29 mart 2020 17:33
1536

Türkiyə mediası AZƏRTAC-ın müxbirinin Azərbaycanda koronavirusla mübarizə mövzusunda məqaləsini yayıb - FOTO

AZƏRTAC-ın Türkiyə bürosunun rəhbəri Sabir Şahtaxtının “Ənənələr və dəyərlər istənilən böhrana qarşı milli mübarizənin əsaslarıdır” sərlövhəli analitik məqaləsi Türkiyə KİV-ləri tərəfindən yayılıb.

Məqalə dünyada sürətlə yayılan və çoxsaylı insan tələfatına səbəb olan yeni növ koronavirusa (COVID-19) qarşı Azərbaycanda aparılan mübarizənin mühüm istiqamətlərindən bəhs edir. İnfeksiyanın yayılmasının qarşısının alınması ilə bağlı ölkəmizdə həyata keçirilən təxirəsalınmaz tədbirlər barədə məlumat verən müəllif Prezident İlham Əliyevin xalqımıza müraciətlərindən sitatlar gətirib. Koronavirusla Mübarizəyə Dəstək Fondunun təsis edilməsi, dövlətimizin başçısının və Birinci vitse-prezident Mehriban Əliyevanın bir illik əməkhaqqı məbləğini fonda ianə etmələri, ictimaiyyətin bu təşəbbüsə fəal şəkildə qoşulması, ölkəmizdə həyata keçirilən qabaqlayıcı tədbirlər barədə mühüm məqamlar oxuculara çatdırılıb.

Məqalədə vurğulanır ki, yaşlı nəsli qorumaq, onlara hörmət və ehtiramla yanaşmaq, humanizm çağırışlarına qoşulmaq, hər zaman dövlətin yanında olmaq Azərbaycan xalqının yüksək dəyərləri, ictimaiyyətimizdə formalaşan nəcib ənənələr sırasındadır.

İlk olaraq www.yesiligdir.com və www.ekoavrasya.net saytlarında yayılan məqalə digər portallar tərəfindən də oxuculara təqdim olunub.