19 oktyabr 2018 20:48
2501

Bakı-Şamaxı yolunun 101-117-ci kilometrlik hissəsi genişləndirilir

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 101-117-ci kilometrlik hissəsinin I b texniki dərəcəsinə uyğun olaraq 2 hərəkət zolağından 4 hərəkət zolağına genişləndirilməsi layihəsinin icrası davam etdirilir.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Layihə Prezident İlham Əliyevin Fərmanı ilə təsdiqlənən “Regionların 2014-2018-ci illər sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq həyata keçirilir.

Layihəyə uyğun olaraq, Bakı-Şamaxı-Yevlax avtomobil yolunun sözügedən 16 kilometrlik hissəsi 4 hərəkət zolaqlı olacaq. Yol yatağının eni 27.5 metr, yolun hərəkət hissəsinin eni 15 metr, hərəkət zolaqlarının eni 3.75 metr, ayrıcı zolağın eni 5 metr, çiyinlərin eni isə 3.75 metr təşkil edəcək.

Bu işlər çərçivəsində işçi cizgilərin hazırlanması, bitki qatının çıxarılması, torpaq yatağının

tikintisi, torpaq yatağının üst layının hamarlanması işləri görülür. Digər hissələrdə layihəyə uyğun torpaq işləri və yatağın tikintisi işləri aparılır. Aparılan yenidənqurma işləri zamanı yolun hərəkət hissəsinin eni 7.5 metrdən 15 metrə qədər genişləndirilib.

Magistralın bu hissəsində iki ədəd yeni avtomobil körpüsünün tikintisi nəzərdə tutulub. Körpülər yolun 1114.5-ci kilometrində Acıdərə çayı və 117-ci kilometrində Pirsaatçay üzərindən salınır. Acıdərə çayı üzərində tikiləcək körpü 3 aşırımlı olmaqla 62.2 metr, Pirsaatçay körpüsü isə 3 aşırımlı olmaqla 107.2 metr uzunluğunda olacaq.

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 106-107-ci və 108-109-cu kilometrlik hissəsində bir-neçə sürüşmə nöqtəsi mövcud olduğu üçün sözügedən ərazilərdə sürüşmənin qarşısını almaq məqsədilə, bura xüsusi qrunt gətirilərək yol yatağının əlavə bərkidilməsi işləri görülür, dəmir-beton svaylar vurulur, monolit-beton istinad divarları və səth sularının yol yatağına daxil olmasının qarşısını almaq məqsədilə drenaj kanallar inşa edilir.

Bundan başqa, layihə çərçivəsində 15 ədəd dairəvi borunun, yolboyu zəruri olan ərazilərdə 3 ədəd alt keçidin inşası da aparılır.

Regionları birləşdirmək baxımından böyük əhəmiyyətə malik Bakı-Şamaxı avtomobil yolunun genişləndirilməsi vətəndaşların rahat gediş-gəlişinin təmin edilməsinə, turizmin və kənd təsərrüfatının inkişafına, avtonəqliyyat vasitələri ilə yük daşımalarının artımına gətirib çıxaracaq.

Yenidənqurma işlərinin 2020-ci ilədək yekunlaşdırılması nəzərdə tutulub.