə əməkdaşlığımızın cəmiyyətdə müsbət imicin formalaşdırılmasında əhəmiyyətli rolu olmuşdur.

     Belə ki, İnsan Resursları Departamenti yarandığı vaxtdan etibarən SOCAR-da işə qəbulun müsabiqə yolu ilə, mərkəzləşdirilmiş qaydada həyata keçirilməsini təşkil və təmin etməklə, həm də paralel olaraq qarşıda duran digər funksiyaların da daha təkmil və sistemli şəkildə həyata keçirilməsi üçün müvafiq infrastrukturun və maddi-texniki bazanın yaradılması istiqamətində zəruri işlər həyata keçirilirdi. 

     SOCAR-da yaranan vakant yerlərin effektiv komplektləşdirilməsi üçün əvvəlcə Kadr Ehtiyatı Bazamızda (KEB) olan digər namizədlərlə yanaşı, SOCAR-ın Təlim mərkəzlərində fəhlə peşələri üzrə yetişdirilən məzunların, şirkətin təqaüdü əsasında ölkədaxili və xarici ali təhsil müəssisələrinin məzunlarının, istehsalat təcrübə proqramı məzunlarının uyğunluğu dəyərləndirilir. Daha sonra şirkət daxilində çalışan işçilər üçün elan olunur. Ən nəhayət, uyğun işçi tapılmadığı halda, iş elanı bütün ölkə vətəndaşları üçün yayımlanır. Müsabiqə ilkin seçim,  test imtahanı, peşə sınaq imtahanı və müsahibə mərhələlərindən ibarət olmaqla müraciət edən namizədlər arasında bilik, bacarıq və digər səriştələr baxımdan vakansiyaya ən uyğun namizədin seçilməsini özündə ehtiva edir. Bütün proseslər auidio və video çəkilişlə qeydə alınır. Vətəndaşın işə qəbulu təqdim edilən sənədlərin uyğunluğu yoxlanılmaqla müəssisə rəhbərləri tərəfindən rəsmi həyata keçirilir. Namizədlər tərəfindən şikayət tərkibli istənilən müraciət obyektiv araşdırılıb cavablandırılır.

     2011-ci ildən etibarən SOCAR-da 11000-ə yaxın vakansiya elan edilmiş, bu vakansiyalar üzrə 500 000-dən çox vətəndaş müraciət etmişdir. İlkin seçimdən müraciətçilərin təxminən 44%-i vakansiyalar üzrə göstərilmiş təhsil, iş stajı və digər tələblər üzrə uyğun gələrək növbəti müsabiqə prosesinə buraxılmışlar. 2011-2019-cu illər ərzində 6613 vakansiya üzrə 178291 nəfər üçün test imtahanı təşkil edilmişdir. Yekun müsahibə və peşə sınaq imtahanlarının nəticəsi olaraq, müsabiqə yolu ilə 9000-ə yaxın işçi doqquz il ərzində SOCAR-da işlə təmin edilmişdir. İşə qəbul olunan vətəndaşlardan 1500 nəfərə yaxını təkcə 2019-cu il ərzində təşkil olunan müsabiqə prosesləri nəticəsində seçilmişdir. İşlə təmin edilmiş vətəndaşların keyfiyyət göstəriciləri işəgötürənlər tərəfindən müsbət qiymətləndirilərək sonrakı fəaliyyətlərində də özlərini doğrultmuşlar ki, bu də İRD-nin əsas səmərəlilik göstəricilərindən biri kimi qənaətbəxşdir.

      SOCAR ixtisaslı fəhlə kadrların hazırlanması məqsədi ilə 29 yaşadək orta təhsilli gənc Azərbaycan vətəndaşları arasında müxtəlif fəhlə peşələri üzrə hər il Təlim mərkəzlərinə müsabiqə ilə daxil olmuş və seçdikləri ixtisas üzrə 6 və ya 10 aylıq peşə təhsil alıb məzun olmuş gənclər də KEB-ə daxil edilməklə müvafiq qaydada işlə təmin edilirlər. 2005/06-2018/19-cu tədris illəri üzrə yeni fəhlə kadrlarının hazırlanması kurslarını bitirmiş şagirdlərin sayı 121-i uşaq evindən olmaqla 2.566 nəfər olmuşdur.Bu məzunların 1947 nəfəri yiyələndikləri peşə üzrə müsabiqə proseduru tətbiq edilmədən işlə təmin edilmişlər. Heydər Əliyev Fondunun təşəbbüsü ilə uşaq evlərindən qəbul edilmiş gənclər işlə yanaşı, mənzillə də təmin edilirlər.

