14 yanvar 2021 17:06
351

TANAP “Şahdəniz” qazını Avropaya çatdırdı FOTO

İki qardaş ölkə -Türkiyə vǝ Azərbaycanın enerji sektorunda bu günə qədər davam edən uğurlu ǝmǝkdaşlığının  mühüm ǝlamǝtlǝrindǝn biri olan Trans-Anadolu Təbii Qaz Boru Kəməri Layihəsi (TANAP), Cənubi Qafqaz Boru Kəməri (CQBK) və Trans-Adriatik Boru Kəməri (TAP) ilə birlikdǝ Cǝnub Qaz Dəhlizinin ən vacib halqasını təşkil edir. TANAP, Azərbaycanın “Şahdəniz” yatağında hasil etdiyi tǝbii qazın Türkiyə ilə yanaşı, Avropaya daşınmasını hədəfləyir.

Azərbaycanın “Şahdəniz-2” yatağından çıxarılan təbii qaz TANAP-ın da yer aldığı Cənub Qaz Dəhlizinin son hissəsi olan Trans Adriatik Boru Kəməri (TAP) bağlantısı ilə Avropaya çataraq enerji təchizatı təhlükəsizliyinə töhfə verir.

Cənub Qaz Dəhlizinin ǝn vacib halqası olan TANAP Azərbaycanın Avropa İttifaqı ilə mövcud iqtisadi və siyasi əməkdaşlığının inkişafına daha da çox töhfǝ vermǝklǝ yanaşı, Azərbaycanı Türkiyənin ikinci ən böyük qaz tədarükçüsünǝ vǝ Avropa İttifaqının yeni tǝbii qaz tədarükçüsünǝ çevirib. Azərbaycanın “Şahdəniz-2” yatağından çıxardığı təbii qazın 2020-ci ilin son günlǝrindǝn etibarǝn Türkiyə marşrutunun ardından, Türkiyə-Yunanıstan sərhədindǝn TAP-a qoşularaq Avropaya çatdırılmasına başlandı.

Azərbaycan və Türkiyənin qitələrarası enerji işbirliyi

Yanvarın 14-də TANAP-ın baş direktoru Saltuk Düzyol onlayn mətbuat konfransı keçirib.

Mətbuat konfransında Saltuk Düzyol Azərbaycan və Türkiyə arasında davam edǝn köklü əməkdaşlığın  vacib ǝlamǝtlǝrindǝn biri olan TANAP-ın, eyni zamanda qlobal mǝnada iki ölkənin enerji sektorundakı brendlǝşmǝ prosesini dəstəklədiyini vurğulayıb: "Azǝrbaycan torpaqlarından başlayan bu proses ölkəlǝrimizin bir çox sahələrdə inkişafına töhfə vermǝklǝ yanaşı, enerji sektoruna atılan daimi bir imzadır. Tarixdə ilk dəfə olaraq Azərbaycan tǝbii qazı TANAP-ın TAP ilə birləşmǝsi ilǝ, yəni birbaşa bir boru kəməri vasitǝsilǝ Avropa bazarına ötürülür. 31 dekabr 2020-ci il tarixindən etibarən Avropaya tǝbii qaz axınının başladığı layihəmizdə ilk gün TAP vasitǝsi ilǝ Avropaya 10,9 milyon kubmetr tǝbii qaz nəql edildi. Gələcəkdə layihənin artan töhfələrini, yaratdığı dəyərləri qürurla izləməyə davam edəcəyik.”

