30 oktyabr 2026 19:16
173

Tarixi Zəfərimizin ideya mənbəyi: Dəmir iradə və sarsılmaz birlik

Qələbədən suverenliyə, suverenlikdən Böyük Qayıdışa uzanan yol Azərbaycanın müasir tarixində hərbi gücün, dövlət iradəsinin və quruculuq əzminin vahid məqsəd naminə birləşməsinin ifadəsidir

2020-ci il sentyabrın 27-də başlanan və Azərbaycanın şanlı tarixinə qızıl hərflərlə yazılan Vətən müharibəsi xalqımızın çoxəsrlik salnaməsində taleyüklü, dönüş nöqtəsi olan möhtəşəm mərhələdir. Otuz ilə yaxın davam edən erməni işğalına son qoyulması, ölkəmizin ərazi bütövlüyünün və tarixi ədalətin bərpası Azərbaycanın yalnız hərbi gücünü deyil, həm də xalqımızın əyilməz iradəsini bütün dünyaya nümayiş etdirdi. Bu Qələbənin arxasında dövlətimizin qətiyyətli siyasi iradəsi və Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu strategiya dayanır. Cəmi 44 gün davam edən hərbi əməliyyatlar zamanı Azərbaycan xalqı "Dəmir yumruq" ətrafında sıx birləşərək öz həmrəyliyini bütün dünyaya sübut etdi. Arxa cəbhədə hökm sürən birlik və həmrəylik ön cəbhədəki əsgər və zabitlərimizin hərbi əzmini daha da artırdı. Vətən müharibəsi Azərbaycan Ordusunun yüksək peşəkarlığını, şəxsi heyətin misilsiz igidliyini və müasir texnologiyaların döyüş meydanında tətbiqindəki məharətini ortaya qoydu.

Hərbi əməliyyatların gedişatını kökündən dəyişən və düşmənin müqavimətini qranit kimi əridən məqam əlbəttə ki, alınmaz qala hesab olunan Şuşanın azad edilməsi oldu. İşğaldan azad olunan hər bir qarış torpağımız qürur mənbəyimizə çevrilsə də, noyabrın 8-də əldə olunan tarixi Zəfər Azərbaycan xalqının yaddaşına əbədi həkk edildi. Noyabrın 10-da Ermənistan məğlub olduğunu qəbul edərək kapitulyasiya aktını imzaladı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Rusiya Federativ Respublikasının Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən imzalanan Bəyanat ilə müharibə dayandırıldı. Üçtərəfli Bəyanatdan sonra regionda hərbi əməliyyatların genişmiqyaslı mərhələsi başa çatsa da, Azərbaycan Ordusunun qarşısında yeni təhlükəsizlik çağırışları dayanırdı. Həmin dövrdə işğaldan azad edilən ərazilərdə mövqelərin möhkəmləndirilməsi, qanunsuz silahlı birləşmələrin fəaliyyətinin qarşısının alınması və əldə edilən hərbi-strateji üstünlüyün qorunması zərurəti yaranmışdı. Vətən müharibəsindəki məğlubiyyətlə barışmayan separatçılar isə hər vəchlə Azərbaycan tərəfini təxribata çəkməyə çalışır, bununla da yenidən aktiv müharibə şəraiti yaratmağa cəhd edirdilər. 2021-ci ilin mayında Azərbaycan-Ermənistan dövlət sərhədinin müəyyənləşdirilməsi ilə bağlı gərginlik artdı. Həmin ilin noyabrında sərhədin müxtəlif istiqamətlərində silahlı toqquşmalar baş verdi. Bu hadisələr müharibədən sonrakı dövrdə regionda təhlükəsizlik məsələlərinin həll olunmadığını, sərhəd mübahisələrinin və qarşılıqlı hərbi təxribatların yeni qarşıdurmalar yarada bildiyini göstərirdi. 2022-ci ilin martında Qarabağ bölgəsində vəziyyət yenidən gərginləşdi. Xocalı rayonunun Fərrux kəndi və ətraf yüksəkliklər istiqamətində yaranan vəziyyətlə əlaqədar Azərbaycan Ordusu müvafiq tədbirlər həyata keçirdi. Martın sonlarında Fərrux kəndi və ətraf yüksəkliklər üzərində nəzarət təmin edildi. Baş verən hadisədən sonra ordumuz avqustun 3-də “Qisas” adlı cavab əməliyyatı həyata keçirdi. Əməliyyat nəticəsində Qırxqız yüksəkliyi, Sarıbaba istiqamətindəki bir sıra yüksəkliklər və digər əhəmiyyətli mövqelər nəzarətə götürüldü, qanunsuz silahlı dəstələrin bir sıra hərbi obyektləri sıradan çıxarıldı. Sentyabr döyüşləri müharibədən sonrakı dövrün ən ciddi silahlı qarşıdurmalarından biri oldu. Döyüşlər nəticəsində strateji əhəmiyyətli yüksəkliklər və bir sıra mövqelər üzərində nəzarət təmin edildi.

