KÖŞƏ

Mənsumə Babayeva

Əli Kərimlinin yalanları və reallıq

05 sentyabr 2019 10:57
3630

Son illər dağıdıcı müxalifət düşərgəsində siyasi mədəniyyətsizlik tüğyan edir. Anormal, sosial şəbəkələr səviyyəsində qəhrəman kimi görünməyə hesablanmış fəaliyyətlərin önündə gedənlərdən biri Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlidir. O, Əli Kərimli ki, bu gün özünü cəmiyyətə vətənpərvər, millətçi, guya xalqın, ölkənin, dövlətin, torpağın qeydinə qalan biri kimi təqdim etməyə çalışır. 

İndi də AXCP sədri Əli Kərimli sosial şəbəkələrdə yaxın tariximizi təhrif edərək guya ulu öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Azərbaycanın yeddi rayonunun işğal olduğunu iddia etməyə başlayıb. Təbii ki, bu iddiaların yalan olduğunu Əli Kərimli özü də yaxşı bilir. Sadəcə olaraq o günlərin “unudulduğunu” zənn edən AXCP sədri bu yalanları ilə siyasi divident əldə etməyə çalışır.

Həmin dövrün canlı şahidləri yaxşı xatırlayırlar ki, Dağlıq Qarabağ və ətraf yeddi rayon ümummilli lider Heydər Əliyev Azərbaycanın rəsmən prezidenti seçilməmişdən əvvəl işğal edilib. Həmin vaxtlarda isə Azərbaycanın legitim prezidenti Əbülfəz Elçibəy idi. 1993-cü ilin 15 iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə gələn ümummilli lider Heydər Əliyev Azərbaycanı düşdüyü çıxılmaz vəziyyətdən xilas etmək üçün Bakıya gəlmiş və Ali Sovetin sədri seçilmişdi. Həmin dövrdə baş verənlər, AXC-Müsavat hakimiyyətinin qısa müddətdə ölkəni və xalqı uçuruma gətirib çıxarması, hətta Azərbaycanın dövlət suverenliyinin təhdid olunması faktları hər kəsin yaddaşındadır. Həmin dövrdə ölkədə bütün güc strukturları parlamentin sədrinə yox, formal olaraq, legitim prezidentə, yəni Əbülfəz Elçibəyə, faktiki olaraq isə baş nazirə tabe idi. Parlamentin sədri kimi ulu öndər Heydər Əliyevə tabe olan nə ordu, nə də heç bir güc strukturu yox idi. Paytaxtı tərk etmiş legitim prezidentin tərəfdarı olan deputatlar və ona sadiq məmur korpusu tərəfindən ulu öndər Heydər Əliyevin hətta parlamentin sədri kimi səlahiyyətlərinin icrasına da hüquqi və qeyri-hüquqi maneələr yaradılırdı.

Bu günlərdə Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov özünün “Facebook” səhifəsində yazdığı statusda qeyd edib ki, AXC-Müsavat hakimiyyətinin ölkədə yaratdığı bərbad vəziyyət orduda daha acınacaqlı hal almışdı: “Ordunun maddi-texniki təminatı, hərbi arsenalı yox idi, ordunun döyüş ruhunu saxlamaq üçün arxa cəbhədə milli birlik də təmin edilməmişdi. Ön cəbhədə döyüşlərin getdiyi vaxt arxa cəbhədə vəzifə davası aparılır, siyasi qruplaşmalar arasında açıq silahlı mübarizə gedirdi. Silahlı qüvvələr daxilindəki müxtəlif birləşmələr də ayrı-ayrı siyasi və maraq qruplarının tabeliyində idi. Paytaxtda vəzifə davasına çıxan siyasi qruplar daha çox pay qoparmaq üçün həmin silahlı birləşmələri cəbhə xəttindən geri çəkərək Bakıya gətirir, siyasi mübarizədə, vəzifə bölgüsündə təzyiq aləti kimi istifadə edirdilər. Hətta cəbhədə döyüşlərin getdiyi vaxt Surət Hüseynovun, İsgəndər Həmidovun, Rəhim Qazıyevin, Rövşən Cavadovun və digərlərinin silahlı dəstələrinin Bakı küçələrində avtomatlarla gəzdiyini, insanlara divan tutduğunu, vəzifə bölgüsündə daha çox pay qoparmaq üçün paytaxtı hərbi poliqona çevirdiklərini də xalq unutmayıb.Silahlı birləşmələr Bakıda vəzifə davasında iştirak etdiyi vaxt isə cəbhə müdafiəsiz qalmışdı. Nəticədə erməni işğalçıları Dağlıq Qarabağla birgə ətraf yeddi rayonu da zəbt etməyə nail oldular.Tarixi saxtalaşdırmağa çalışanlar cavab versinlər: Belə bir vəziyyətdə ulu öndər Heydər Əliyev hansı ordu, hansı güc strukturu və hansı səlahiyyətlə ərazi itkilərinin qarşını ala bilərdi?”.

“Parlamentin sədri kimi heç bir güc strukturuna çıxışı olmayan və buna görə də işğalın qarşısını ala bilməyən ulu öndər Heydər Əliyev Azərbaycanı etnik və regional zəmində parçalanma təhlükəsindən, vətəndaş müharibəsi və xaosdan xilas edə bildi. Bakıya qayıtdıqdan sonra cəmi 6 ay ərzində ulu öndər Heydər Əliyevin Azərbaycanın xilası üçün nələr etdiyini isə xalqımız unutmayıb”, - deyə Ə.Həsənov bildirib.