Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının “Azəriqaz” İstehsalat Birliyi üzrə ərazi ilk təşkilatında partiyanın yaranmasının 27-ci ildönümü ilə əlaqədar tədbir keçirildi
Noyabrın 18-də Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının “Azəriqaz”” İstehsalat Birliyi üzrə ərazi ilk təşkilatı partiyanın yaranmasının 27-ci ildönümü ilə əlaqədar tədbir keçirdi.
Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı, ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra tədbiri giriş sözü ilə açan Birliyin Baş direktoru Ruslan Əliyev bu gün ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının yaranmasını zərurətə çevirən amillərdən, həmçinin müstəqilliyimizin ilk illərində Azərbaycanın üzləşdiyi çətinliklərdən, 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycanın inkişaf, tərəqqi yoluna çıxmasından, son 16 ildə bu siyasi kursu uğurla davam etdirən dövlətimizin başçısı İlham Əliyevin təkmil islahatlarından geniş bəhs etdi. Bildirdi ki, respublikamızın ağır günlərində, ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycanın uzaqgörən, mütərəqqi insanlarının, ziyalıların təşəbbüsü və fəal iştirakı ilə 21 noyabr 1992-ci ildə təsis konfransını 550 nümayəndənin iştirakı ilə keçirən Yeni Azərbaycan Partiyasının bu gün sıralarında 750 minə yaxın üzvü birləşdirməsi Heydər Əliyev ideyalarına sədaqətin, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə inamın göstəricisidir.
R.Əliyev qeyd etdi ki, YAP ötən 27 ildə inkişafın bütün sahələrinə nüfuz etmiş, daha da təkmilləşmiş, Azərbaycanın hər biri uğurunda öz payı, yeri vardır. Ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın dünya miqyasında tanınmasında, regionun lider dövlətinə çevrilməsində Yeni Azərbaycan Partiyasının rolu inkaredilməzdir. Partiyanın hər bir üzvü dövlətə, xalqa xidməti fəaliyyətinin əsas prinsipi kimi qəbul edərək bu istiqamətdə ciddi səylər göstərir.
YAP Xətai rayon təşkilatının “Azəriqaz” İB üzrə ərazi ilk təşkilatının sədr müavini Cəlal Musayev bildirdi ki, yaranmasının 27-ci ildönümünü qeyd etdiyimiz Yeni Azərbaycan Partiyasının yaranma zərurəti illər keçdikcə daha aydın görünür, təhlillər fonunda bu reallıq diqqətə çatdırılır ki, bu mühüm hadisə müasir Azərbaycanın dövlətçiliyi tarixində dönüş nöqtəsi idi. Tariximizə qızıl hərflərlə yazılan “91-lər”in müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevə 16 oktyabr 1992-ci il tarixli “Azərbaycan Sizin sözünüzü gözləyir” müraciəti müstəqilliyimizin əbədiliyini təmin etdi. Xalqın böyük əksəriyyətinin istəyinin ifadəsi olan həmin müraciətdə qeyd olunduğu kimi, o çətin günlərdə məsuliyyətli işi öz üzərinə götürməyə qadir yeganə şəxs ulu öndər Heydər Əliyev idi. Dahi şəxsiyyət Heydər Əliyevin müraciətə “Yeni, müstəqil Azərbaycan uğrunda” cavabı Onun Azərbaycanın müstəqilliyi üçün yaranan təhlükələrdən narahatlığının ifadəsi kimi dəyərləndirildi. Həmin cavabda Ümummilli Lider bu inamı ifadə etmişdir ki, yaradılması obyektiv zərurətdən doğan Yeni Azərbaycan Partiyası ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər. Əgər belə partiya yaradılarsa, onun fəaliyyətində fəal iştirak etməyə hazıram.
C.Musayev qeyd etdi ki, dahi şəxsiyyət Heydər Əliyev bu cavabı ilə xalqına, dövlətinə, Vətəninə sevgisini, bağlılığını bir daha nümayiş etdirdi. Bu günümüzün reallıqları Ulu Öndərin “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır” tezisinin təsdiqidir. Partiyanın ən önəmli, bu günümüz üçün zəruri olan uğuru yaranmasından 6 ay sonra iqtidar partiyasına çevrilməsi oldu.
O da bildirildi ki, SOCAR-ın digər strukturları kimi, onun ayrılmaz hissəsi olan “Azəriqaz” İB-nin kollektivi və ilk partiya təşkilatı respublikamızın qazandığı bu nailiyyətlərdən, uğurlardan ruhlanaraq öz işini daim təkmilləşdirir, qarşıda duran vəzifələrin vaxtında yerinə yetirilməsinə ciddi səylər göstərir. Bu gün “Azəriqaz” İB üzrə ərazi ilk təşkilatı öz ətrafında 450 nəfərə yaxın üzvü birləşdirir. Yeni üzvlüyə qəbul olunanların 70 faizdən çoxu gənclərdir. “Azəriqaz”İB kollektivi və onun ilk partiya təşkilatı yarandığı gündən ulu öndər Heydər Əliyevin siyasi kursuna və onun layiqli davamçısı cənab İlham Əliyevin yeritdiyi siyasətə öz sadiqliyini əməlləri ilə sübut edirlər.
