09 iyul 2020 18:18
689

Vətəndaş məsuliyyəti, cəmiyyətin həmrəyliyi

Pandemiya ilə mübarizədə günümüzün reallıqları: Vətəndaş məsuliyyəti, cəmiyyətin həmrəyliyi

COVID-19  yayılandan bəri dünya ölkələri vətəndaşlarını pandemiyadan az itki ilə çıxarmaq üçün öz strategiyasını müəyyən etməyə başlayıblar. Dövlətlər inkişaf səviyyəsindən asılı olaraq koronavirusa qarşı mübarizədə fərqli yanaşma metodlarını ortaya qoyublar. Yeni növ koronavirusun yayılma sürəti deməyə əsas verir ki, heç bir ölkə tam şəkildə özünü bu virusdan sığortalanmış hesab edə bilməz. Hazırda pandemiyadan ən çox əziyyət çəkən ölkələr elə inkişaf etmiş ölkələrdir.  Azərbaycanla əhalisi eyni olan bəzi inkişaf etmiş ölkələrdə yoluxanların sayı 60-70 mindir, ölənlərin sayı isə 10 mini əhatə edir. Azərbaycan hökuməti pandemiyanın ilk günlərində qəbul etdiyi qərarlar nəticəsində vəziyyəti nəzarət altında saxlamağa nail olub. Prezident İlham Əliyevin rəhbərliyi altında koronavirusa qarşı tələb olunan bütün tədbirlər həyata keçirilib. Azərbaycan əhalisinin sağlamlığının qorunması, xalqımızın bu bəladan daha az itkilərlə xilas olması ilə bağlı görülən mühüm işlər uğurlu nəticələrini göstərməkdədir. Vaxtında atılan addımlar, həyata keçirilən layihələr bir daha sübut edir ki, möhtərəm Prezidentimizin siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır.

Prezident İlham Əliyev televiziya kanallarına müsahibəsində ölkədə hazırkı vəziyyət, koronavirusla mübarizə sahəsində görülən işlər və qarşıda duran vəzifələrlə bağlı fikirlərini açıqlayanda da məlum oldu ki, dövlət başçısı vətəndaşların sağlamlığını hər şeydən üstün tutur. Elə bu səbəbdən də dövıətimizin başçısı ölkənin səhiyyə sisteminin hazır vəziyyətə gətirilməsi, xəstələrin müalicəsini təşkil etmək üçün yeni xəstəxanaların tikilməsini vacib hesab edir. Etiraf edilməlidir ki, koronavirusa yoluxmuş xəstələrin müalicəsi məqsədilə tez bir zamanda xəstəxanaların tikilməsi ölkəmizin hər bir fövqəladə hadisəyə hazır olduğunun göstəricisidir. Azərbaycan dövlətinin koronavirus pandemiyasının yayıldığı ilk günlərdən onunla mübarizə istiqamətində atdığı çox mühüm addımlar sırasında modul tipli xəstəxanaların yaradılması böyük əhəmiyyət daşıyır. Məlumat üçün qeyd edək ki, hazırda  yeni yaradılmış və iyulun 6-da Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə açılışı olan Fövqəladə Hallar Nazirliyinin, Tibb Mərkəzinin Koronaviruslu xəstələrlə müalicəsi üçün nəzərdə tutulmuş, modul tipli hospitala 800 xəstənin yerləşməsi planlaşdırılır, yaxın müddətdə istifadəyə veriləcək daha bir modul tipli xəstəxana isə 1300 yerlik olacaq. Dövlət siyasətinin davamı olaraq əlavə on modul tipli xəstəxananın tikintisi nəzərdə tutulur. Hazırda ölkəmizin 45 xəstəxanasında koronavirus xəstələri müalicə alır ki, onlardan 36-sı son müddət ərzində inşa edilib. Ehtiyac yaranacağı təqdirdə isə daha 5 mindən çox xəstənin yerləşdirilməsi üçün potensial mövcuddur. Bununla yanaşı, ölkədə yoluxma sayının minimum endirilməsi məqsədilə müvafiq tədbirlər həyata keçirilir.

Vətəndaşların müayinə və müalicəsi  məqsədilə yeni, müasir standartlara cavab verən tibbi avadanlıqlar, xüsusilə müasir laboratoriyalar gətirilir. Koronavirus pandemiyasına qarşı mübarizədə müasir laboratoriyaların fəaliyyəti də bu bəlaya qarşı önləyici tədbirlərin görülməsində mühüm şərtdir. Azərbaycanda laboratoriyaların sayı 29-a çatıb və daha 15 yeni laboratoriya sifariş edilib. Laboratoriyaların sayı 44-ə çatacaq. Məhz bu laboratoriyalar imkan verir ki, insanlar testdən keçərək sağlamlıqlarını təmin edə bilsinlər. Yeri gəlmişkən qeyd edək ki, bu günə qədər 500 mindən çox test aparılıb və adambaşına düşən testlərin sayına görə Azərbaycan dünyada təqribən 40-cı yerdədir. Təkcə bu statistik rəqəm deməyə əsas verir ki, Azərbaycanda koronavirus pandemiyasına qarşı düşünülmüş şəkildə mübarizə aparılır və effektli nəticələr əldə olunur. Azərbaycanda müsbət nəticələrin əldə ediməsi o səbəbdən baş verir ki, pandemiyaya qarşı mübarizə tədbirləri ilə bağlı qərarlar qəbul olunarkən mövcud vəziyyət dərindən təhlil olunur, mütəxəssislərlə məsləhətləşmələr aparılır.

Görünən odur ki, koronavirusa qarşı mübarizə tədbirlərinə başlanıldığı ilk gündən Prezident İlham Əliyev ölkə vətəndaşlarının sağlamlığının qorunmasını, koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsini bir nömrəli vəzifə kimi qarşıya qoyub və bütün diqqəti bu sahəyə yönəldib. Bir sözlə, bu gün yeni növ koronavirus pandemiyası ilə uğurlu mübarizə, dövlətin həyata keçirdiyi tədbirlər, müvafiq strukturların uğurlu fəaliyyəti, vətəndaş məsuliyyəti, cəmiyyətin həmrəyliyi günümüzün reallığına çevrilməkdədir. 

Nigar Orucova, “İki sahil”