21 fevral 2020 19:11
1565

Xocalı soyqırımı insanlığa ləkə olan vandalizmdir

“Modern İnkişaf və Ailə” İctimai Birliyinin təşkilatçılığ ilə Xocalı faciəsinin 28-ci ildönümü münasibətilə  tədbir keçirildi.

Yeni Azərbaycan Partiyası  Qadınlar Şurası İdarə Heyətinin  üzvü,  Respublika Gözəllik Mərkəzinin direktoru, “Modern İnkişaf və Ailə” İctimai Birliyinin sədri Zərifə Quliyeva çıxış edərək bildirdi ki, sovet imperiyasının  366 motoatıcı alayı ilə Ermənistan hərbçilərinin törətdikləri   Xocalı soyqırımında günahsız insanlar  amansızcasına  qətlə yetirildi.

-1988-ci ildə Dağlıq Qarabağda başlanan və  daşnak siyasətinə, ideyalarına xidmət edən hadisələr,  Qərbi Azərbaycanda- Vardenisdə, Qukarkda, Qacaranda, Qafanda, Gorusda,  Alaverdidə törədilmiş qanlı aksiyalar   250 mindən artıq soydaşımızın   doğma yurdu olan Qərbi Azərbaycanı son nəfərinə qədər  tərk etməsi ilə nəticələndi. 20 Yanvar hadisəsini törətməklə  Azərbaycanın demokratiya və milli müstəqillik uğrunda mübarizəsini silah gücü ilə yatırmaq istəyən imperiya tarixi xislətini təkrarlayaraq bir daha erməni xəyanətindən yararlandığı kimi, ermənilər bu imkandan bacarıqla istifadə edərək  torpaqlarımızı işğal etdilər.   Bir  milyondan artıq soydaşımız  evlərindən didərgin, qaçqın düşdü.   Ötən əsrin ən dəhşətli  faciəsi olan  Xocalı soyqırımı törədildi.

Qeyd olundu ki, 26 fevral 1992-ci ildə  yer üzündən silinən bu şəhərin  106 nəfəri qadın, 63 nəfəri uşaq,  70 nəfəri  ahıl olmaqla 613 sakini  qətlə  yetirilmiş, 487 nəfər şikəst olunmuş, 1275 nəfər ermənilər tərəfindən əsir götürülmüş, təhqirlərə məruz qalmışdır. Onların 150 nəfərinin taleyi barədə  bu günədək xəbər  yoxdur. 24 uşaq hər iki valideynini itirmiş, 130 körpə isə bir valideynindən məhrum olmuşdur.  Soyqırım qurbanlarından 56 nəfəri  amansız  vəhşiliklə qətlə yetirilmişlər.  Bir gecədə yandırılan, külə dönən, əhalisi gülləbaran olunan Xocalı   Azərbaycan xalqının qan yaddaşıdır.

Tədbirdə Xocalı soyqırımını əks etdirən video-çarx göstərildi.

YAP Siyasi Şurasının üzvü, Ailə, Qadın, Uşaq Problemləri üzrə  Dövlət  Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova,  AMEA-nın Fəlsəfə  İnstitutunun şöbə müdiri,  professor Rəna Mirzəzadə, Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətullayeva, Qarabağ müharibəsi əlili, tibb bacısı  Rüxsarə Cumayeva, Xocalı şəhidinin həyat yoldaşı  Məlahət Məmmədova və başqaları çıxış edərək Xocalı faciəsinin insanlığa ləkə olan vandalizm aktı adlandırdılar..

Tədbir  bədii hissə ilə davam etdirildi. Vətən, torpaq, şəhidlər haqqında şeirlər səsləndirildi. Sonda şəhid ailələrinə maddi yardımlar göstərildi.

Xuraman İsmayılqızı,  “İki sahil”