28 yanvar 2021 08:23
814

ÜST: Mutasiyaya uğramış koronavirus sürətlə yayılır

Dünyanın müxtəlif ölkələrində sürətlə yayılmaqdadır. İlk dəfə Böyük Britaniyada aşkarlanan koronavirusun mutasiyaya uğramış yeni variantı dünyanın 70 ölkəsinə yayılıb. “İki sahil” xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, ötən həftə bu rəqəm 60 ölkə olub.

İlk dəfə Cənubi Afrika Respublikasında (CAR) aşkarlanan ştammın da yayılma arealı kifayət qədər genişdir. Bir həftə ərzində bu ştammın aşkarlandığı ölkələrin siyahısına daha səkkiz ölkə əlavə olunub və ümumi say 31-ə çatıb. Braziliyada rast gəlinən ştamm isə indiyədək səkkiz ölkədə təsdiqlənib.

Koronavirusun Böyük Britaniya variantının daha yoluxucu olması və ölüm hallarının çoxluğu məsələsinə gəldikdə isə beynəlxalq qurumun açıqlamasında bu nəticələrə ilkin tədqiqatlar əsasında gəlindiyini və dərinləşdirilmiş araşdırma və analizlərə ehtiyac olduğu qeyd edilib. Eyni zamanda, CAR-da aşkarlanan variantın (501Y.V2) anticisim neytrallaşmasına daha az reaksiya verməsi, bəzi ekspertlərə görə, koronavirusa ikinci yoluxma halına yol aça bilər və koronavirus əleyhinə peyvəndlərin təsir gücünü azalda bilər. Qeyd edilib ki, bu istiqamətdə də əlavə tədqiqatların aparılmasına ehtiyac var.