14 mart 2019 18:47
177

“YARAT” Müasir İncəsənət Məkanı bu ilin ilk səyyar sərgi sərgisini Qaxda açıb

“YARAT” Müasir İncəsənət Məkanı martın 14-də Qax Dövlət Rəsm Qalereyasında incəsənət həvəskarlarına “Yenə o bağ olaydı” adlı səyyar sərgini təqdim edib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, sərginin açılış mərasimində çıxış edən “YARAT” Müasir İncəsənət Məkanının ictimaiyyətlə əlaqələr departamentinin direktoru Hökümə Kərimova səyyar sərginin qurum tərəfindən Qax rayonunda təşkil edilən sayca ikinci sərgi olduğunu diqqətə çatdırıb. Bildirilib ki, İncəsənət Məkanının 2016-cı ilin iyulunda Qax Dövlət Rəsm Qalereyasında təşkil etdiyi “Zamanın izləri” adlı sərgi də incəsənət həvəskarlarının böyük marağına səbəb olmuşdu. Budəfəki sərginin proqramına YARAT-ın daimi kolleksiyasında olan əsərlərin nümayişi ilə yanaşı, müasir incəsənətin təbliği ilə bağlı seminar və ustad dərslərinin keçirilməsi də daxil edilib.

Qax Rayon İcra Hakimiyyəti başçısının müavini Vəfa Heydərova regionlarda belə sərgilərin təşkilinin mühüm əhəmiyyət daşıdığını qeyd edərək, sərginin təşkilinin rayonun mədəni həyatında çox əlamətdar hadisə olduğunu vurğulayıb. İcra hakimiyyətinin rəsmisi 2019-cu ilin ilk səyyar sərgisinin məhz Qax rayonunda təşkilinə görə YARAT-ın rəhbərliyinə sənətsevərlər adından minnətdarlığını bildirib.

Sərginin kuratoru Anna Fech səyyar sərgi haqqında qısa məlumat verib. Bildirib ki, məşhur italyan rəssamı Mikelancelo Pistolleto və perspektivli yerli rəssamların əsərlərindən ibarət “Yenə o bağ olaydı” səyyar sərgisi dahi rəssam tərəfindən ərsəyə gətirilmiş “Üçüncü cənnət” nəzəriyyəsini müzakirə etməklə “Cittadellarte Fondazione Pistoletto” Fondunun (Biella, İtaliya) bədii rəhbəri Paolo Naldini tərəfindən keçirilmiş ustad dərsin nəticəsidir. “Üçüncü cənnət” nəzəriyyəsi müasir dünyamızın hər bir yerində mövcud olan təbiilik və sünilik kimi iki qütb arasındakı ziddiyyəti aradan götürməyə, texnologiyalar və təbiət arasında özəl mühitə görə məsuliyyət daşıyan yeni insanlığın yaradılmasına çalışır.

Diqqətə çatdırılıb ki, sərgi Mikayıl Müşfiqin ən məşhur şeirindən götürülüb. Bağ ot-alaqdan təmizlənən, əkilib-becərilən, insana tənhalıq və təhlükəsizlik duyğuları bəxş edən bir guşədir. Şair bu şeirində bağı arzuolunan sevgi, sülh, azadlıq və xoşbəxtliyin vəhdət təşkil etdiyi nostalji məkan kimi təsvir edir.

Sərginin açılışı zamanı seyrçilər “Üçüncü cənnət” simvolunu canlı əks etdiriblər. Simvol üç halqadan ibarət olan riyazi sonsuzluq işarəsinin yenidən mənalandırılmış formasını ifadə edir.

Sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar.

Ekspozisiyadakı Mikelancelo Pistolettonun büzməli kartondan hazırlanmış məşhur labirint instalyasiyası ziyarətçiləri öz daxili “mən”ini, kimliyini axtarmasına vadar edir. Labirintin forması uzunmüddətli araşdırma və “fərdi səyahət” üçün metafora kimi istifadə olunub. Burada rəssam öz yaradıcılıq metoduna sadiq qalaraq, əsərlərinin bir hissəsi olan ziyarətçiləri seyrdən yayındırmamaq üçün sadə materiallardan istifadə edib.

Rəssam Etibar İsmayılov əsərində “arzular quyusu” yaradıb və onun istifadəsinə dair şifrələnmiş dildə təlimat təqdim edib. Hərflər düzgün ardıcıllıqla yazılmasa da, insan beyni bu sözləri düzgün formada qavraya bilir. Rəssam bu əsərdə quyunun formasını neft çəlləyi ilə əvəzləyir və bu quyuya atılan “qəpiklər” qara mayeyə düşərək yox olur.

Rəssam Mousa Bəyzadənin əsərində XVIII əsrdə öz gizli dövrünü yaşamış, bahalı fotoşəkil və portret rəsmləri ilə müqayisədə sevilən alternativ olan kağız kəsimi sənətindən istifadə edilir. Nüfuzlu konqresmenlərdən adi fəhlələrə qədər portret hamı üçün əlçatandır.

Rəssam Nəzrin Məmmədova “Dağlarla söhbət” video və səs instalyasiyası əsərində Alatlağac-Xızı bölgəsi boyunca təbiət mənzərələrinin araşdırılması, təbiət səslərinin dinlənilməsi və yazılmasını əhatə edən eksperimentin aparılmasına xeyli vaxt sərf edib. Bu əsər dağların həmişə mövcud olan təbii geofoniya (bioloji olmayan) və biofoniya (bioloji) səsləri ilə yanaşı, təyyarə səs-küyü kimi xarici təsirlərin birləşərək, həmin ərazi üçün xüsusi akustik mühitin əldə edildiyi “rezonans” konsepsiyasına əsaslanır.

Vüsalə Ağarazıyevanın “Tərəzi” əsəri də tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. Rəssam tərəzinin bir gözünə kiçik elektron cihazlar, digər gözünə isə qum tökməklə öz “balansı”nı və konsepsiyanı vizuallaşdırır.

Günay Əliyevanın “Həyat market” əsəri İosif Brodskinin məşhur “bizim yaratdıqlarımız etiraflarımızdan daha çox özümüzdən danışır” kəlamından ilhamlanan qəbz formasında rəssamın həyatına nəzər salır.

Rəssam Leyli Qafarovanın “Qılman” adlı multimedia layihəsi hollandiyalı filosof Mixael Lizinberqin fəal siyasi və ya inqilabi zorakılıq deyil, əkzinə öz sehri, təmkinliyi, tolerantlığı ilə təmsil olunan İslam dünyasının “sakit qüvvəsi” ilə bağlı nəzəriyyəsinə istinad edir.

“Yenə o bağ olaydı” adlı sərgi ilə tanışlıq tamaşaçılarda böyük maraq doğurub.