KÖŞƏ

Elçin Zaman

Azərbaycanda urbanizasiya problemi necə həll olundu?

03 mart 2020 20:47
5488

Paytaxt Bakı ilə bərabər regionlarının da sürətli inkişafı ölkəmizdə urbanizsiya prosesinin qarşısını alan çox önəmli faktdır. Qeyd edək ki, urbanizasiya kənd əhalisinin şəhərlərə köçərək şəhər əhalisinin sayının artması, şəhərlərin böyüməsi, şəhərlərin rolunun yüksəlməsi deməkdir. Urbanizasiya səviyyəsi Dünya Bankı və BMT tərəfindən qiymətləndirilir.

Urbanizasiya şəhərlərdə sənayeləşmənin daha sürətlə getməsi, iş imkanlarının çox olması və daha yaxşı sosial imkanlardan irəli gəlir. Hər kəs daha yaxşı yaşamaq, təhsil almaq, daha çox qazanmaq, daha yaxşı istirahət etmək arzusundadır. Lakin hər şeyin daha yaxşısını əldə etmək arzusu, başqa sözlə desək, kənd əhalisinin şəhərlərə axını bir sıra problemlərlə müşaiyət olunur.

Bu zaman şəhərlərdə sıxlığın artması nəqliyyat və mənzil problemlərinin həcmini genişləndirir. Nəqliyyat vasitələrinin artması tıxacların artmasına səbəb olur ki, bu da vaxt itkisi və gərginliyi yaradır. Əhalinin mənzillərə nisbətən çox olması isə mənzil bazarında qiymətləri artırır. Əhalinin şəhərlərə köçməsinin sürətli artması həm də  işsizliyi yaradan amillərdəndir. İşsizliyin bu səbəbdən artması cinayətkarlıq, oğurluq kimi mənfi halların artması deməkdir. Eyni zamanda, urbanizasiyanın səviyyəsi yüksək olan şəhərlərin ekologiyası da korlanır.

Məhz belə bir ciddi problemin həlli üçün Prezident İlham Əliyev vaxtında və qətiyyətli iqtisadi-sosial islahatların təməlini qoydu. Son 16 ildə regionların sosial-iqtisadi inkişafına dair bir neçə Dövlət Proqramı uğurla icra olunub. Artıq icrası davam edən 4-cü proqram bölgələrin simasını büsbütün dəyişdirib. Regionlarda yaradılan sosial-iqtisadi infrastrukturlar minlərlə iş yerlərinin açılmasına, əhalinin məşğulluğunun artmasına, sosial rifahının yüksəlməsinə səbəb olub.

Bu müddətdə iqtisadi yüksəlişə və icra olunan layihələrə uyğun olaraq  ölkə iqtisadiyyatı 3,4 dəfə, sənaye istehsalı 2,7 dəfə, kənd təsərrüfatı 2 dəfə, xarici ticarət dövriyyəsi 6,4 dəfə artıb. Bunlara müvafiq olaraq ixrac 7,6 dəfə, o cümlədən qeyri-neft ixracı 5,2 dəfə artıb, valyuta ehtiyatlarımız 27 dəfə artaraq 52 milyard dollara çatıb. 3300-dən çox məktəb, məktəbəqədər uşaq və tibb müəssisələri istifadəyə verilib. Bu illər ərzində 34 elektrik stansiyası tikilib, 33 aqropark fəaliyyətə başlayıb, 17 “ASAN xidmət” mərkəzi, 11 xalça fabriki açılıb. Qazlaşdırmanın səviyyəsi 96 faizə çatdırılıb, 17 min kilometr avtomobil yolu salınıb, 2 böyük su anbarı - Taxtakörpü və Şəmkirçay tikilib, 470 körpü və tunel istifadəyə verilib, 1500-dən çox artezian quyusu qazılıb, yüzlərlə kənddə modul tipli sutəmizləyici qurğular quraşdırılıb, 7 aeroport tikilib.Bütün bunların nəticəsi olaraq yoxsulluq təxminən 50 faizdən 4,8 faizə düşüb, əməkhaqqı 11, orta pensiya 8 dəfə artıb.

Ölkəmizin başçısının Kürdəmir rayonuna səfəri zamanı son illərdə regionların inkişafı ilə bağlı həyata keçirilən infrastruktur layihələri barədə geniş məlumat verdi və qeyd etdi ki, dördüncü Dövlət Proqramının icrası nəticəsində  daha möhtəşəm uğurlara imza atılacaq. Qeyd edək ki, 2019-cu ildə regionların sosial-iqtisadi inkişafına dair dördüncü Dövlət Proqramı çərçivəsində 7,2 milyard manat, eyni zamanda, Prezidentin imzaladığı sərəncamlarla əlavə olaraq 1 milyard manata yaxın vəsait ayrılıb. Prezidentin müvafiq Fərmanı ilə şəhər və rayonlar üzrə dövlət büdcəsinin müvafiq vergilərində büdcə ilinin sonuna daxil olan əlavə vəsaitin 50 faizinin icra hakimiyyətlərinin sərəncamına verilməsi regionların dotasiyalardan asılılığının azalmasına və bölgələrdə biznes mühitinin yaxşılaşdırılmasına güclü stimul yaradır. Belə ki, 2019-cu ilin nəticələrinə əsasən, şəhər və rayonların sərəncamına verilən belə vəsaitlərin həcmi 28 milyon manat təşkil edib.

Təkcə 2019-cu ildə ölkə iqtisadiyyatına 13,5 milyard dollar sərmayə qoyulub. Bu da onu göstərir ki, Azərbaycan xarici və daxili investorlar üçün də çox əlverişli məkandır. Ölkəmizdə mövcud olan sabitlik isə xalqın iradəsi ilə təmin edilir. Hazırda respublikanın 33 rayonu üzrə 262 min hektar ərazidə ümumi dəyəri 2,4 milyard manat olan 51 aqropark və iri fermer təsərrüfatının yaradılması üzrə işlər sürətlə davam etdirilir, layihələndirmə və ya tikinti-quraşdırma işləri aparılır.

Dördüncü Dövlət Proqramının birinci ili də daxil olmaqla əldə olunan uğurlar, həyata keçirilən əzəmətli layihələr Azərbaycan dövlətinin və xalqının çox qısa dövr ərzində nail olduğu möhtəşəm və tarixi nailiyyətlər, milli yüksəliş tarixinin nümunələridir. Uğurlara nəzər yetirdikdə isə deyə bilərik ki, 2019-cu ildə əldə edilən nəticələr və 2020-ci il üçün olan iqtisadi proqnozlar dayanıqlı inkişaf üçün zəruri zəmin yaradır. Prezident də əminliklə vurğuladı ki, bu il Azərbaycan uğurla inkişaf edəcək, daha güclü dövlətə çevriləcək.

Onu da əlavə edək ki, bu nailiyyətləri təkcə biz deyil, beynəlxalq təşkilatlar da hesabatlarında xüsusi vurğulayırlar. Ölkəmizdə son illərdə biznes mühitinin daha da yaxşılaşdırılmasını Dünya Bankı da qeyd edir. “Doing Business” hesabatında Azərbaycan keçən il 20 ən islahatçı ölkə sırasına daxil edilib.