21 sentyabr 2020 18:16
1000

Yalnız müstəqillik dövründə milli sərvətlərimiz xalqımızın maraqlarına xidmət etməyə başlamışdır

Dövlətimizin başçısı İlham Əliyev  Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimi çərçivəsində Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və Real Televiziyasına müsahibəsində bir daha müstəqilliyin üstünlüklərindən bəhs edərək bildirmişdir ki, müstəqillik bizim əsas dəyərimizdir və biz nə qədər güclü olsaq, nə qədər qüdrətli olsaq, müstəqilliyimiz o qədər də möhkəm olacaq

 

«Bu gün  biz özümüzü dünya miqyasında müstəqil ölkə kimi  təqdim edə bilmişik, müstəqil siyasət aparan ölkə kimi tanınırıq. Əlbəttə ki, bunun təməlində güclü siyasi iradə, xalq-iqtidar birliyi, bir  çox başqa amillər dayanır. Onların arasında iqtisadi müstəqillik xüsusi yer tutur.» Dövlətimizin başçısı İlham Əliyev  uğurlar fonunda bu reallığı da xüsusi qeyd edir ki,  möhkəm təməl, düzgün müəyyənləşdirilən siyasət, yol, perspektivə işıq salan hədəflər uğurların davamlılığını şərtləndirir. 29 illik müstəqillik tarixinə malik olan Azərbaycanın ilk müstəqillik illərini, yəni 1991-1993-cü ilin iyununadək  olan dövrü bir kənara qoysaq, 1993-cü ildən, ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qaydışından başlanan  yol ölkəmizə yalnız və yalnız uğurlar qazandırıb, Azərbaycan xalqı  öz təbii sərvətlərinin əsl sahibinə çevrilib.

     29 illik müstəqillik tarxinə malik olan Azərbaycana hansı sahədən baxış keçirsək yalnız və yalnız davamlı uğurların şahidi olarıq. «İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir» tezisini həyata keçirdiyi siyasətin önündə saxlayan ulu öndər Heydər Əliyevin iqtisadiyyatın inkişafında neft amilinə böyük önəm verməsi uzaqgörən siyasətinin göstəricisidir. Ölkəmizi 1991-1993-cü illərin xaosundan, anarxiyasından, iqtisadi böhranından çıxaran ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə 1994-cü il sentyabrın 20-də  «Əsrin müqaviləsi»nin imzalanması Azərbaycanın iqtisadi inkişafının, dünya iqtisadi sisteminə inteqrasiyasının əsasını qoydu.  Azərbaycan qısa müddətdə böyük investisiyalar məkanına çevrildi. Yeni-yeni sazişlərin imzalanmasına, layihələrin gündəmə gətirilməsinə və icrasına geniş yol açdı.  «Əsrin müqaviləsi»nin 23 illiyi ərəfəsində «Yeni əsrin müqaviləsi»nin imzalaması Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və rolunun, etibarlı tərəfdaş kimi möhkəmlənən  mövqeyinin təqdimatı oldu.   Dövlətimizin başçısı İlham Əliyev «Əsrin kontraktı»nın uzadılmasının, yeni kontraktın imzalanmasının tarixi hadisə olduğunu önə çəkərək  BTC və BTƏ neft-qaz kəmərlərinin ardınca Cənub Qaz Dəhlizinin rəsmi açılışının,  TANAP-ın istifadəyə verilməsinin, TAP-ın isə cari ilin sonunadək istifadəsinin nəzərdə tutulmasının  əsas məqsədinin  ölkəmizi gücləndirmək olduğunu xüsusi qeyd edir:  «Azərbaycanın qüdrəti, iqtisadi potensialı, siyasi çəkisi, regional müstəvidə rolu artır və bu kontraktlar bizə böyük iqtisadi mənfəət, səmərə verir. Təsəvvür etmək mümkün deyil ki, əgər “Əsrin kontraktı” imzalanmasa idi, biz indi hansı vəsaitlə bütün bu abadlıq-quruculuq işlərini görə bilərdik. Düzdür, bu gün əsas məqsədimiz qeyri-neft sektorunun inkişafıdır və biz əsas gücü bu istiqamətə yönəldirik. Ancaq onu da hamımız bilməliyik ki, əgər neft gəlirlərindən səmərəli şəkildə istifadə etməsəydik, Neft Fondunda böyük vəsaiti yığmasaydıq, infrastruktur layihələrinə və digər layihələrə yönəltməsəydik, əlbəttə, bizim indiki vəziyyətimiz kəskin şəkildə fərqlənə bilərdi. Biz bütün bu işləri düşünülmüş şəkildə görmüşük, neftdən və qazdan gələn gəlirlər insan kapitalına yönəldilib, infrastruktur layihələrinin icrasına, özəl sektorun inkişafına istiqamətləndirilib. Eyni zamanda, bu layihələr ölkəmizin beynəlxalq arenadakı rolunu, çəkisini artırır. Bu gün bizim iştirakımız olmadan bu regionda heç bir layihə, hətta heç bir siyasi təşəbbüs reallaşa bilməz. Azərbaycan bu gün dünya miqyasında özünü güclü dövlət kimi təsdiqləyib.»

