KÖŞƏ

Röya Rasimqızı

Koronavirusla mübarizədə əsas şərtlər: birlik, həmrəylik, nizam-intizam

21 may 2020 10:34
2270

Bütün dünyanın qlobal mövzusu koronavirus pandemiyasına qarşı mübarizədir. Hər gün Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən virusa yoluxanların sayı barədə statistika açıqlanır. Bu statistika hər bir ölkənin malik olduğu imkanlar, təcrübə, ən əsası səhiyyə sisteminin bu günü barədə aydın təsəvvür yaradır.

Koronavirus təhlükəsinin dünyada sürətlə genişləndiyi bir zamanda Azərbaycanın ilk gündən qabaqlayıcı tədbirləri davamlılığı ilə diqqət çəkdi. Təsadüfi deyil ki, ölkəmiz yalnız regionda deyil, bütün dünyada koronavirus təhlükəsinə adekvat reaksiya verən, zamanında qabaqlayıcı tədbirlər görən azsaylı dövlətlərdən biridir. Məhz ölkəmiz öz imkanlarına, təcrübəsinə əsaslanaraq koronavirus pandemiyasına həsr olunan iki beynəlxalq əhəmiyyətli tədbirin- Türk Şurasının və Qoşulmama Hərəkatının Zirvə görüşlərinin təşəbbüskarı kimi çıxış etdi. Hər iki tədbirin sonunda qəbul olunan Birgə Bəyannamədə Azərbaycanın bu istiqamətdə atdığı addımlar təqdir olunaraq ölkəmizdən türk dünyasına, dünya dövlətlərinə səsləndirilən mesajların ümumilikdə ölkəmizin bu günə qədər beynəlxalq aləmdə qazandığı birləşdirici, sabitləşdirici faktor roluna yeni əlavələr etdi.

Azərbaycanın koronavirus infeksiyasından qorunmaq üçün zəruri olan ləvazimatların, xüsusilə maskanın çatışmazlığı problemini həll etmək üçün iki müəssisənin istifadəyə verilməsinə nail olması beynəlxalq səviyyədə də yüksək dəyərləndirildi. Bu mühüm addım dövlətimizin insanların sağlamlığının keşiyində dayandığını bir daha nümayiş etdirdi. Bu xəstəlikdən qorunmanın ilk yolu gigiyena və özünütəcrid qaydalarına yüksək səviyyədə əməl olunmasıdır. Bu baxımdan pandemiya dövründə tibbi maskadan istifadə mütləqdir. Ölkə Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın açılışında iştirak etdikləri tibbi maska istehsalı müəssisəsi koronavirusla mübarizə tədbirləri sırasında əhəmiyyətli yer tutur. Həmçinin qoruyucu və dezinfeksiyaedici vasitələrin istehsalı da təşkil olundu. Bütün bu amillər ölkəmizin koronavirusla mübarizə sahəsində təkmil təcrübəyə malik olduğunu olduğunu nümayiş etdirir. Dövlətimizin başçısı İlham Əliyev xalqa müraciətində ölkəmizdə insanların infeksiyaya yoluxmaması və sağlamlıqlarının təmin edilməsi üçün bütün tədbirlər görüldüyünü və bu addımlar nəticəsində ölkəmizdə hazırda koronavirusa yoluxan xəstələrin sağalması yoluxma hallarını üstələyir. Dünyanın inkişaf etmiş qabaqcıl dövlətlərində hər gün yüzlərlə, minlərlə insan vəfat edir, yoluxma halları artır və heç bir ölkənin səhiyyə sistemi bu artan xəstələrin müalicəsini tam təmin edə bilmir. Azərbaycan isə dünyada pandemiya ilə mübarizədə bu miqyasda işlər görən aparıcı ölkələrdəndir. Azərbaycanın koronavirusla mübarizədə əldə etdiyi nəticələrdə birliyimiz, həmrəyliyimizlə yanaşı, məsuliyyətimiz, nizam-intizam qaydalarına riayət olunması əsas yer tutur. Əldə olunan nəticələrlə kifayətlənməyərək daha məsuliyyətli olmaq qarşıya mühüm vəzifə kimi qoyulur.

Birliyimizin, həmrəyliyimizin göstəriciləri sırasında mərhəmət hissinin böyüklüyündən, yaşlılara diqqət və qayğımızdan irəli gələn addımları da xüsusi qeyd etməliyik. Aztəminatlı ailələrə, kimsəsizlərə, yaşlılara maddi və mənəvi dəstəyin göstərilməsi bu qəbildəndir. Heydər Əliyev Fondunun “Biz birlikdə güclüyük!” şüarı altında həyata keçirdiyi aksiya aztəminatlı və digər həssas kateqoriyadan olan ailələrə maddi dəstəyin göstərilməsi məqsədini daşıyır.

Qısa təhlil əsasında bu ümumiləşdirməni apara bilərik ki, dövlətimizin istər insanların sağlamlığının təminatı, istərsə də onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atdığı addımlar, həmçinin təqdim etdiyi təcrübə modeli bu bəladan da uğurla, az itki ilə çıxacağımıza əsas verir.