YAP Xətai rayon təşkilatının sədri, Milli Məclisin deputatı Hüseynbala Mirələmov bildirdi ki, 1993-cü ildə ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı müstəqil Azərbaycanın, Yeni Azərbaycan Partiyasının tarixində önəmli mərhələnin təməlini qoydu. Son 16 ildə Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyevin qeyd etdiyi kimi, YAP nəinki ölkənin, regionun aparıcı siyasi təşkilatıdır.
“Əbəs yerə deyilmir ki, zaman hakim, tarix isə yaddaşdır” söyləyən YAP Xətai rayon təşkilatının sədri vurğuladı ki, müstəqilliyimizin ilk illərində Azərbaycanın yaşadıqları yaddaşlardadır. Azərbaycanı müstəqilliyini itirmək, dünya xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qoyan o vaxtkı iqtidar, bu gün isə özlərini müxalifətin “öncülləri” kimi təqdim edən qüvvələr məhz bu reallığı unutmamalıdırlar ki, gələcəyə keçmişləri ilə addımlayırlar.
H.Mirələmov qeyd etdi ki, xalqın inamını qazanan bir partiyanın uğurlu gələcəyi danılmazdır. Bu inam partiyanın yaradıcısı ulu öndər Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi siyasət, eyni zamanda, son 16 ildə bu xəttin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində qazanılıb. Populizmdən uzaq olan Yeni Azərbaycan Partiyası real işləri, yeni-yeni hədəflərə verdiyi töhfələri ilə diqqət çəkir. Dövlətə, xalqa xidmət YAP-ın fəaliyyətinin əsas istiqamətidir. Partiyanın ölkədə keçirilən seçki prosesləri üçün seçdiyi şüarlar həmin dövr üçün müəyyənləşdirdikləri hədəflərə, qarşıya qoyduqları məqsədlərə işıq salır. Əgər əvvəllər Yeni Azərbaycan Partiyası “Yeni, müstəqil Azərbaycan uğrunda” devizini əsas tuturdusa, bu gün artıq yeni hədəflərə doğru “İlhamla irəli” deyir. Bu hədəflər isə hər kəsə məlumdur. Azərbaycanı inkişaf etmiş ölkələr sırasında görmək istəyimiz bütün sahələrdə uğurlu nəticələri, onlara yol açan təkmilləşməni və yeniləşməni bir tələb kimi ortaya qoyur. Bu gün müstəqil Azərbaycana hansı tərəfdən baxsaq, yalnız və yalnız inkişafı görmək mümkündür. Təbii ki, bu uğurlarda ulu öndər Heydər Əliyevin yaradıcısı olduğu, hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edən Yeni Azərbaycan Partiyasının töhfələri davamlıdır.
“Tarixə uğurlar, qələbələr partiyası kimi daxil olan Yeni Azərbaycan Partiyasına milyonların sevgisi şəksizdir” söyləyən H.Mirələmov bildirdi ki, partiya hər bir seçkidən uğurla çıxmaqla xalqın dəstəyinin nə qədər böyük olduğunun şahidinə çevrilir. 2019-cu il ölkəmizdə bələdiyyə seçkiləri ilidir. Yeni Azərbaycan Partiyasının bu seçki prosesindən də uğurla çıxacağı, Azərbaycanın demokratik inkişaf tarixinə yeni bir səhifənin yazılacığı qaçılmazdır.
H.Mirələmov Yeni Azərbaycan Partiyasının rayon təşkilatları arasında YAP Xətai rayon təşkilatının ilk yarananlardan olduğunu önə çəkərək, təsis konfransını 1993-cü il fevralın 13-də keçirən təşkilatın özündə 4 seçki dairəsini, 135 ərazi ilk partiya təşkilatını, eyni zamanda, 16371 üzvü birləşdirdiyini diqqətə çatdırdı.
YAP Xətai rayon təşkilatının sədri H.Mirələmov ölkənin ictimai-siyasi həyatında xüsusi fəallığına görə “Azəriqaz” İB üzrə ərazi ilk təşkilatına Fəxri fərman təqdim etdi.
Sonra gündəliyə uygun olaraq təşkilati məsələlərə baxıldı. 9 nəfərdən ibarət İdarə Heyətinin tərkibi təsdiqləndi. “Azəriqaz” İB-nin Baş direktoru Ruslan Əliyev YAP Xətai rayon təşkilatının “Azəriqaz”İB üzrə ərazi ilk təşkilatının sədri, Cəlal Musayev və Əlibaba Bayramov təşkilatın sədr müavinləri seçildi.
Sonda partiya sıralarına yeni daxil olmaq istəyənlərin müraciətinə baxıldı.
Yeganə Əliyeva,
Vüsal Cahanov (foto), “İki sahil”