    Dövlətimizin başçısı İlham Əliyev  Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimi çərçivəsində Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və Real Televiziyasına müsahibəsində  «Azərbaycan qədim neft diyarıdır. Ölkəmizdə uzun illər - həm çar Rusiyası dövründə, həm Sovetlər dövründə, həm də indiki müstəqillik dövründə neft hasil olunub. O dövrlərdə və müstəqillik dövründə neft amilinin rolunu necə xarakterizə edərdiniz» sualını cavablandırarkən müstəqilliyin üstünlüklərini əsaslı şəkildə diqqətə çatdırmışdır. «Azərbaycan o ölkədir ki, XIX əsrin ortalarında ilk dəfə sənaye üsulu ilə neft hasil edilibdir. XX əsrin ortalarında tarixdə ilk dəfə dəniz yataqlarından neft Azərbaycanda hasil edilibdir. Ancaq əgər biz tarixə baxsaq görərik ki, o vaxt Azərbaycanda çıxarılan neft Azərbaycan xalqının maraqlarına xidmət etmirdi. Çünki çar Rusiyası dövründə varlılar varlanırdı, amma kasıblar daha da ağır vəziyyətə düşürdü, insanların əməyi çox ağır idi. Bir daha deyirəm, Azərbaycanda çıxarılan neft Azərbaycan xalqının maraqlarına xidmət etmirdi» söyləyən ölkə Prezidenti bir daha   vurğulamışdır ki, Azərbaycan neft-qaz sahəsində zəngin ənənələrə malik ölkədir. Çar Rusiyası dövründə bir sıra zəngin neft maqnatları geniş xeyriyyəçilik fəaliyyəti ilə seçilmiş, milli mədəniyyətimizin inkişafına, xalqımızın intellektual  potensialının yüksəlməsinə mühüm töhfələr vermişlər. Sovetlər Birliyi dövründə Azərbaycanın zəngin ehtiyatları istismar olunmuş, ölkəmizə qarşı ədalətsiz mövqe nümayiş etdirilmişdir. Sovetlər Birliyindən Azərbaycana acınacaqlı vəziyyət, dağılmış neft infrastrukturu miras qalmışdır. Keçmiş İttifaqda, xüsusilə Mixail Qorbaçovun idarəçiliyi zamanında Azərbaycana qarşı düşmən münasibəti göstərmişlər. Azərbaycanlıların qəhrəmanlıq səhifələri tarixdən silinmiş və ya kölgədə saxlanmışdır. Bir sözlə, istər çar Rusiyası dövründə, istərsə də Sovetlər dövründə Azərbaycan nefti Azərbaycan xalqının maraqlarına xidmət etməmişdir. Yalnız müstəqillik dövründə Azərbaycan xalqı öz sərvətlərinə sahib çıxmış, milli sərvətlərimiz xalqımızın maraqlarına xidmət etməyə başlamışdır: «İndi baxın, müstəqillik dövründə, hələ 30 ili tamam olmayıb, amma biz hansı işləri görürük. Bu gün Azərbaycan nefti tam şəkildə Azərbaycan xalqının maraqlarına xidmət edir və nəinki nəhəng neft-qaz layihələri, bütün başqa sahələr də. İndi Azərbaycan bütün reytinqlərdə ən qabaqcıl yerlərdədir. Azərbaycanda aparılan infrastruktur siyasəti, infrastruktur layihələrinin icrası nümunə kimi göstərilir. Sovet vaxtında bizim dağ rayonlarımızda qaz xətləri yox idi. Daşkəsən, Gədəbəy, Lerikə ilk qaz xətlərini biz çəkdirdik. O vaxt Azərbaycan qazı başqa respublikalara nəql edilirdi, ancaq respublikanın bəzi yerlərində qaz yox idi. İndi qazlaşdırma 96 faizdir. Bu gün biz infrastruktur layihələrinin təhlilinə verilən qiymətə görə dünyada qabaqcıl yerlərdəyik. Davos Forumu avianəqliyyat, dəmir yolu nəqliyyatı sahələrində Azərbaycanı 11-12-ci yerlərə layiq görüb. Yol infrastrukturunun keyfiyyətinə görə dünyada 27-ci yerdəyik.»

