KÖŞƏ

Mənsumə Babayeva

Paşinyanın başı üstündəki “Damokl qılıncı”

23 iyun 2020 10:21
6981

Məlum olduğu kimi, bu gün işğalçı ölkədə təkcə pandemiya böhranı deyil, həm də siyasi böhran yaşanır. Ermənistanı siyasi repressiyalar ağuşuna alıb. Meydanlardan, necə deyərlər, küçədən dövlət başına gətirilən Nikol Paşinyanın təcrübəsizliyi və siyasi səriştəsizliyi, deyəsən onun özünün məntiqi sonunu yaxınlaşdırır. Heç kimə sirr deyil ki, populist çıxışları ilə tanınan Nikol Paşinyan demokratiya adı altında ölkənin tanınmış siyasi və ictimai xadimlərinə qarşı olan repressiv vasitələrdən geniş istifadə edir və onları bir-bir sıradan çıxararaq zərərsizləşdirir. Şübhəsiz baş nazirin əsas niyyəti öz hakimiyyətini qorumaqdır. Hətta bu yolda o, hər cür qanunsuzluqlara əl atmağa hazırdır.

Bu günlərdə “Çiçəklənən Ermənistan” partiyasının sədri Qaqik Sarukyanın deputat toxunulmazlığının parlament tərəfindən ləğv edilməsi və onun istintaqa cəlb olunması buna əyani sübutdur. Q.Sarukyan ölkənin Təhlükəsizlik Xidməti tərəfindən ifadə vermək üçün istintaqa cəlb edilib. Hadisələrin gedişi göstərir ki, partiya sədrinin həbs ediləcəyi istisna deyil. Q.Sarukyanın məhz Paşinyan hakimiyyətini tənqid etməsindən sonra təzyiqlərə məruz qalması baş verənlərin siyasi təqib olduğunu sübut edir.

 “Çiçəklənən Ermənistan” Partiyasından olan deputat Naira Zöhrabyan hüquq-mühafizə orqanları əməkdaşlarının hərəkətlərini “siyasi repressiya” kimi qiymətləndirib. O, həmçinin qeyd edib ki, beynəlxalq təşkilatlara və səfirliklərə hakimiyyətin qanunsuz hərəkətləri barədə məlumat verilib. Lakin beynəlxalq təşkilatların Ermənistandakı nümayəndəliklərinin ofisləri qarşısında piketlər keçirilsə də baş verənlərə beynəlxalq qurumlar tərəfindən ciddi reaksiya gəlməyib. Halbuki hadisələr zamanı insanların söz və ifadə azadlığı, sərbəst toplaşma hüququ, hüquq-mühafizə orqanları tərəfindən lüzumsuz yerə güc tətbiqi, KİV əməkdaşlarının fəaliyyətinə maneçilik yaradılması və s. kimi Qərbin həssas yanaşdığı dəyərlərin pozulması müşahidə olunub. Buna baxmayaraq, nədənsə Qərb sükutunu pozmur. ABŞ Dövlət Departamenti, Avropa Şurası Parlament Assambleyası, ATƏT-in Media Azadlığı üzrə nümayəndəsi, ABŞ-ın Ermənistandakı səfiri, Qərb dövlətlərinin ölkədəki səfirləri və nümayəndələri özlərini elə aparırlar ki, sanki heç nə baş verməyib.

Rus və erməni dillərində nəşr olunan “Yerkramas” qəzeti yazır ki, Q.Sarukyanın tərəfdarları Ermənistan parlamentinin önündə etiraz aksiyası keçirməyə cəhd göstərsələr də, ölkənin təhlükəsizlik qüvvələri tərəfindən bunun qarşısı kobudluqla alınmış və yüzlərlə adam saxlanılmışdır. Polis aksiyanı işıqlandıran jurnalistlərə qarşı güc tətbiq etmişdir. Çoxları gözləyirdi ki, insanların ifadə azadlığı, sərbəst toplaşma hüququndan dünyaya dərs keçən Avropa institutları İrəvanda nümayiş iştirakçılarına qarşı baş verən polis zorakılıqlarını pisləyəcəklər.  Axı, Qərbin “önəm verdiyi” dəyərlər Ermənistanda Paşinyanın göstəriçi ilə ayaqlar altına salınmışdır. Lakin “sivil, demokratik” Avropa Ermənistana münasibətdə “kor” və “kar” olaraq qalmaqdadır.  

Yeri gəlmişkən, onu da qeyd edək ki, bu, işğalçı ölkədə baş verən və Qərbin seyrçi qaldığı ilk hadisə deyil. Ötən il müxalif siyasətçi və jurnalist Mher Yeqizaryan həbsxanada aclıq elan etdikdən sonra ölməsinə də Qərb təşkilatları heç bir reaksiya verməyiblər. Ümumiyyətlə, N.Paşinyan hakimiyyətə gəldikdən sonra ölkənin tanınmış siyasi və ictimai xadimlərini zərərsizləşdirməsi heç kimə sirr deyil. Baş nazir öz siyasi rəqiblərini bir-bir həbsə atdırır. Bununla yanaşı, Paşinyan tərəfindən indiyədək Ermənistanın keçmiş rəhbərliyinə qarşı silsilə cinayət işləri açılıb və hazırda istintaq davam edir.

Qeyd edək ki, Ermənistan mediasında baş nazirin istefasının labüdlüyü barədə fikirlər də geniş yer alır. Məsələn, “armenianreport.am” saytında yer alan “Nikol mütləq getməlidir” yazısında Qalust Qriqoryan məsələni qəti şəkildə ortaya qoyur: “İndi Paşinyanın yalnız Sarkisyanı devirən insanlar tərəfindən ona verilən baş nazir kreslosu var. Xalq Nikola çox şeyi, onun qaranlıq siyasi keçmişini də bağışladı. Hakimiyyəti itirmək təhlükəsi indi Paşinyanın başının üstündən “Damokl qılıncı” kimi asılıb, xalq bundan sonra onun daha dəhşətli səhvlər etməsinə imkan verməyəcək. Xalq aldandığını başa düşüb”.