TANAP: Strateji  bir dəyər zəncirinin ən vacib halqası

Türkiyə və Azərbaycanın enerji sektorundakı strateji ǝmǝkdaşlığının ən vacib layihələrindən biri olan TANAP-ın tamamlanmasının və TAP-ın hazır vǝziyyǝtǝ gǝtirilmǝsinin ardından Avropaya təbii qazın çatdırılmağa başlandığını vǝ belǝliklǝ yeni bir dövrün açıldığını ifadǝ edǝn TANAP-ın baş direktoru Saltuk Düzyol ölkəmizin və dünyanın aparıcı sahǝlǝrindǝn biri olan enerji sektoru, uzunmüddətli inkişafın əsas aktoru olmağa davam edəcəyini bildirib: “Enerji sahəsində beynəlxalq işbirliyinin ən uğurlu layihələrindən biri olan, xüsusi ilə Avropa Birliyi üçün alternativ bir enerji dəhlizi yaratması  baxımından strateji əhəmiyyətə malik TANAP layihəsi planlaşdırılan qrafikə uyğun olaraq tam vaxtında və proqnozlaşdırılan ilkin investisiyanın 45%-nǝ qənaət olunaraq başa çatdırılıb. Bu sǝbǝbdǝn dǝ dünya miqyasında nümunǝvi layihǝlǝrdǝn biri olan TANAP vasitǝsilǝ 2020-ci ilin dekabr ayının sonu etibarilǝ Türkiyəyə nǝql edilǝn təbii qazın ümumi hǝcmi 8,4 milyard kubmetrə çatdı. 100%-lik bir səmərəliliklǝ fǝaliyyǝtini davam etdirǝn layihəmiz ilǝ içindǝ yer aldığımız üçüncü tǝdarük ilindǝn başlayaraq istismar dövrünün sonunadǝk Türkiyǝyǝ hǝr il 6 milyard kubmetr, 2022-ci ildən etibarən də Avropaya hər il 10 milyard kubmetr tǝbii qaz tədarük etməyi hədəfləyirik. Beləliklə, ölkələrimizə və layihə tərəfdaşlarımıza  davamlı iqtisadi, sosial və mədəni sǝmǝrǝ verməyə davam edəcəyik.”

TANAP-ın 16 milyard kubmetr olan mövcud ötürücülük qabiliyyǝtinin, əlavə investisiyalar ilǝ 31 milyard kubmetrə qədər artırıla bilǝcǝk şǝkildǝ layihǝlǝndirildiyini qeyd edǝn S.Düzyol bu layihənin enerji dünyasında qazandığı uğurlarla tarixə mühüm bir imza atdığını sözlərinə əlavə etdi. Baş direktor layihənin idarəedilməsində göstǝrilǝn üstün fǝaliyyǝtə görə mərkəzi ABŞ-da olan və dünyanın ən tanınmış məslək qurumlarından biri olan “Project Management Institute” (PMI) tərəfındən “İlin Layihəsi” mükafatına  layiq görüldüyünü, eyni zamanda, layihənin reallaşdırıldığı zaman zərfində həyata keçirilən sosial və ətraf mühitin qorunması investisiya proqramları çərçivəsində  beynəlxalq aləmdə tanınan  bir çox nüfuzlu mükafata layiq görüldüyünü ifadə edib.

Yerli inkişafa dəstək

S.Düzyol məlumat verib ki, TANAP bir tərəfdən Türkiyənin və Avropanın enerji təhlükəsizliyinə töhfə verərkən, digər tərəfdən də   Türkiyədə sosial və ətraf mühit sahəsində layihələr həyata keçirib. Türkiyǝdǝ özǝl sektor vasitǝsilǝ hǝyata keçirilǝn ǝn böyük sosial vǝ ekoloji investisiya proqramlarından biri olma xüsusiyyǝtinǝ malik olan Sosial vǝ Ətraf Mühit İnvestisiya Proqramları (SEIP) vasitǝsilǝ TANAP bir tǝrǝfdǝn Türkiyǝnin vǝ Avropanın enerji təchizatı təhlükəsizliyinə töhfə verir, digǝr tǝrǝfdǝn dǝ marşrutunda yerləşən şǝhǝrlǝrdǝ, rayon vǝ kəndlərdə sosial-iqtisadi inkişafı sürətləndirməyi və təbii sǝrvǝtlǝrin mühafizǝsini hədəfləyir. Proqramın ən effektiv şəkildə həyata keçirilmǝsi mǝqsǝdilǝ 3 fərqli maliyyələşdirmə mexanizmi hazırlanıb: birbaşa qrant, birbaşa investisiya və proqrama töhfə fondları ilǝ ümumilikdǝ 20 şǝhǝr, 67 rayon və 600 kənddə 1000-dən çox layihə dəstəklǝnib.