      Ulu öndər Heydər Əliyevin böyuk uzaqgörənliklə yaratdığı Dövlət Neft Fondunun vəsaitləri hesabına ölkəmizin hərtərəfli inkişafına xidmət edən mühüm sosial-iqtisadi layihələr həyata keçirilir. Malik olduğu enerji resurslarından səmərəli istifadə etməklə iqtisadi və maliyyə imkanlarını genişləndirən ölkəmizin  digər sahələrdə də əldə etdiyi göstəricilər diqqətçəkəndir.   «Bizim digər sosial infrastruktur layihələrimiz - müstəqillik dövründə 3700 məktəb tikilib və təmir edilib. Amma müstəqilliyə qədər o məktəblər nə gündə idi. 700-dən çox xəstəxana tikilib və ən müasir avadanlıqla təchiz edilib. Biz kosmik dövlətə çevrildik, biz nəhəng neft-qaz layihələri icra edirik. Təkcə iqtisadiyyat və sənaye sahəsində yox, baxın, idman sahəsində, Olimpiya Oyunlarında medalların sayına görə 14-cü yerdəyik» söyləyən cənab İlham Əliyev belə bir sualla müraciət edir:  Sovet dövründə bunu təsəvvür etmək mümkün idimi? Əgər o vaxt kimsə desəydi ki, bunların biri mümkündür, bəlkə də ona gülərdilər. Budur, müstəqilliyin üstünlüyü. Biz azad, müstəqil ölkədə yaşayırıq, öz taleyimizin sahibiyik. Bizim təbii resurslarımız xalqımızın maraqlarına xidmət edir.

  Cənab İlham Əliyevin qeyd etdiyi kimi, neft gəlirləri düzgün istiqamətləndirilir, müstəqilliyimizin, suverenliyimizin qarantı olan ordu quruculuğu istiqamətində də biri-birindən mühüm addımlar atılır. Bir məqamı xüsusi qeyd etməliyik ki, dövlət büdcəmizdən  ayrılmalarda əsas yeri müdafiə xərcləri, sonra isə təhsil xərcləri tutur.  Müharibə şəraitində yaşayan ölkə olaraq ordumuzun maddi-texniki bazasının möhkəmləndirilməsi prioritetdir. Məhz bu istiqamətdə atılan addımların, eyni zamanda, ordumuzun gücünün, qüdrətinin nəticəsidir ki.  böyük inam və  qətiyyətlə bildiririk ki,  Azərbaycan Silahlı Qüvvələri işğal altında olan torpaqlarımızı işğaldan tam azad etmək iqtidarındadır. 2016-cı ilin Aprel döyüşləri, 2018-ci ilin Naxçıvan qələbələri, eyni zamanda, bu il iyulun 12-də Azərbaycan-Ermənistan sərhədinin  Tovuz istiqamətində  erməni silahlı qüvvələrinin  təxribatlarının qarşısının qətiyyətlə alınması deyilənlərin təsdiqidir.

  Bu gün Azərbaycan bütün sahələrdə inkişaf və tərəqqi dövrünü yaşayır. Dövlətimizin başçısı İlham Əliyev qeyd olunan müsahibədə bildirmişdir:  «Müstəqilliyin üstünlükləri göz qabağındadır. Əgər kimsə hansısa nostalgiyaya görə keçmiş dövrləri məhəbbətlə xatırlayırsa, biz o adamlara tutarlı cavablar verməliyik. Müstəqilliyə qarşı çıxan və onu aşağılamağa çalışan hər bir fərd dövlətimizə xəyanət edir. Müstəqillik bizim əsas dəyərimizdir və biz nə qədər güclü olsaq, nə qədər qüdrətli olsaq, müstəqilliyimiz o qədər də möhkəm olacaqdır.»