Separatçı rejimin 2022-ci ilin sonlarından etibarən hərbi istiqamətlə paralel Qarabağ iqtisadi rayonunda qanunsuz iqtisadi fəaliyyəti, təbii sərvətlərin qanunsuz istismarı və Laçın yolu ətrafında yaranan vəziyyət regionda gərginliyi artıran məsələlər sırasında idi. Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin Laçın yolu ətrafında keçirdiyi etiraz aksiyası da bu dövrün mühüm hadisələrindən oldu. 2023-cü ilin əvvəlində sərhədin müxtəlif istiqamətlərində və Qarabağ iqtisadi rayonunda Azərbaycan Ordusunun mövqelərinə atəş açılması halları davam etdi. Aprelin 23-də isə Laçın-Xankəndi yolu üzərində dövlət sərhədində sərhəd-buraxılış məntəqəsi fəaliyyətə başladı. Bu addım Azərbaycanın beynəlxalq səviyyədə tanınmış dövlət sərhədinə nəzarətinin təmin edilməsi, silah-sursatın və qanunsuz hərbi daşımaların qarşısının alınması məqsədi daşıyırdı. Sərhəd-buraxılış məntəqəsinin yaradılması ölkənin suveren hüquqlarının həyata keçirilməsi baxımından mühüm mərhələ idi. Eyni zamanda, bu hadisə Qarabağ bölgəsindəki qanunsuz silahlı birləşmələrlə bağlı gərginliyi daha da artırdı.

Azərbaycan tərəfi bölgədə təhlükəsizliyin təmin edilməsi, qanunsuz hərbi fəaliyyətin qarşısının alınması və dövlət suverenliyinin həyata keçirilməsi məsələlərini gündəmdə saxlasa da, qanunsuz silahlı birləşmələrin bölgədə qalması davamlı təhlükəsizliyin təmin olunmasına mane olurdu. Sentyabrın 19-da isə vəziyyət yeni mərhələyə keçdi. Həmin gün Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda minanın partlaması nəticəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşları və mülki şəxslər həlak oldular, digər şəxslər yaralandı. Müdafiə Nazirliyinin məlumatına görə, baş verən genişmiqyaslı təxribatlar, mina terroru və qanunsuz silahlı birləşmələrin hərbi fəaliyyətinin davam etməsi antiterror əməliyyatının başlanmasına səbəb oldu. Əsas məqsədlər qanunsuz silahlı birləşmələrin tərksilah edilməsi, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, Üçtərəfli Bəyanatın müddəalarının icrasının təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpası idi. Bir sutkadan da az davam edən əməliyyat sentyabrın 20-də saat 13:00-da əldə olunan razılaşma ilə dayandırıldı. Razılaşmaya əsasən, qanunsuz erməni silahlı birləşmələri silahı yerə qoymalı, döyüş mövqelərini tərk etməli və tərksilah olunmalı idi. Bununla da Azərbaycan Respublikasının bütün ərazisində dövlət suverenliyinin bərpası təmin edildi. Bu mərhələ Azərbaycan Ordusunun qarşıya qoyulan tapşırıqları yerinə yetirmək qabiliyyətini, idarəetmə və koordinasiya imkanlarını, şəxsi heyətin hazırlığını və müasir döyüş təcrübəsinin əhəmiyyətini bir daha gündəmə gətirdi. Hərb meydanında əldə edilən uğurlar göstərdi ki, müasir dövrdə milli təhlükəsizlik dayanıqlı və fasiləsiz təkmilləşdirilən hərbi potensiala söykənir. Qələbədən sonra Azərbaycanın hərbi stragteqiyası yalnız mövcud potensialın qorunmasına deyil, həm də yeni nəsil texnologiyaların, komando briqadalarının və operativ idarəetmə sistemlərinin tətbiqinə yönəldi. Qlobal miqyasda hərbi-siyasi konyukturanın sürətlə dəyişdiyi bir şəraitdə, ordunun müasir standartlara uyğun şəkildə modernləşdirilməsi suverenliyin və ərazi bütövlüyünün ən etibarlı zəmanətçisi olaraq qalır.

Onu da qeyd etmək lazımdır ki, suverenliyin bərpası sadəcə hərbi-siyasi nəticə ilə məhdudlaşmırdı. Bu hadisə işğaldan azad edilən ərazilərdə təhlükəsiz həyatın qurulması, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtması və həmin ərazilərin ölkənin iqtisadi, sosial və mədəni həyatına yenidən inteqrasiyası üçün yeni imkanlar yaratdı. Azad edilən ərazilərin bərpasını, müasir yaşayış məntəqələrinin salınmasını, infrastrukturun yaradılmasını və əhalinin doğma torpaqlarında təhlükəsiz yaşayışını təmin etmək məqsədilə Böyük Qayıdış Proqramı həyata keçirilir. Qələbə döyüş meydanında qazanıldı, suverenlik bərpa edildi, indi isə həmin tarixi nailiyyətlərin qorunması və gələcək nəsillərə ötürülməsi üçün quruculuq və inkişaf prosesi davam edir.

Sevinc Azadi, “İki sahil”