     2005-ci ildən bu günədək Daxili Təqaüd Proqramı üzrə 20 seçim müsabiqəsi keçirilmiş və nəticədə 2159 nəfər tələbə SOCAR təqaüdçüsü seçilmişdir. Bunlardan 94 nəfəri sonuncu 2018-2019-cu tədris ili üzrə seçilən gənclərdir. Daxili Təqaüd Proqramının qalibləri şərtlərə cavab verdikləri təqdirdə SOCAR-da işlə də təmin olunurlar. SOCAR-ın Daxili Təqaüd Proqramı çərçivəsində 193 nəfər təqaüdçü SOCAR-da müsabiqədənkənar işlə təmin olunmuşdur.

     SOCAR-da ehtiyac duyulan ixtisaslar üzrə istedadlı və perspektivli yerli gənclərin xarici ölkələrin aparıcı universitetlərində təhsilini təşkil etmək məqsədi ilə 2006-cı ildə SOCAR-ın Xarici Təqaüd Proqramı təsis edilmişdir. SOCAR-ın Xaricdə Təhsil Proqramına qoşulmuş 311 nəfərin 209 nəfəri hal-hazırda SOCAR-ın strukturuna daxil olan müəssisə və təşkilatlarda, həmçinin birgə müəssisələrində ixtisasları üzrə işlə təmin edilmişdir.

    Zərurətdən doğaraq 2018-ci ildən etibarən yenilənmiş formatda SOCAR tərəfindən həyata keçirilən məzunların Ödənişli istehsalat təcrübəsi proqramı ali təhsilli gənclərin ixtisasları üzrə iş təcrübəsi olmadan SOCAR-ın müəssisə və təşkilatlarında təcrübə keçməklə işlə təmin edilməsi məqsədini daşıyır. 2018-ci il ərzində təcrübə keçmiş 225 nəfərdən 194-ü, yəni 86%-i işə qəbul edilmişdir. 2019-cu ildə isə təcrübə keçmiş 280 məzundan 220 nəfəri yekun müsabiqədən keçmiş, onlardan 167 nəfəri artıq işlə təmin edilmiş, 50-yə yaxın məzunun isə yaxın aylarda işə qəbul olunması gözlənilir. Bununla yanaşı, SOCAR-da ödənişsiz əsaslarla da təcrübə proqramları həyata keçirilir.

SOCAR tələbələrin neft sənayesinin müxtəlif sahələrində təcrübi biliklərinin artırılması, onların real iş şəraiti ilə yaxından tanış olmaları, nəzəri biliklərinin təcrübədə tətbiqi məqsədi ilə 2010-cu ildən 2018-ci ilədək “Ödənişli Yay Təcrübəsi” proqramını həyata keçirmişdir. Təcrübə proqramına 2017-ci ilədək 6462 nəfər müraciət etmiş, onlardan 1496 nəfəri müsabiqənin qalibi olaraq təcrübədə iştirak etmişlər. 1496 nəfər təcrübəçidən 792 nəfər Daxili Təqaüd Proqramının qalibləridir.

    Hər il SOCAR Azərbaycan Respublikasının və xarici ölkələrin müxtəlif ali məktəblərində neft-qaz, neft-qaz qurğuları, qazma, geofizika, geologiya, proseslərin avtomatlaşdırılması, kompyuter, inşaat, boru kəmərləri, ekologiya, neft-kimya və kimya mühəndisliyi, energetika, mexanika, iqtisadiyyat və proqramçı ixtisasları üzrə təhsil alan, Azərbaycan vətəndaşı olan tələbələrə istehsalat təcrübəsi keçmək üçün real şərait yaradır. 2011-ci ildən bu günədək 9758 tələbə, təkcə 2019-cu ildə isə təcrübəçilərin sayı rekord həddə – 2059 nəfər olmaqla müxtəlif idarə və təşkilatlarında ödənişsiz təcrübədə iştirak etmişdir.