   İqtisadi və siyasi islahatların vəhdətliyinin yüksək səviyyədə təmin edilməsi davamlı inkişafı şərtləndirən əsas amillərdir. Demokratikləşmə dövlətimizin siyasətində sadəcə bir şüar, niyyət deyil, hərtərəfli inkişaf üçün əsasdır. İlk gündən demokratiya yolunu tutan Azərbaycan bu istiqamətdə  mühüm uğurlara imza atıb.  Ölkəmizin    qazandığı uğurların miqyasının genişliyi müxtəlif sahələri əhatə edən beynəlxalq səviyyəli tədbirlərə ev sahibliyi etməsindən də aydın görünür. Hər sahədə malik olduğu təcrübəni təqdim etmək imkanları qazanan Azərbaycan bu reallığı da ortaya qoyur ki, Şərqlə Qərbin qovşağında yerləşməklə ölkələr, xalqlar arasında dostluq körpüsünün günbəgün möhkəmlənməsinə davamlı töhfələr verir. İnsan hüquqlarının qorunması, söz və mətbuat azadlığının təmin edilməsi, çoxpartiyalı sistemin yaradılması, seçkilərin demokratik, beynəlxalq standartlara uyğun keçirilməsi və s kimi amillər demokratiyanın əsası kimi ölkəmizdə bərqərar olunub.  Cənab İlham Əliyev çıxışlarında daim bildirir ki, tarixi paralellər fonunda Azərbaycanın müstəqillik tarixində  qazandığı uğurları təhlil etmək gündəlik işimiz olmalıdır. Bu sahədə mətbuatın üzərinə böyük məsuliyyət düşdüyü dövlətimizin başçısının çıxışlarında əsas yer tutur. 

   Söz azadlığı hər bir ölkə üçün, ölkənin inkişafı üçün ən vacib olan məsələlərdən biridir.   Hər sahədə olduğu kimi, bu istiqamətdə də inkişafın təməli 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra qoyuldu. Siyasi plüralizmin  təmin edilməsi, kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyətinə əlverişli şəraitin yaradılması dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir.

      Bu fakt inkaredilməzdir ki, ulu öndər Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi siyasətin və bu xəttin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində  arxada qalan hər il əvvəlki ildən daha möhtəşəm uğurlarla tarixə yazılır. Ölkənin bu uğurlarının ölkə ictimaiyyətinə dolğun şəkildə, heç bir təhrifə, qərəzçiliyə yol vermədən çatdırmaq yazılı və elektron KİV-lərin əsas vəzifəsi kimi öndədir. Azərbaycan  KİV-lərin sayına görə  MDB və Şərqi Avropa  ölkələri arasında  lider mövqedə dayınır. Ölkədə minlərlə  kütləvi informasiya vasitəsi dövlət qeydiyyatına alınıb. Azərbaycanda  internet istifadəçilərinin sayı 85 faizdən çoxdur. İKT-nin inkişafı istiqamətində atılmış addımlar nəinki ölkəmizdə rəğbətlə  qarşılanır, dünya birliyində də  yüksək dəyərləndirilir.  Atılan addımlar bir daha bu reallığı ortaya qoyur ki, dövlətin əsas niyyəti  Azərbaycan vətəndaşlarını  informasiya mənbələrinə çatdırmaqdır.

     Dövlətimizin başçısı hər çıxışında Azərbaycanın müstəqillik tarixində keçdiyi yola nəzər salaraq bu fikri bəyan edir ki, müstəqillik  atributlarla ölçülmür. Müstəqil olmaq müstəqil siyasət yürütməkdir. Azərbaycan hər sahədə atdığı addımları ilə müstəqil dövlət olduğunu və müstəqil siyasət həyata keçirdiyini təsdiqləyir. İlk demokratik respublika iki il yaşasa da, demokratik ənənələrin əsasını qoyub. Bu gün  Azərbaycan beynəlxalq arenada yüksək nüfuza malik ölkədir.

