19 avqust 2019 17:29
1811

Xroniki yorğunluq: Təhlükə carçısı                        

 “Yorğunluq” adlandırdığmız ciddi xəstəlik 

                                    

Səhərlər yorğun oyanmaq, gün ərzində yaşanan halsızlıq, gündəlik işləri görən zaman istəksizlik… Əksər zaman ağır iş qrafikindən qaynaqlandığınızı düşündüyünüz bu əlamətlər ciddi xəstəliklərin xəbərçisi ola bilər.

Mütəxəssislər qeyd edir ki, psixoloji gərginliyin olması - güclü stressin, depressiyaların yaranması, daim qorxu və həyəcan hissinin keçirilməsi orqanizmdə həddindən artıq yorğunluğa səbəb olur. Bununla yanaşı, qeyri-düzgün həyat tərzi, yarımçıq yatma, hərəkətsizlik, təmiz hava, günəş şüalarının azlığı xronik yorgunluğa gətirib çıxarır.

Bəs yorğunluq hansı xəstəliklərin əlamətləri sayılır?

“Medicine.az” saytında qeyd olunur ki, bəzən yanlış olaraq yorğunluğu, halsızlığı xəstəlik, diaqnoz kimi yox, sadəcə iş-güc və stresin çoxluğuna yozurlar.Yorulmuşam keçib gedəcək, deyənlər, əgər yorğunluğunuz 3-6 ay ərzində getmirsə, günlərlə yatsanız da, tətil götürüb istirahət etsəniz də azalmırsa, əksinə hər gün sizi həyatın ritmindən geriyə çəkirsə, o zaman ciddi səbəbləri, xəstəlikləri, riskləri araşdırıb, müayinə olunmaq lazımdır. Adi yorğunluqdur düşünüb, vaxtında həkimə getməməklə, müalicədə gecikən xəstələr minlərlədir.

Qan azlığı və anemiyanın müxtəlif növləri

Anemiya təkcə qanazlığı demək deyil. Onun altında müxtəlif çoxlu hemotoloji sindromlar var. Anemiya zamanı dəri ağ, qansız, göyərmiş olur, xüsusən ağız-burun ətrafı göyərir, ürək döyünmə artır, tənəffüs çətinləşir. Qanazlığı adi hemoqlobin analizi ilə bilinir. Amma anemiyanın hansı növünün olmadığı üçün müxtəlif analiz və müayinələr lazımdır ki, onu da terapevt təyin edir. Qanazlığı təkcə yeməklə düzəlmir, mütləq dərman qəbul olunmalıdır.   

Ürək xəstəlikləri      

Əgər ürəkdə ağrı, sancı yoxdursa, deməli sağlamdır düşünənlər yanılır. Adi işdən yorulma, çox gəzəndə yorğunluq, səhər-axşam əzginlik elə ürək xəstəliklərinin ilkin simptomu ola bilər. Ürək damarları normal işləmədikdə orqanizm qan və oksigenlə yaxşı təmin olunmur, ona görə insan lazımi enerjini almır və daim yorğun olur.Hazırda ürəyin diaqnostikasında ən yaxşı metod kardioqramma yox, angioqrafiya hesab olunur.     

Şəkərli diabet

Müasir dövrün bəlası, gəncləşən xəstəlik. Qlükoza orqanizm üçün enerji mənbəyidir. İnsulin dayanıqlıq olanda o hüceyrələrə lazımi miqdarda getmir və insan güc azlığı, yorğunluq hiss edir. Diabetdən öncə preddiabet mərhələsi olur, o zaman da insan əzgin, yorğun ola bilər.Ona görə istənilən uzun müddətli yorğunluq halında venadan şəkər analizi verilir. Aclıq və toxluq şəkəri fərqləndirilir. Şübhə varsa, endokrinoloqa gedib, dəqiq müayinə  olunur. Ümumdünya Səhiyyə Təşkilatı dəfələrlə bildirir ki, şəkərli diabet nəsildən, irsi keçir. Ona görə ailəsində, yaxınlarında bu xəstəlik olanlar ildə 1 dəfə yoxlanmalıdır.

Onkoloji şişlər
 

Hamının qorxduğu, istəmədiyi, gözləmədiyi diaqnoz. Çox orqanların onkologiyası uzun müddət simptomsuz gizli gedir. Amma həkimlər bildirirlər ki, ilkin mərhələdə iş qabiliyyətinin  azalması,yorğunluq, halsızlıq, başgicəllənmə elə simptomdur. Sadəcə buna önəm verilmir. Risk qrupunda siqaret çəkənlər, zərərli peşədə çalışanlar, kimyəvi maddələrlə təmasda olanlar, doğmalarında genetik onkoloji xəstəliklər olanlardır. 

Xroniki yorğunluq sindromu
 

Bu artıq yorğunluğun xəstəliyidir. Həkimlər ciddi səbəb tapmadıqda, əzgin, bitkin insanlara bu diaqnozu qoyur. Səbəbi dəqiq bilinmir. Diaqnoz üçün xəstə qan analizi verməli,ultrasəs müayinəsi olunmalı, terapevt, kardioloq və endokrinoloqdan keçməlidir. Çünki bu xəstəlik asan diaqnoz olunmur, altından 100 səbəb çıxır. Daha çox nevroloq nəzarətində xüsusi rejim, qidalanma, sakitləşdirici dərmanlarla, istirahətlə, psixoloqla müalicə edilir.

Vitamin çatışmazlığı

İndi kimin yetəri qədər vitamini var ki? Orqanizm tükənir, qidalar isə zərərli. Hətta bir vitaminin çatışmaması orqanizmin işində pozulma yaradır.
Yorğunluqda adətən D  və E vitamini, kalsium, maqnezium, yoxlanılır.Çatışmazlıq varsa, dərmanlar və dieta yazılır.

İnfeksiya xəstəlikləri

İnfeksiyaya yoluxduqda, orqanizm onun məhv edilməsi üçün xeyli enerji, güc ehtiyatı sərf edir, immunitet zəifləyir. Sağaldıqdan sonra ümumi yorğunluq, gücsüzlük hiss olunur. Amma istər uşaq, istər böyük insan il ərzində tez-tez infeksiya, virusa yoluxan insanlarda orqanizm bərpa olmur. Xüsusən xəstə olanda işə çıxan, yataq rejimində olmayan insanlar daim yorğun olur.

Xroniki yorğunluq sindromunun müalicəsi kompleks xarakter daşıyır. Bunun üçün mütləq istirahətin edilməsi, xüsusilə keyfiyyətli istirahətin edilməsi lazımdır. Gündəlik rejimə mütləq olaraq fiziki yüklənmələr (müalicəvi fiziki hərəkətlər, açıq havada gəzinti) daxil edilməlidir. Sindromun aradan qaldırılması üçün balanslaşdırılmış qidalanma rasionu, seqmentar və ya ümumi massaj, yorğunluq simptomlarını yarada bilən patologiyaların terapiyası, gündəlik olaraq müsbət emosiyalar mənbəyinin tapılması kimi tədbirlər həyata keçirilməlidir. Emosional vəziyyətlərdən və gərgin fiziki işlərdən yayınmaq məsləhətdir.

Yaqut Ağaşahqızı,

“İki sahil”