     Müsabiqənin əsas mərhələlərindən biri olan test imtahanlarında istifadə edilən yoxlama-ölçmə materillarının təkmilləşdirilməsi, onların məzmun və keyfiyyətinin artırılması, qiymətləndirmə sisteminin müasir tələblərə uyğunlaşdırılması istiqamətində zəruri işlər davam etdirilir. Mövcud standartının tələblərinə uyğun formalaşdırılmış Test Tapşırıqlarının Elektron Bazasının (TTEB) strukturunun tamamilə yenilənməsi və onun yeni tələblərə uyğun formalaşdırılması məqsədilə qruplaşdırılma işlərinə başlanılmışdır. SOCAR-ın Vəzifə Arxitekturasında müəyyənləşdirilmiş iş ailələrinə uyğun aparılan qruplaşdırma işlərində əsas məqsəd test tapşırıqlarının ümumiləşdirilməsidir.

Mütəmadi olaraq SOCAR üzrə təşkil edilən bütün test imtahanları mərkəzləşdirilmiş qaydada kompyuterlərdən istifadə etməklə keçirilir. Test imtahanları əsasən “İşə qəbul”, “Ödənişli istehsalat təcrübəsi proqramı”, “Daxili Təqaüd Proqramı”, “Xarici Təqaüd Proqramı”, “Təlim mərkəzlərinə şagird qəbulu”, “Karyeranın İdarə Edilməsi”, “Əməyin Ödənilmə Dərəcəsinin Müəyyənləşdirilməsi”, “Almaniya Yay Düşərgəsinə şagird qəbulu”, “ASAN könüllüləri” və “Attestasiya” istiqamətləri üzrə keçirilmişdir.

 “İşə qəbul” üzrə 187850 nəfər, “Ödənişli istehsalat təcrübəsi proqramı” üzrə 4824 nəfər, “Daxili Təqaüd Proqramı” üzrə 3147 nəfər, “Xarici Təqaüd Proqramı” üzrə 36 nəfər,  “Təlim mərkəzlərinə şagird qəbulu” üzrə 3856 nəfər, “Karyeranın idarə edilməsi” üzrə 2904 nəfər,  “Əməyin Ödənilmə Dərəcəsinin müəyyənləşdirilməsi” üzrə 8078 nəfər, “Almaniya Yay Düşərgəsinə şagird qəbulu” üzrə 219 nəfər,  “ASAN könüllüləri” üzrə 480 nəfər,  və “Attestasiya” üzrə 2205 nəfər olmaqla, ümumilikdə 213599 nəfər namizəd üçün test imtahanları təşkil edilmişdir.

