23 mart 2020 11:55
1069

“Tokio 2020” Olimpiya Oyunları təxirə salınacaqmı?

Artıq neçə müddətdir ki, “COVID-19” pandemiyasının bütün dünyada yaratdığı gərginlik fonunda “Tokio 2020” Olimpiya və Paralimpiya Oyunlarının taleyi idman ictimaiyyətini ciddi narahat edir. Oyunlar təxirə salınacaq, ya yox? Bu suala yarışların təşkilatçıları ilə yanaşı, dünyanın bir çox tanınmış və təcrübəli idman mütəxəssisləri, eyni zamanda, maliyyəçilər də cavab tapmağa çalışırlar.

AZƏRTAC xəbər verir ki, pandemiyanın problemlər yaratdığı ölkələrin miqdarı, bununla yanaşı, yeni koronavirusa yoluxanların və bu xəstəlik nəticəsində həyatını itirənlərin sayı artdıqca, Olimpiya Oyunlarının təxirə salınması ilə bağlı çağırışlar daha güclü səslənməyə başlayır.

Dünənə qədər Oyunların nəzərdə tutulan vaxtda keçirilməsini birmənalı olaraq dəstəkləyən Beynəlxalq Olimpiya Komitəsində (BOK) və yarışların əsas təşkilatçısı qismində çıxış edən Yaponiya hökumətində də artıq rəsmi səviyyədə Oyunların təxirə salınmasının mümkünlüyü barədə bəyanatlar səslənməkdədir.

Belə ki, BOK martın 22-də telefon vasitəsilə keçirilən fövqəladə konfransı zamanı qlobal koronovirus pandemiyasına görə yarışların təxirə salınması da daxil olmaqla, Tokio Oyunlarının necə keçiriləcəyi ilə bağlı müzakirələrə başlandığını elan edib. Qeyd edək ki, həmin müzakirələrin qarşıdakı dörd həftə ərzində başa çatdırılması nəzərdə tutulur. BOK-dan bildiriblər ki, bununla bağlı yarışların təşkilat komitəsi, Tokio paytaxt hökuməti və Yaponiya hökuməti ilə müzakirələr aparılacaq.

Olimpiya məşəlinin Yaponiyada böyük ajiotajla və yerli sakinlər tərəfindən hərarətlə qarşılandığını əsas gətirən BOK vurğulayıb ki, bu, ev sahiblərinin Oyunları yüksək səviyyədə təşkil edəcəyinə və bütün iştirakçıların sağlamlığının mühafizəsinə nail olacağına inam yaradır.

Bəs “Tokio 2020” Olimpiya və Paralimpiya Oyunlarına hazırlıqla bağlı real vəziyyət necədir?

Əvvəlcə qeyd edək ki, hazırda görülən çoxşaxəli tədbirlərə baxmayaraq, yeni koronavirus bütün dünyada yayılmaqda davam edir. Bunun nəticəsində Olimpiya Oyunlarına lisenziya xarakterli bir çox yarışlar ya ləğv olunub ya da təxirə salınıb. Artıq dünyanın bir çox ölkələrinin idmançıları, idman təşkilatları və Olimpiya komitələri Oyunların təxirə salınması ilə bağlı açıq çağırışlar edirlər.

Xatırladaq ki, martın 17-də oyunlara dörd ay qaldığı bir vaxtda hər hansı radikal addımın atılmasının məqsədəuyğun olmadığına dair bəyanatla çıxış edən BOK səslənən çoxsaylı tənqidi fikirlərdən sonra Oyunların təxirə salınması ilə bağlı müzakirələrin mümkünlüyünü etiraf etməli oldu.

Bununla yanaşı, Yaponiyanın Baş Naziri Şinzo Abe də “Tokio 2020” Olimpiya və Paralimpiya Oyunlarının tam tərkibdə keçirilməsinin baş tutmayacağı halda, yarışların təxirə salınmasının mümkünlüyü barədə fikir səsləndirib. Baş Nazir bunu martın 23-də parlamentdəki iclasda çıxışı zamanı bildirib.

Yeri gəlmişkən, yapon cəmiyyətində Olimpiya Oyunlarının təxirə salınacağı təqdirdə Yaponiya iqtisadiyyatına dəyə biləcək zərər barədə də fikirlər səslənməkdədir. Yaponiyanın “Nikko Securities” maliyyə şirkətinin hesablamalarına görə, bu rəqəm təqribən 74 milyard 200 milyon dollar təşkil edə bilər. Şirkətin bildirdiyinə görə, yeni koronavirusun yaratdığı təhlükə nəticəsində Olimpiadanın təxirə salınması Yaponiyanın Ümumi Daxili Məhsuluna illik hesablama çərçivəsində 1,4 faiz ziyan vura bilər. Bununla yanaşı, Yaponiya korporasiyalarının gəlirləri də 2020-ci ildə 24,4 faiz azalacaq. Eyni zamanda, "Nikko Securities” şirkətində əmindirlər ki, cari ilin iyulunadək yeni koronavirusun yayılmasının qarşısı tam alınacağı təqdirdə Olimpiada keçirilə bilər.