30 sentyabr 2020 09:52
1694

Xalqların təmizlik işləri ilə bağlı maraqlı faktlar

Sentyabr ayının 19-u dünya təmizlik günü kimi qeyd edilir. “Research Now” institutu onlayn apardığı sorğunun nəticəsində müxtəlif ölkələrin xalqlarının təmizlik, yır-yığış işləri ilə bağlı faktlar toplayıb. Faktlar olduqca maraqlıdır, məsələn, gənc fransızların 41 %-i yır-yığış zamanı rəqs edir, amerikanların dördündən biri öz-özü ilə danışır və s.

Təmizlik hamı üçün vacibdir

Ümumilikdə, müxtəlif ölkələrdən sorğuda iştirak edən insanların 94 %-i yaşayış yerinin təmiz olmasının onlar üçün önəmli olduğunu vurğulayıb.

Təmizlik işlərinə nə qədər vaxt sərf edilir?

Böyük Britaniyada həftə ərzində orta hesabla 2 saat 15 dəqiqə, Rusiyada 3 saat, Almaniyada 2 saat 17 dəqiqə, Polşada 2 saat 40 dəqiqə, Braziliyada 2 saat 25 dəqiqə, Yaponiyada 1saat 9 dəqiqə, Çində 2 saat 19 dəqiqə zaman ayırırlar.

Braziliyalılar məişətdə kimyəvi maddələrdən həddindən artıq istifadə edirlər

Qlobal olaraq hər beş nəfərdən dördü təmizlik üçün kimyəvi yuyucu vasitələrdən istifadə edir. Braziliyalılar bu baxımdan qlobal səviyyədən daha yüksəkdədir və evdə kimyəvi maddələrin istifadəsinə görə birinci yerdədirlər. Bir məhsul seçərkən tərkibinə baxıb-baxmadıqları soruşulduqda, braziliyalıların 29%-i xlor kimi güclü yuyucu maddələrə üstünlük verdiklərini söyləyiblər.

Çinlilər hesab edirlər ki, mətbəx yır-yığışı ən çətindir

Çində sorğuda iştirak edənlərin 36%-i mətbəxdə təmizlik işlərinin çox çətin olduğunu hesab edir.

Fransada hesab edirlər ki, musiqi sədaları altında yır-yığışdan gözəl iş yoxdur

Fransada musiqi fonunda evləri yığışdırmaq dəbdədir. Respondentlərin 90%-i təmizlik işləri zamanı musiqi dinlədiklərini açıqlayıblar.

Almanlar da hesab edirlər ki, musiqi sədaları altında təmizlik etmək çox xoşdur.

ABŞ-da təmizlik işləri zamanı öz-özü ilə danışırlar

ABŞ sakinləri də yır-yığış işlərini daha xoş bir məşğuliyyətə çevirmək üçün əllərindən gələni edirlər, onların 58%-i musiqi dinləməyi, 27 %-i hətta mahnı oxumağı xoşlayır. Maraqlısı odur ki, amerikanların təxminən dörddə biri boynuna alır ki, evi təmizləyərkən öz-özünə danışır.

Yaponlar elektrik avadanlıqlarını çox sevirlər

Texnologiya sevənlərin ölkəsi olan Yaponiyada sorğu iştirakçılarının 33%-i hesab edir ki, elektrik avadanlıqları olmadan təmizlik mümkünsüzdür. 82% insan yır-yığışda elektrik avadanlıqlarından istifadə edir. Bu baxımdan, yaponlar birinci yerdədirlər.

Böyük Britaniyada avtomobil hər şeydən önəmlidir

Britaniyada kişilər öz avtomobillərinə çox bağlıdırlar. Kişilərin 31 %-i ən azı həftədə bir dəfə avtomobili yuduqlarını etiraf ediblər. 8 %-i isə hər gün maşınını yuduğunu deyir. 12 %-i isə hər səhər həvəslə avtomobilin şüşə və güzgülərini təmizlədiyini bildirib.

Nubar Süleymanova, “İki sahil”