  Görülən işlərin mürəkkəbliyi, genişmiqyaslı olması və zamanın tələblərinə cavab vermək baxımından daha səmərəli və məhsuldar şəkildə həyata keçirilməsi məqsədi ilə 2016-cı ildən etibarən qeyd olunan funksiyaların avtomatlaşdırılmış inteqrasiyasını nəzərdə tutan SAP həllərindən istifadə etməklə İnsan Resursları Proseslərinin Transformasiyası layihəsinə start verilmişdir. “İnsan resurslarının idarə edilməsi proseslərinin transformasiyası” proqramının tərkib hissəsi olan “Səriştəliliklərinin idarə edilməsi” istiqaməti 2017-ci ildən etibarən ilk olaraq SOCAR-ın “Azneft” İstehsalat Birliyində tətbiq edilmişdir. 2019-cu ildən etibarən isə SOCAR-ın digər 9 müəssisəsində (Heydər Əliyev adına Neft Emali Zavodu, Qaz Emali Zavodu, Neft Kəmərləri İdarəsi, Qaz İxrac İdarəsi, Əmək Şəraiti Normalarının İşlənməsi İdarəsi, Sərmayələr İdarəsi, “Kompleks Qazma İşləri” Tresti, “Azərikimya” İstehsalat Birliyi və Geofizika və Geologiya İdarəsi) mərhələli olaraq tətbiq edilməsinə başlanılmışdır. Geologiya və Geofizika İdarəsi istisna olmaqla, digər 8 müəssisə üzrə səriştəlilikləri birbaşa rəhbərləri tərəfindən qiymətləndirilən işçilərin sayı 5956 nəfər olmuşdur. Geologiya və Geofizika İdarəsində proses çərçivəsində rəhbər işçilərlə maarifləndirmə, kommunikasiya görüşləri keçirilmiş, səriştəliliklərin qiymətləndirilməsinə isə 2020-ci ilin yanvar ayından start verilməsi nəzərdə tutulmuşdur. Qeyd olunan 9 müəssisə üzrə səriştəlilikləri birbaşa rəhbərləri tərəfindən qiymətləndirilən işçilərin sayı 5956 nəfər olmuşdur. Proses çərçivəsində davamçıların hazırlanması üçün biznes ekspert qrupları tərəfindən 769 vəzifə yüksək və çox yüksək əhəmiyyətli vəzifə kimi müəyyən edilərək təsdiq edilmişdir. Yüksək və çox yüksək əhəmiyyətli vəzifə kimi təsdiq edilmiş vəzifələr üzrə səriştəlilikləri qiymətləndirilmiş işçilər arasından onların qiymətləndirmə nəticələri və kvalifikasiya göstəriciləri əsas götürülərək davamçılar seçilmişdir. Belə ki, “Azneft” İstehsalat Birliyi, Qaz İxrac İdarəsi, Qaz Emalı Zavodu və Əmək Şəraiti Normalarının İşlənməsi İdarəsi üzrə ümumilikdə 885 davamçı müəyyən edilmiş, Heydər Əliyev adına Neft Emalı Zavodu, Neft Kəmərləri İdarəsi, “Kompleks Qazma İşləri” Tresti və “Azərikimya” İstehsalat Birliyi üzrə isə davamçılar siyahısı formalaşdırılmaqdadır.

“Azneft” İB-də səriştəliklərin idarə edilməsi prosesi artıq 2018-ci ildən tətbiq olunduğundan müəyyən edilmiş davamçılar üçün fərdi inkişaf planları hazırlanmış və icra edilməsi istiqamətində hal-hazırda işlər davam etməkdədir. Davamçıların boşalmış yüksək və ya çox yüksək vəzifələrə təyin edilmə məsələsi barədə daha obyektiv və şəffaf qərar verilməsini təmin etmək məqsədilə karyera müsahibələri təşkil edilmiş və bunun nəticəsi olaraq 47 davamçı davamçısı olduğu vəzifəyə təyin edilmişdir. Həmçinin 2019-cu il ərzində “İnsan resurslarının idarə edilməsi proseslərinin transformasiyası” proqramının tərkib hissəsi olan səriştəliliklərin idarə edilməsi, fəaliyyətin effektivliyinin idarə edilməsi, işə qəbulun idarə edilməsi və təlim və inkişafın idarə edilməsi istiqamətlərində ümumilikdə 210-dan çox insan resursları sahəsində çalışan işçiyə təlimlər keçirilmiş və yekunda biliklərinin yoxlanılması məqsədilə test imtahanları keçirilmişdir. Həmçinin rəhbərlərin qiymətləndirmə prosesi və onun aparılması, qiymətləndirmə xətaları, davranış səriştəlilikləri, yüksək və çox yüksək əhəmiyyətli vəzifələr və onların müəyyən edilməsi meyarları, davamçılar, davamçılığa namizədliyin meyarları və onların müəyyən edilməsi barədə daha ətraflı məlumatlanmalarını təmin etmək, daha obyektiv və şəffaf qiymətləndirmə prosesinə nail olmaq üçün bir sıra maarifləndirmə tədbirləri həyata keçirilmişdir. Bu maarifləndirmə tədbirləri çərçivəsində 1380-dən çox strateji və taktiki rəhbərlərə qiymətləndirmə prosesi və davranış səriştəlilikləri mövzusunda nəzəri və praktiki biliklərini artırmaq məqsədilə təlimlər keçirilmişdir. Həmçinin rəhbər və mütəxəssis kateqoriyalı işçilərin nəzəri biliklərinin artırılması məqsədilə davranış səriştəlilikləri barədə əl kitabçaları hazırlanmışdır. Bundan əlavə, İR portalı üzərindən onlayn rejimdə test imtahanları həyata keçirilmiş və 800 nəfərdən çox xətti rəhbərlər imtahanlara cəlb olunaraq davranış səriştəlilikləri üzrə bilikləri yoxlanılmışdır. SOCAR-ın “İnsan resurslarının idarə edilməsi proseslərinin transformasiyası” layihəsi çərçivəsində “Səriştəliliklərin idarə edilməsi” istiqamətinin SOCAR-ın strukturuna daxil olan bütün qurumlarında mərhələli formada tətbiqi, həmçinin rəhbər heyətin idarəetmə səriştəliliklərinin inkişafını təmin etmək məqsədilə rəhbərlər üçün fərdi inkişaf planlarının hazırlanması nəzərdə tutulmuşdur.

