KÖŞƏ

Röya Rasimqızı

Acizlik

16 dekabr 2019 20:56
3000

Müxalif düşərgənin konstruktiv qanadı tərəfdaşlarının boykot taktikalarını belə dəyərləndirir

Azərbaycanın  uğurlarının miqyası artdıqca anti-Azərbaycan şəbəkənin niyyətlərinin puça çıxmasından yaranan əsəbi daha çox tarıma çəkilir. Bundan narahat olanlar təkcə həmin şəbəkə yox, həm də onların əlində oyuncağa çevrilən,  müxtəlif maddi təkliflərin, vədlərin müqabilində  “siyasi partiya”, “hüquq müdafiəçisi” adı ilə fəaliyyət göstərən daxili bədxahlarımızdır.

Xalq  radikal müxalifətin kimliyini və  nəyə qadir olduğunu yaxşı bilir. Bu qüvvələrin bir illik fəaliyyətləri dövründə  Azərbaycan xaos, anarxiya girdabına, cinayətkarlığın meydan suladığı məkana çevrildi, dövlət, xalq əmlakı talan edildi. Həmişə tolerantlığı və dözümlülüyü ilə digər xalqlar, millətlərə nümunə olan  çoxmillətli Azərbaycanda yaşayan xalqlar arasında nifaq toxumu səpildi. Xarici qüvvələr Azərbaycana öz şərtlərini diktə etməyə başladılar. Lakin xalq bunun davam etməsinə yol verməyərək radikalların hakimiyyətinə son qoydu, öz xilaskarını istək və iradələri əsasında hakimiyyətə gətirərək  sabitliyə, intibaha qovuşdu.

2019-cu il noyabrın  28-də Yeni Azərbaycan” Partiyası parlamentin buraxılması və növbədənkənar parlament seçkilərinin keçirilməsi  təklifi ilə çıxış etdi. Partiyanın müraciətində parlamentin müasirləşməsi, yeniləşməsi, mövcud islahatlara uyğunlaşması dövrün tələbi kimi ortaya qoyuldu. Dekabrın 2-də Milli Məclis  bu məsələni müzakirə etdi və dövlətimizin başçısı İlham Əliyevə  parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi  müraciətini etdilər.  Cənab İlham Əliyevin bu mühüm addımın  qanunauyğunluğunun müəyyənləşdirilməsi ilə bağlı Konstitusiya Məhkəməsinə rəy sorğusu  göndərməsi, Konstitusiya Məhkəməsinin bunu təsdiqləyən qərarı əsasında dövlətimizin başçısı İlham Əliyevin imzaladığı Fərmanla gələn il fevralın 9-da  ölkəmizdə növbədənkənar parlament seçkiləri keçiriləcək. 

Milli Məclisin buraxılması və növbədənkənar parlament seçkilərinin keçirilməsi ölkə ictimaiyyəti, eyni zamanda, AXCP və “Milli Şura” istisna olmaqla 40-dan artıq siyasi partiya tərəfindən yüksək dəyərləndirildi. “Milli Şura”çılar iştiraklarının şərti kimi seçki islahatlarının aparılmasını, əks halda, növbədənkənar  parlament seçkilərini boykot edəcəklərini bildiriblər. Təbii ki, bu şərtlər ölkədə təkmil seçki təcrübəsinin mövcud olub-olmaması ilə deyil, onların sosial baza prbolemi yaşaması ilə əlaqədardır. Heç bir  nüfuza, sosial bazaya malik olmayan bu ünsürlərin seçkilərə qatılıb xalqdan dəstək alacaqlarını düşünmələri yalnız və yalnız utopiyadır.  Əli kərimlilərin, cəmil həsənlilərin ictimai diqqəti  bu reallıqlardan  yayındırmaq üçün seçki islahatlarının zəruriliyi məsələsini irəli sürmələri gülüncdür. Bu baxımdan ki, Azərbaycan dövləti mütəmadi olaraq  Seçki Məcəlləsinə əlavə və dəyişikliklər edir, bütün yeniliklərin bu sənəddə əksini tapmasına səy göstərir. Bu reallıq beynəlxalq səviyyədə də etiraf olunur ki, Azərbaycan zəngin seçki təcrübəsinə malikdir. Ölkəmizdə bütün siyasi partiyalara seçkilərə qatılıb öz   sosial bazalarından və nüfuzlarından istifadə etmək imkanı yaradılıb.  Müxalif düşərgənin konstruktiv qanadının təmsilçiləri də  həmkarlarının “boykot” çağırışını  ağılsızlıq  və acizlik kimi dəyərləndirirlər. Boykot yolunu tutan siyasi partiyaların seçkilərin nəticələri barədə fikir söyləmələri, rəy bildirmələri demokratiyanın tələblərinə ziddir.  Bu nöqteyi-nəzərdən yanaşdıqda əli kərimlilərin, cəmil həsənlilərin  bu taktikaları da onlara çirkin niyyətlərini həyata keçirmələrinə yardımçı ola bilməz.

Reallıq budur ki, Azərbaycan demokratiya yolunda inamla irəliləyir. Hər bir seçki prosesi ölkəmizin malik olduğu  demokratiya təcrübəsinin dünyaya təqdimatında əhəmiyyətli rol oynayır. 9 fevral növbədənkənar parlament seçkiləri Azərbaycanın demokratiya tarixinə yeni bir səhifəni yazmaqla yanaşı, dağıdıcı ünsürlərin zəifliyinin, məğlubiyyət qorxularının təqdimatı olacaq. Artıq bu  ünsürlərin özlərində cəsarət tapıb siyasi meydanı tərk etmək zamanıdır.