20 may 2019 10:52
732

Yeni islahatlar aqrar sahənin inkişafına böyük təkan verəcək

Məlum olduğu kimi, ölkəmizdə ötən il keçirilən prezident seçkilərindən sonra islahatların yeni mərhələsi başlayıb və onların icrası üçün məqsədyönlü addımlar atılmaqdadır.

Bununla yanaşı, Prezident İlham Əliyev bir sıra sahələrdə yeni iqtisadi islahatlar kursu elan edib. Bunlardan biri də kənd təsərrüfatı ilə bağlıdır. Onu da qeyd edək ki, indiyə qədər kənd təsərrüfatında bir neçə mərhələdə uğurlu islahatlar həyata keçirilib. Kənd təsərrüfatının inkişafı ilə bağlı bir sıra torpaqlar, müəssisələr özəlləşdirilib. Aqrar sahənin inkişafı ilə bağlı yeni emal müəssisələri tikilib. Fermerlərə güzəştli şərtlərlə kreditlər verilir. Həmçinin aqrar sahədə aparılan islahatlar çərçivəsində fermerlərin subsidiyalarla təmin olunması ilə bağlı mexanizmlər hazırlanıb.

Azərbaycanda indiyə qədər 17 aqropark inşa edilib. Bu il daha 10 aqroparkın tikilməsi planlaşdırılıb. Eyni zamanda, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Dövlət Aqrar Ticarət Şirkəti yaradılıb. Ötən il nazirliyin rayon və şəhər idarələri ləğv edilərək əvəzində Dövlət Aqrar İnkişaf Mərkəzi təsis edilib. Kənd Təsərrüfatı Nazirliyində Fermerlər Şurası təsis edilib. Həmçinin nazirlik yanında Aqrar Məşvərət Şurası yaradılıb. 

İqtisadçı ekspert Vüqar Bayramov mövzu ilə bağlı qəzetimizə açıqlamasında bildirdi ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə aqrar sahədə inkişafın qeydə alınması əlbəttə ki, gözləniləndir: “Ümumiyyətlə, son iki il ərzində kənd təsərrüfatı sahəsində daha böyük inkişaf qeydə alınıb. Təbii ki, bu inkişafın baş verməsinin əsas səbəbi dövlətin dəstəyi ilə bağlıdır. Aqrar sahənin inkişafı ilə bağlı aidiyyəti qurumların qarşısında 3 əsas prinsip qoyulub. Onlardan biri kənd təsərrüfatı məhsullarının artımı, digəri ixrac potensialının artması və sonuncusu isə iş yerlərinin açılmasıdır. Bütün bu amillər istehsalın artmasına birbaşa təsir göstərir. Onu da nəzərə almaq lazımdır ki, Azərbaycanın ixrac coğrafiyası daha da böyüyür. Rusiya bazarında mövqeyimiz daha da genişlənməkdə davam edir. Bu da istehsalçıların sayının artmasına təsir göstərir. Məhsuldar torpaqlardan səmərəli istifadə olunması sayəsində bu sahədə inkişaf baş verir. Məlumdur ki, dövlət tərəfindən müəyyən tədbirlərin görülməsi nəticəsində illərlə becərilməyən torpaqlar istehsal prosesinə cəlb edilib. Aqrar sahənin inkişafında isə torpaqların səmərəli istifadə olunmasının xüsusi rolu var”.

Ekspert qeyd etdi ki, aqrar sahədə islahatların bundan sonra daha da sürətlə həyata keçirilməsi planlaşdırılır: “Məqsəd odur ki, nəticələr daha səmərəli olsun. Çünki son illər ərzində aqrar sektora diqqət daha da artıb. Aqrar sektorda yetişdirilən müxtəlif məhsullara subsidiyalar ayrılır. Bu vaxta qədər çoxlu sayda güzəştli kreditlər verilib. Heç şübhəsiz ki, bundan sonra da bununla bağlı işlər görüləcək. Sumqayıtda böyük Azot zavodu tikilib. Bundan sonra azota olan tələbat yerli istehsal hesabına ödənəcək. Subsidiyalar, güzəştli şərtlərlə kreditlər bu il də veriləcək. Fərqli məqam isə o olacaq ki, verilən subsidiya və güzəştli kreditlərin daha səmərəli istifadəsinə diqqət artacaq. Bu sahədə yeni mexanizmlər tətbiq ediləcək ki, bu da aqrar sektorda şəffaflığın daha da artırılmasında mühüm rol oynayacaq. Fermerlərin təşəbbüskarlığına daha çox üstünlük verilməsi gözlənir. İslahatlar bu kimi məsələlərdə yeniliklər gətirəcək. Fikrimcə, aparılacaq yeni islahatlar bu sahənin daha da inkişafına böyük təkan verəcək”.

Cavid Əkbərov, “İki sahil”