“İnsan resursları proseslərinin transformasiyasi” proqraminin digər istiqaməti olan Effektivliyin idarə edilməsi layihəsinin pilot mərhələsinin icrasına da 2018-ci ildə start verilmişdir. Belə ki, “Azneft” İstehsalat Birliyinin Qaz Anbarlarının İstismarı İdarəsində üç struktur bölmədən 27 işçinin (3 rəhbər və 24 işçi) iştirakı ilə strateji hədəflərin kaskadlanması üsulu ilə uyğun təşkilati hədəflər, müvafiq komanda və fərdi hədəflər müəyyənləşdirilmişdir. Proses çərçivəsində hər bir işçiyə İRD nümayəndələri tərəfindən effektivliyin idarə edilməsi haqqında nəzəri biliklər və prosesin SAP HCM istiqaməti üzrə (fərdi görüşlərin təşkil edilməsi, hədəflərin daxil edilməsi, hədəflərin qiymətləndirilməsi) təlimlər keçirilmişdir. 2019-cu ildə Effektivliyin idarə edilməsi lahiyəsinin şirkət səviyyəsində həyata keçirilməsi üzrə hazırlıq işlərinə start verilmişdir. Hazırlıq işləri çərçivəsində 400-dən çox xətti rəhbərə nəzəri və praktiki təlimlər keçirilmişdir.  SOCAR-da Əsas Səmərəlilik Göstəriciləri sisteminin idarə edilməsi və tətbiqi məqsədilə ƏSG sisteminin idarəedilməsini həyata keçirən Komissiya (xüsusi səlahiyyətli kollegial idarəetmə strukturu) tərəfindən SOCAR-ın strateji məqsəd və əsas səmərəlilik göstəriciləri (ƏSG) müəyyənləşdirilmişdir. Strateji səviyyədə müəyyənləşmiş məqsəd və ƏSG-lərin müəssisə və təşkilatlara kaskad edilməsinə başlanılmışdır. Kaskadlanma “Azneft” İstehsalat Birliyi və “Kompleks Qazma İşləri” Trestində başa çatmış, Neft Emalı Zavodu, Neft Kəmərləri və Qaz İxrac idarələrində isə davam etməkdədir.

2016-cı ildən etibarən həyata keçirilən irimiqyaslı “İnsan resurslarının transformasiyası” layihəsinin tərkib hissəsi olan İşə qəbul, cəlbetmə və adaptasiya alt-layihəsi üzrə işlər 2017-ci ildən etibarən reallaşdırılmaqdadır. 2017-ci ilin böyük bir hissəsi normativ-hüquqi bazanın yaradılması, layihə həllərinin müzakirəsi və razılaşdırılmasına ayrılsa da, 2018-ci il ərzində layihə üzrə lazım olan texniki məsələlər – insan resurslarının idarə edilməsinin işə qəbul, cəlbetmə, seçim, adaptasiya kimi istiqamətləri üzrə proses və funksiyaların SAP sistemi ilə inteqrasiyası öz həllini tapmış və 2018-ci ilin sentyabr ayından etibarən yeni sistemə keçilmişdir. 2019-cu il ərzində yeni sistemdə otuz min işçinin özünəxidmət portalına daxil olması üçün istifadəçi adı yaradılmışdır. Şirkətdaxili işçilərin və digər işçilərin özünəxidmət portalından rahat istifadəsi üçün video təlimatlar hazırlanmış, minlərlə vətəndaşın portal ilə əlaqədar şifahi və yazılı müraciətləri cavablandırılmışdır.

