![]() |
Nurəddin Muğanlı |
Bu günlərdə ermənilərin “Yerkir” qəzeti Ermənistanın paytaxtı İrəvanda və digər şəhərlərdə terror aktlarının baş verəcəyi barədə məlumat yaydı. Nəşrin mötəbər mənbələrə istinadən yaydığı xəbərə əsasən, bu, Ermənistanda klanlararası müharibənin nəticəsi kimi ortaya çıxacaq: “Terror aktları baş verən kimi Ermənistan hakimiyyəti düşməni kənarda axtaracaq, amma partlayışların arxasında elə özümüzünkülər duracaq. Bu, böyük klanlararası müharibənin nəticəsidir. Əsas məqsəd Paşinyan hakimiyyətinin iflic vəziyyətində, Ermənistan təhlükəsizlik sisteminin isə sıfır səviyyəsində olmasını ictimaiyyətə göstərməkdir”
Bu xəbər 1999-cu ildə Ermənistan parlamentində “gəlin işğal edilən əraziləri qaytaraq. İşğal edilən torpaqdan Vətən olmaz” təklifi ilə çıxış edən o vaxtkı spiker Karen Dəmirçiyana və onun tərəfdarlarına qarşı törədilən silahlı qətliam hadisəsini xatırladır. Digər tərəfdən, “Yerkir”in xəbəri yalan olsa belə, məqsədli şəkildə həyata keçirilən “ermənilik” və ya “erməniçilik” ideologiyasından ermənilərin hətta özlərinə qarşı silah kimi istifadə etmək iqtidarında olduqlarını sübut edir...
Hələ 1905-ci ildə ictimai xadim, görkəmli mollanəsrəddinçi Ömər Faiq Nemanzadə “İrşad” qəzetində “ermənilik” ideoloqlarının “dənizdən-dənizə Ermənistan” planından bəhs edərək yazırdı: “Ermənilər öz planlarını həyata keçirmək üçün bizi İrəvandan, Qarabağdan və Qarsdan qovmağa çalışacaqlar. Biz bilməliyik ki, ermənilər bu yolda hər bir alçaqlığa əl ata bilərlər. Onlar qəsdən müsəlmanları öz üzərlərinə qaldıracaq, onların hücumuna və özlərinin müəyyən itkisinə şərait yaradacaq və beləliklə, bütün Avropanın diqqətini “əzabkeş bir xalq” olmalarına cəlb edəcəklər. Onlar öz cinayətləri üçün tədricən planlar hazırlayır və onu həyata keçirməyə yollar axtarırlar.”
“Ermənilik” ideologiyası təkcə qədim türk torpaqlarında dövlət qurmuş Ermənistanla məhdudlaşmır. “Ermənistan paytaxtları” kitabının müəllifi Sergey Vardanyana görə, İrəvandan savayı Türkiyə, Azərbaycan şəhərləri başda olmaqla Tiflis, Kiyev, Yerusəlim, Soçi, habelə, Avropada Almaniyanın Bavariya torpaqları və Macarıstan da daxil olmaqla, “erməniliyin” 22 paytaxtı var. Onu da qeyd edək ki, bu kitab Vatikan kitabxanasının rəflərində ən sanballı yerdə qərar tutub.
Tutarlı faktlara istinad edərək öz əsərlərində Cənubi Qafqazda ermənilik və ya erməniçilik “xəstəliyinin” bəlalarından bəhs edən Azərbaycanın mərhum professoru Rövşən Mustafayev deyirdi ki, “erməniçiliyin” qanlı işlərinin mahiyyəti, sxemləri və formatları hər hansı ciddi dəyişikliklərə məruz qalmır: "Erməniçiliyin sadəcə şüar və bayraqları dəyişir."
“Erməniliyin” ideoloqlarından olan, daha çox Njde ləqəbi ilə tanınan Qaregin Ter-Arutunyanın “dilənmək və göz yaşları bizim yeganə silahımızdır” fikri dünən də, bu gün də ermənilərin xarici ölkələrdən aldıqları maddi-fiziki yardımın və siyasi dividendin hansı milli “xarakter” müqabilində əldə edildiyini çox aydın şəkildə sərgiləyir.
Ermənilik XX əsrdə Azərbaycan türklərinə qarşı törətdikləri bütün cinayətləri özünü dünyaya yazıq və zavallı kimi göstərməklə pərdələmişdir. Sovet hakimiyyəti qurulduğu ilk vaxtlardan zaman-zaman xalqımızın görkəmli ziyalılarına qarşı törədilən kütləvi siyasi, psixoloji, fiziki terrorlarda, qətliamlar və repressiyalarda “ermənilik” ideologiyası əsas rol oyanyıb. Nəhayət, Sovet imperiyası erməni quldurlarının əli ilə dünyanın gözü qarşısında 1990-cı il yanvarın 19-20-də Bakıda, ardınca 1992-ci ilin fevralında Xocalıda Azərbaycan türklərinə qarşı soyqırımı əməliyyatı həyata keçirdi.
Ermənilər və onların havadarları bu günlərdə Rusiyanın Müdafiə nazirinin Azərbaycan səfəri ərəfəsində də “ermənilik” ideologiyasını işə salmağa cəhd etdilər və təmas xəttində təxribata əl atdılar. Görünür düşünürdülər ki, baş verənlərə görə yenə Azərbaycan ittiham olunacaq və Ermənistan yazıq və hücuma məruz qalan tərəf kimi dünyaya təqdim ediləcəkdir. Eləcə də dünyaya Türkiyənin Azərbaycanla hərbi əməkdaşlığın genişlənməsinin bölgə üçün təhlükəli olacağı mesajı veriləcəkdir.
Amma artıq dünya ictimaiyyəti Ermənistanı faşizm ideologiyasına xidmət edən ölkə kimi tanımağa başlayır. Avqustun 23-də Goranboy rayonu istiqamətində təxribata cəhd edərkən saxlanılan Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupunun komandiri Qurgen Alaverdyan da açıqlamasında Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi təxribatları etiraf edib. Azərbaycan isə Ermənistan daxil olmaqla heç bir qonşu dövlətə qarşı təcavüzkarlıq siyasəti aparmır. Amma ötən iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti tarixin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu gün millətçi-şovinist siyasət aparan Ermənistan nəinki işğal etdiyi Qarabağı tərk etmək istəmir, üstəlik “ermənilik” ideologiyasından istifadə edərək Azərbaycanın digər ərazilərinə göz dikib.
İlk növbədə, sülh variantına üstünlük verən Prezident İlham Əliyev Azərbaycan xalqı və dövlətinin torpaqlarımızın müvəqqəti olaraq itirilməsi ilə heç vaxt barışmayacağını bildirməklə yanaşı, qətiyyətlə vurğulamışdır: "Bizim ata-baba torpağımız olan İrəvan xanlığı, Zəngəzur mahalı, digər torpaqlar indi Ermənistan dövləti üçün torpaq olubdur. Bunlar bizim tarixi torpaqlarımızdır. Ancaq biz Ermənistana qarşı torpaq iddiası irəli sürmürük. Halbuki sürə bilərik. Çünki indiki Ermənistanın yerləşdiyi ərazi qədim türk, Azərbaycan torpaqlarıdır."