15 may 2020 20:17
2581

SOCAR-ın prezidenti CDC şirkətinin karantin düşərgəsi ilə tanış olub

Mayın 15-də SOCAR-ın prezidenti Rövnəq Abdullayev və şirkət rəhbərliyinin nümayəndələri “Caspian Drilinq Compani Limited” MMC (CDC) tərəfindən koronavirus pandemiyasının yarada biləcəyi təhlükənin qarşısını almaq məqsədilə həyata keçirilən proflaktik tədbirlərlə tanış olmaq üçün bu şirkətin müasir dəniz təchizat bazasında təşkil olunmuş karantin düşərgəsində olmuşlar.Əsas payı SOCAR-a məxsus olan CDC qazma şirkəti xüsusi karantin düşərgəsi yaradaraq, yüksək peşəkarlğa malik qazma mütəxəssislərinin sağlamlığının qorunması və qazma əməliyyatlarının fasiləsizliyinin təmin edilməsi üçün zəruri tədbirlər görmüşdür. Tədbirlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında fəaliyyət göstərən Operativ Qərargahın və TƏBİB-in müəyyən etdiyi qaydalara və təlimatlara uyğun həyata keçirilir. Düşərgədə əməkdaşların təhlükəsiz izolyasıyasını təmin etmək məqsədi ilə 160 nəfər işçinin hər biri üçün ayrıca istirahət otaqları inşa olunmuş və bütün otaqlar internet və peyk antenası ilə təchiz edilmişdir. Düşərgə bütün zəruri tibbi avadanlıqlarla təchiz edilmiş təcili tibbi yardım maşını fasiləsiz növbə çəkir. Qurğularda çalışan əməkdaşlar əvvəlcə düşərgədə yerləşdirilir, karantin müddətini keçdikdən sonra COVID-19 üzrə test nəticələri mənfi olduqda onların qurğuya getməsinə icazə verilir.

“Caspian Drilinq Compani Limited” 1996-cı ildə yaradılmışdır. Heydər Əliyev, Dədə Qorqud və İstiqlal yarımdalma qurğuları ilə Xəzər dənizində qazma əməliyyatlarını həyata keçirir. Hazırda şirkət Qazaxıstandan gətirilmiş Sətti özüqalxan qazma qurğusunda moderinizasiya işlərini həyata keçirilir.