2018-ci ilin mart ayından etibarən isə SOCAR üzrə İnsan Resursları Funksiyalarının transformasiyası layihəsinin Təlim və inkişaf modulu üzrə əməliyyatların avtomatlaşdırılması prosesinə start verilmiş və bu proses dekabr ayına qədər tamamilə avtomatlaşdırılmışdır. Təlim və inkişaf modulunun əsas məqsədi SOCAR-da əməkdaşların peşəkarlıq səviyyəsinin artırılması, daimi inkişaflarının təmin olunması üçün təşkil edilən təlimlərə ehtiyacın müəyyənləşdirilməsini elektronlaşdırmaq, daha asan və ölçüləbilən etməkdir. Təlim və inkişaf modulu çərçivəsində əməkdaşlara təqdim edilmiş istifadəçi adı və şifrə ilə xüsusi hazırlanmış elektron portala daxil olmaq, mövcud olan təlimlərin kataloquna baxmaq, təlimlərin mövzuları, müddəti, təlimçi haqqında məlumatları vahid portal üzərindən əldə etmək imkanları işlənib hazırlanmış və istifadəyə verilmişdir. Bu portal vasitəsi ilə həm işçilərin özləri üçün (ESS modulu), həm də xətti rəhbərlərin (MSS modulu) öz əməkdaşları üçün təlim ehtiyacı vermələri imkanı yaradılıb. SAP İnsan Resursları Funksiyalarının Transformasiyası layihəsinin Təlim və inkişafın idarə edilməsi prosesi üzrə 700 nəfərdən çox SOCAR əməkdaşına təlimlər keçirilmiş, 775 daxili və kənar auditoriya təlimləri, yeni sistemə keçidlə bağlı insan resurslarının idarəedilməsi üzrə portaldan istifadəni izah edən 57 elektron təlim kontenti hazırlanaraq əməkdaşların istifadəsi üçün sistemə yüklənmiş, 1000-dən cox istifadəçiyə dəstək verilmiş, 1082 səriştəlilik 530 təlimlə əlaqələndirilmişdir.

Sirr deyil ki, insan resurslarının ən vacib fəaliyyət istiqamətlərindən biri də işçilərin karyerasının planlanması və onların inkişafının təmin edilməsidir. Bu istiqamətdə vacib olan fəaliyyətlərdən biri də işçilərin əməyin ödənilməsi dərəcələrinin artırılmasıdır. 2011-2019-cu illər ərzində SOCAR-ın müəssisə və təşkilatlarında ümumilikdə keçirilmiş 614 ədəd Tarif-İxtisas Komissiyalarının iclaslarında İRD-nin nümayəndəsinin iştirakı ilə 11156 nəfər işçinin ƏÖD-nin artırılması məsələsinə baxılmış, onlardan 8920 nəfərinin (80%) iddiası təmin olunmuşdur. Eyni zamanda, SOCAR-ın birbaşa tabeliyində olan struktur bölmələrində həyata keçirilən 108017 yenidən işə qəbul, başqa işə keçirmə və müvəqqəti əvəzetmə əməliyyatları həyata keçirilmişdir. Kadr axıcılığına təsir edən amillərin müəyyənləşdirilməsi məqsədi ilə SOCAR-ın struktur bölmələrdə işləmiş və öz təşəbbüsü ilə işdən çıxmış işçilər arasında 2016-cı ildən etibarən sorğu keçirilmişdir. 940 nəfər arasında telefon vasitəsilə keçirilmiş sorğularda iştirak edənlərin cavablarına istinad edərək müvafiq statistik məlumatlar hazırlanmış və vətəndaşların cavabları müqayisəli şəkildə təhlil edilmişdir. Əlavə olaraq qeyd etmək lazımdır ki, mövcud işçilərin motivasiya növlərindən biri də onların tanınması, əməyinin qiymətləndirilməsidir. Bununla əlaqədar 2011-2019-cu il ərzində 1485 işçiyə “Əmək veteranı” adı verilmişdir. 20 sentyabr neftçilərin peşə bayramı, “Əsrin müqaviləsi”nin 20, 25 illiyi, “Neft Daşları”nın 65, 70 illikləri ilə əlaqədar ölkənin neft sənayesinin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin sərəncamlarına əsasən 18 nəfər “Şöhrət” ordeni, 528 nəfər “Tərəqqi” medalı ilə təltif edilmiş, 60 nəfərə “Əməkdar mühəndis”, 2 nəfərə “Əməkdar müəllim” 3 nəfər “Əməkdar hüquqşunas” fəxri adı, 6 nəfər “Dostluq” ordeni və 34 nəfər qocaman neftçiyə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilmişdir. Dövlət təltifləri ilə əlaqədar təltif olunanlara orden, medal, döş nişanları və müvafiq vəsiqələr SOCAR-ın prezidenti tərəfindən təntənəli surətdə təqdim edilmişdir.

