KÖŞƏ

Röya Rasimqızı

Pandemiya dövründə sahibkarlıq: Hansı qaydalara əməl edilməlidir?

17 avqust 2020 18:04
2100

Bütün dünyada hökm sürən pandemiya bir çox çevik və sürətli qərarların verilməsinə səbəb olub. Hər ölkə öz siyasi və iqtisadi vəziyyətinə uyğun bu problemin həll olunması üçün tədbirlər həyata keçirir. İstər əhalinin sağlamlığının qorunması, istərsə də ölkə iqtisadiyyatına pandemiyanın təsirinin azaldılması istiqamətində dövlət başçısı tərəfindən verilən mühüm qərarlar sayəsində ən əsası da bir çox ölkələrdən fərqli olaraq, ölkəmizdə pandemiyanın yarada biləcəyi mənfi təsirlərin qarşısı alınır.

Azərbaycanda koronavirus pandemiyasının aşkarlandığı ilk vaxtlarda müxtəlif sektorlar üçün qaydalar hazırlandı. Bu qaydalar iş yerlərindən tutmuş istehsal prosesinə qədər sahələrdə karantin rejiminin tələblərinin tətbiqini əhatə edirdi. Tələblərdən ən birincisi işçilərin hüquqlarının müdafiəsi və onların ixtisarına yol verilməməsi idi.

Qaydalara əsasən, iş yerlərində sosial məsafə təmin olunmalı, təmizlik və dezinfeksiya işləri aparılmalı və qoruyucu vasitələrdən istifadə edilməlidir. Hər bir sahibkar, işəgötürən çalışdığı yerdə bu qaydaların tətbiqinə ciddi nəzarət etməlidir. Sahibkar həm vətəndaş, həm də iş adamı olaraq bu qaydalara riayət etməklə özünü, işçilərini və cəmiyyəti qorumuş olur.

İqtisadiyyat Nazirliyi əlaqəli qurumlarla birlikdə sahibkarlıq subyektlərində tez-tez monitorinqlər aparır və qaydalara əməl etməyən obyektlər barədə ictimaiyyətə məlumatlar açıqlanır.

Koronavirus insanların həyatı üçün təhlükəli olduğu qədər şirkətlərin nüfuzu üçün də təhdiddir. Sanitar qaydaların pozulduğu və ya işçiləri koronavirusa yoluxmuş şirkət müştərilərini itirə bilər, çünki bazarda rəqabət kifayət qədər çoxdur. İstehlakçılar üçün təhlükəsiz mühit, keyfiyyətli istehsal və gigiyenik qaydalara uyğun xidmət sahibkar üçün üstünlükdür. Yeni şəraitdə karantin qaydalarına riayət olunan mağaza və ya gözəllik salonuna, bərbərxanalara və s. daha çox ehtiyac var. Pandemiya şəraitində karantin rejiminin qaydalarına əməl etmək şirkətə həm müştəri, həm də imic qazanmaq üçün yaxşı fürsət ola bilər.

Pandemiya sahibkarlar üçün daha bir reallığı ortaya çıxardı. Dövlət şəffaf işləyən sahibkarı həmişə dəstəkləyəcək. Dövlət tərəfindən sahibkarlar üçün müxtəlif dəstək alətləri təqdim olunub. Bunlar maliyyə dəstəyi, vergi güzəştləri, dövlət zəmanəti ilə kreditlər və s. proqramlarıdır. Tədbirlər müxtəlif olsa da onların şamil olunduğu sahibkarlar şəffaf işləyənlər, işçi ixtisarına yol verməyənlər, əmək hüquqlarının təmin olunmasına riayət edənlər və risk qrupunda olmayanlardır. Şərtlərə görə, risk qrupunda olanlar da məlumatlarını, gəlirlərini, maliyyə göstəricilərini şəffaf prinsiplərə uyğun tərtib etməklə dəstək ala bilərlər.

Göründüyü kimi, şəffaflaşmaq heç vaxt gec deyil və sahibkarlar şəffaf işləməyin bəhrəsindən hökmən yararlanırlar.  Pandemiya ilə mübarizədə şirkətlərin marketinq strategiyası, onların sosial məsuliyyəti ön plana çıxır. Sosial məsuliyyətə həssas yanaşma istənilən şirkətin nüfuzu üçün müsbət tendensiyadır. Hazırda bir sıra şirkətlər korporativ sosial məsuliyyət strategiyalarında dəyişiklik edirlər. Böhranın idarə edilməsi, biznesin saxlanılması, işçiləri qorumaq və müştəriləri itirməmək üçün yeni qərarların qəbulu biznes strategiyaları üçün hazırda mühüm amillərdir.

Biznesin sosial çağırışlara cavab verməsi əhəmiyyətli addımdır. Xüsusən iri biznes strukturlarının bu baxımdan perspektivləri daha çoxdur. Pandemiya dövründə cəmiyyətin sosial vəziyyətinin yaxşılaşdırılması üçün dəstək verən, Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianələr edən, o cümlədən müxtəlif sosial tədbirlər keçirən şirkətlər həm işçiləri arasında, həm də istehlakçılar, müştərilər, investorlar və əməkdaşlıq etdikləri qurumlar arasında nüfuz qazanırlar. Korporativ sosial məsuliyyət yalnız iri biznes strukturları deyil, eləcə də kiçik və orta biznes üçün mühüm amildir. Bu qəbildən olan sahibkarların maddi dəstək göstərmək imkanı nisbətən məhdud olsa da, onlar karantin rejiminin qaydalarına əmək etməklə sosial məsuliyyət sərgiləyə bilərlər.

Pandemiya şəraitində əhalinin sosial şəbəkələrdən daha çox istifadə etdiyini nəzərə alaraq, kiçik və orta biznes təmsilçilərinin elektron platformalarda sosial mesajları rəqiblərini də bu addımı atmağa vadar edəcək. İnsanların sağlamlığı üçün töhfə verən sahibkar cəmiyyət tərəfindən müsbət qarşılanan obrazdır. Deməli, sosial məsuliyyət tədbirlərinin gücləndirilməsi sahibkarlar üçün növbəti fürsətdir.

Koronavirus pandemiyasının qarşısının alınması böyük ölçüdə insanların məsuliyyət hissindən asılıdır. Pandemiya ilə mübarizə - sağlamlığın qorunması uğrunda mübarizədir və bu yolda sahibkarlar fəal olmalıdırlar.

Məhərrəm Ağalaroğlu
Anama məktub
Elşad Miraləm
BİZ KİMİK?