TANAP Ətraf Mühitǝ və Sosial-İqtisadi Sahǝyǝ Təsirin Qiymətləndirilməsi (ƏMSSTQ) çərçivəsində boru kəməri marşrutu boyunca quru və su habitatlarda apardıqları tədqiqatlar zamanı müəyyənləşdirilmiş 12 yeni canlı növü dünya elm ǝdǝbiyyatına bǝxş etdi. Boru kəməri marşrutunda müəyyənləşdirilmiş 67 quru və 27 su kritik habitat üçün hazırlanmış Bioloji Müxtəliflik Fəaliyyət Planı ilǝ yanaşı, bir Bioloji Müxtəliflik Balanslaşdırma Strategiyası da hazırlanaraq ilk dəfə boru kəməri layihəsində tǝtbiq edildi. TANAP ətraf mühitə və insanlara üstünlük verən tətbiqlərinə görə “Ən yaxşı ətraf mühit təcrübələri" və “Davamlılıq" kateqoriyalarında çoxsaylı nüfuzlu beynəlxalq mükafatlara layiq görülüb.

Hǝmçinin ƏMSSTQ dövründə 106, tikinti dövründə isǝ 48 ǝdǝd olmaqla, ümumilikdə 154 arxeoloji sahə Türkiyənin mədəniyyǝt ehtiyatlarına qazandırılıb. Layihə çǝrçivǝsindǝ Muzey idarǝlǝrinin başçılığı ilə ümumilikdə 25 xilasetmə qazıntı işləri aparıldı. Bu qazıntılarda tapılan 1000-dən çox arxeoloji nümunələr müvafiq muzeylərə tǝhvil verilib.

TANAP-ın marşrutu və texniki xüsusiyyətləri

Giriş nöqtəsi Gürcüstan-Türkiyə sərhədi (Ardahan-Posof), Avropaya çıxış nöqtǝsi Türkiyə-Yunanıstan sərhədi (Ədirnǝ-İpsala) olan boru kəməri Türkiyədǝ 20 şǝhǝrin (Ardahan, Qars, Ərzurum, Ərzincan, Bayburt, Gümüşhanǝ, Girǝsun, Sivas, Yozqat, Kırşǝhǝr, Kırıkkalǝ, Ankara, Əskişǝhǝr, Bilǝcik, Kütahya, Bursa, Balıkǝsir, Çanaqqala, Tǝkirdağ və Edirnǝ) ərazisindən keçǝrǝk Avropa ölkələrinə tǝbii qazı ötürən Trans-Adriatik Boru Kəmərinə qoşulur. Layihə çǝrçivǝsindǝ Türkiyə sərhədləri daxilindǝ biri Əskişǝhǝrdə, digəri Trakyada olmaqla, milli təbii qaz ötürmə şəbəkəsinə qoşulmaq üçün iki çıxış nöqtəsinə sahibdir. TANAP müxtəlif xüsusiyyətlərə malik 2 ǝdǝd Kompressor stansiyası, 4 ǝdǝd ölçmə stansiyası, 13 ǝdǝd tǝrtibatın buraxılma kamerası, 49 Bağlayıcı armatur stansiyası və 2 ədədi Türkiyədəki milli  təbii qaz  şəbəkəsini vǝ 1 ədədi Trans-Adriatik Boru Kəməri bağlantısı vasıtəsi ilə Avropadakı beynəlxalq təbii qaz şəbəkəsinǝ ötürülmǝk üzrǝ 3 ǝdǝd təbii qaz çıxış stansiyası kimi yerüstü qurğulardan ibarətdir.

S.Düzyol məlumat verib ki, boru kəmərinin Faza-0 adlanan vǝ Ardahandan Əskişǝhǝrə qədər olan 1340 kilometrlik hissəsi 56 düym, Faza-1 adlanan Əskişǝhǝrdən İpsala-Yunanıstan sərhədinə qǝdǝr olan 457 kilometrlik hissəsi 48 düym olaraq layihǝlǝndirilib. Layihə çərçivəsində reallaşdırılan 17.5 km Çanaqqala Boğaz Keçidi isǝ 36 düym diametrli əkiz boru kəməri ilə həyata keçirilib.

Sonda jurnalistlərin suallarını cavablandıran S.Düzyol qeyd edib ki, TANAP 32 milyon kubmetr gündəlik qazötürmə qabiliyyətinə malikdir. TANAP üzərindən Türkiyənin qaz tələbi altı milyard kubmetrdir. S.Düzyol qeyd edib ki, TANAP üzərindən Naxçıvana qaz verilməsi texniki olaraq mümkündür. Ancaq Naxçıvana qaz verilməsi BOTAŞ şirkəti tərəfindən 500 milyon kubmetr həcmində həyata keçiriləcək.

Orxan Vahidoğlu, “İki sahil”