Bu müddət ərzində, həmçinin SOCAR üzrə 1346 nəfər işçi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Fəxri fərmanı və 264 nəfər isə Fəxri Döş nişanı ilə təltif edilmişdir.

Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan neft sənayesinin inkişafında böyük xidmətlərinə və uzunmüddətli səmərəli fəaliyyətinə görə Xoşbəxt Yusifzadə “Heydər Əliyev” ordeni ilə təltif edilib. SOCAR-ın qarşısında duran əsas vəzifələrdən biri də neft sənayesi üçün yüksək ixtisaslı mütəxəssislərin və fəhlə kadrlarının hazırlanmasında və malik olduqları peşələr üzrə peşəkarlıq səviyyəsinin artırılmasında təlim-tədrisin beynəlxalq standartların tələbləri səviyyəsində qurulmasını təşkil etməkdir. Bununla əlaqədar hər il minlərlə SOCAR əməkdaşı həm şirkətin daxili təlim mərkəzlərində keçirilən, həm də kənar təlim şirkətlərinin təşkil etdikləri təlimlərə cəlb olunurlar. 2012-ci ildən indiyə kimi SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Təlim mərkəzlərində keçirilmiş daxili təlimlərdə SOCAR üzrə 85 mindən çox dinləyici iştirak etmişdir. Ümumilikdə, 2019-cu il ərzində 7379 iştirakçı təlim almışdır. Bəzi istiqamətlər üzrə şirkət daxilində peşəkar mütəxəssislərin olmaması səbəbindən işçilərə lazım olan bilik və bacarıqlar şirkətdən kənar təlimlərdə öyrədilir. 2012-ci ildən indiyə kimi 5000-ə yaxın dinləyici kənar təlim provayderləri tərəfindən təşkil olunan müxtəlif növ təlimlərə cəlb olunmuşlar. Bunlar əsasən “Layihələrin idarə edilməsi”, “İnsan resurslarının idarə edilməsi”, “Effektiv idarəetmə bacarıqları”, “Liderlik bacarıqları” və s. kimi idarəetmə və davranış səriştəlikləri üzrə beynəlxalq sertifikasiya, həmçinin “Hündürlükdə işlərin təhlükəsiz yerinə yetirilməsi”, “Korroziya ilə mübarizə” və s. üzrə Əməyin mühafizəsi, Təhlükəsizlik texnikası kimi texniki sahə təlimləri olmuşdur. Son illərdə kənar təlimlərdə iştirak edən işçilərin sayı əhəmiyyətli dərəcədə artmışdır. Belə ki, 2012-2018-ci illər üzrə orta statistik göstərici 420 nəfər, maksimal hədd isə 824 nəfər (2018-ci il) idisə, təkcə 2019-cu ildə 2335 nəfər, yəni ötən ilin göstəricisi ilə müqayisədə 2,8 dəfədən çox işçi kənar təlimlərə cəlb edilmişdir.

     Yuxarıda qeyd edilənlər bir daha onu göstərir ki, ölkə iqtisadiyyatının formalaşmasında və gücləndirilməsində əhəmiyyətli rol oynayan SOCAR-da İnsan Resurslarının İdarə Edilməsi hər zaman prioritetdir.

Asif Bəkirli,

SOCAR-ın Baş Ofisi

 İnsan Resursları Departamentinin rəisi