09 iyul 2026 14:15
291

SOCAR-dan “Petkim”in gələcəyinə istiqamətlənən strateji addım

“SOCAR Türkiyə”nin qrup şirkəti olan “Petkim”də həyata keçirilən Master Plan çərçivəsində növbəti mühüm mərhələ uğurla başa çatıb. Uzunmüddətli perspektivdə petrokimya ekosisteminə əlavə dəyər yaratmağı hədəfləyən layihə üzrə Pre-FEED (İlkin Ön Mühəndislik Layihələndirməsinə Hazırlıq) mərhələsinin tamamlanmasının ardından FEED (Ön Mühəndislik Layihələndirməsi) mərhələsinə keçid üçün hazırlıq işlərinə başlanılıb.

Bu məqsədlə “Petkim”in gələcək inkişafı və mümkün investisiya qərarlarının texniki və kommersiya əsaslarının formalaşdırılması üçün qlobal mühəndislik şirkəti Technip ilə FEED mərhələsi üzrə mühəndislik, texniki və iqtisadi təhlilləri əhatə edən Niyyət Protokolu (MoU) imzalanıb.

Bildirilib ki, Türkiyənin ilk və yeganə inteqrə olunmuş neft-kimya istehsalçısı olan Petkimdə iri sənaye layihələri üzrə yekun investisiya qərarından əvvəl ən mühüm mühəndislik mərhələlərindən biri hesab olunan FEED prosesinə 2026-cı ilin üçüncü rübündə start verilməsi planlaşdırılır.

Bu mərhələdə layihənin texniki dizaynı, mühəndislik həlləri, texnologiya seçimi, xərclərin qiymətləndirilməsi, icra planı və iqtisadi səmərəlilik göstəriciləri hərtərəfli təhlil olunacaq. Əldə ediləcək nəticələr Petkim Master Planı çərçivəsində qəbul ediləcək mümkün yekun investisiya qərarları üçün əsas texniki və kommersiya baza rolunu oynayacaq.

Master Planın əsas məqsədləri “Petkim”in mövcud istehsal infrastrukturunun uzunmüddətli dayanıqlığını təmin etmək, neft emalı ilə neft-kimya istehsalı arasında inteqrasiyanı daha da gücləndirmək və istehsal texnologiyalarını müasirləşdirməkdir. Layihənin eyni zamanda Türkiyənin petrokimya sənayesində beynəlxalq rəqabət qabiliyyətinin artırılmasına töhfə verəcəyi gözlənilir.

Qeyd olunur ki, FEED mərhələsinə keçid yalnız yeni mühəndislik layihələndirmə prosesinin başlanğıcı deyil, həm də Petkimin mövcud istehsal potensialı ilə gələcək inkişaf və transformasiya hədəflərini birləşdirən strateji mərhələ kimi qiymətləndirilir.

Orxan Vahidoğlu, “İki sahil”