    Azərbaycanın iqtisadi və siyasi uğurları beynəlxalq münasibətlər sistemində yeri və rolunun artmasına öz müsbət təsirini göstərir. Belə ki, 2011-ci ildə ölkəmizin   155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi uğurlarımıza, ədalətli mövqeyinə verilən dəyər kimi qəbul olundu.  «Bu, fəaliyyətimizə, məsuliyyətli, etibarlı tərəfdaş olmağımıza verilən dəstək idi» söyləyən ölkə Prezidenti bir daha bəyan etmişdir ki,  Azərbaycan müstəqil xarici siyasət yürüdən dövlətdir və bu siyasət milli maraqlara söykənir, heç kəsə qarşı yönəlməyib.

    Xalqımızın multikulturalizm ənənələri müxtəlif dinlər, xalqlar arasında sağlam münasibətlərin qurulması baxımından parlaq nümunədir. Təbii ki, bu da ölkəmizin yerləşdiyi çoğrafi məkana əsaslanır. Belə ki, Şərqlə Qərbin qovşağında yerləşən Azərbaycan müxtəlif mədəniyyətləri, dinləri özündə birləşdirməklə multikulturalizm ənənələrinin inkişafına davamlı töhfələr verir. Dövlətimizin  başçısı İlham Əliyevin Sərəncamı ilə 2016-cı  ilin «Multikulturalizm ili», 2017-ci ilin «İslam Həmrəyliyi ili» elan edilməsi də Azərbaycanın bu təcrübəsindən irəli gəldi.

Hər bir çıxışında diqqəti yeganə problemimiz olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə yönəldən Prezident İlham Əliyev rəsmi Bakının dəyişməz olan mövqeyini bir daha bəyan edir. Məsələ beynəlxalq hüququn norma və prinsipləri əsasında həllini tapmalıdır. Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyil və ola bilməz. Dövlətimizin başçısı  yerli televiziyalara müsahibəsində də  “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimində qeyd etmişdiniz ki, “necə ki, bu gün biz vaxtilə tərk edilmiş “Qarabağ” yatağına qayıdırıq, eyni qaydada biz doğma Qarabağ torpağımıza da qayıdacağıq”. Əminik ki, o gün uzaqda deyil» sualına cavabında böyük inam və qətiyyətlə bildirmişdir ki, bəli, biz mütləq öz torpaqlarımıza qayıdacağıq. Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır, tarixi Azərbaycan torpağıdır. 1990-cı illərin əvvəllərində, o vaxt Azərbaycanda hakimiyyətdə olmuş insanların xəyanəti, satqınlığı nəticəsində biz Dağlıq Qarabağı müvəqqəti olaraq itirdik: «Mən bugünkü müsahibədə müstəqilliyə qədər bəzi məqamları dilə gətirdim ki, Azərbaycan ictimaiyyəti bu hadisələri unutmasın, gənc nəsil də bunu bilsin. Dağlıq Qarabağ bizim qədim, tarixi torpağımızdır və biz mütləq o torpaqlara qayıdacağıq. Dağıdılmış bütün tarixi abidələri, evləri bərpa edəcəyik. Küçələrə Azərbaycan adlarını verəcəyik, adları dəyişdirilmiş kəndlərə öz əsl adlarını qaytaracağıq. Biz mütləq bunu edəcəyik. Çünki haqq-ədalət bizim tərəfimizdədir. Bizim başqa ölkələrin torpağında gözümüz yoxdur, öz torpağımızı da heç kimə verən deyilik. Bu gün mövcud olan Ermənistan tarixi Azərbaycan torpaqlarında yaradılıbdır. Bu haqda kifayət qədər tarixi sənədlər var. İkinci erməni dövlətinin yaradılmasına biz heç vaxt imkan verməyəcəyik. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!»

   Azərbaycanın 29 illik müstəqililk tarixini qısa vərəqləyərək  bir daha bu fikri böyük əminliklə qeyd edirik ki,  möhkəm təməl, ölkəsinin, xalqının gələcəyini düşünən liderin qətiyyəti, siyasi iradəsi ən böyük çətinlikləri dəf etməyə əsas verir. Azərbaycanın bu gününü müstəqillik tarixinin ilk illəri ilə müqayisə etdikdə bu reallığı daha aydın görürük.  1991-1993-cü illərdə müstəqilliyini itirmək, bir dövlət olaraq dünya xəritəsindən silinmək təhlükəsini yaşayan Azərbaycanın bu gün müstəqilliyi əbədidir, dönməzdir, sarsılmazdır.

Yeganə Əliyeva, «İki sahil»