KÖŞƏ

Röya Rasimqızı

COVID-19-la mübarizədə həmrəy və məsuliyyətli olaq

31 avqust 2020 18:02
4070

Bu gün dünyada bəşəriyyətin bəlası sayılan COVID-19-a yoluxanların sayı 24 milyonu ötüb və hər gün bu pandemiyaya yoluxanların, eləcə də həyatını itirənlərin sayı artmaqdadır. Ölkəmizdə yoluxma sayının azalması cəmiyyətimizi sevindirsə də, yumşalma ilə bağlı qərarlardan sonra yoluxma sayında artım müşahidə edilməyə başladı. Açıq havada fəaliyyət göstərən kafe və restoranların, eyni zamanda, çimərliklərin açılmasından sonra bəzi vətəndaşların məsuliyyətsiz davranışı istər-istəməz yoluxma sayının artmasına öz təsirini göstərdi. Əgər dövlətimiz yumşalmaya gedirsə, bu vətəndaşlarda arxayınlıq yaratmamalı, əksinə, məsuliyyət hissini daha da artırmalıdır.

Cəmiyyətdə virusun olmadığının və buna dair vəziyyətin şişirdilməsinin bir çox tərəfdarları var və "mən koronavirusa inanmıram" kimi ifadələr eşidilir. Əlbəttə ki, biz fikirlərimizi və sözlərimizi ifadə etməkdə azadıq, lakin qüvvədə olan sanitariya-gigiyena və karantin rejiminə əməl etmək hər birimizin borcudur. "Mən bu virusa inanmıram" kimi mövqeyimizi ifadə edərkən biz hər bir halda məsuliyyətli olmalıyıq, virusun mövcudluğunu bilən və ona inanan insanların mövqeyinə və hamının sağlam və təhlükəsiz yaşamaq hüququna hörmətlə yanaşmalıyıq və buna görə qoruyucu maskalar ​​taxmalı, məsafə saxlamalı və müvafiq gigiyena tədbirlərini ardıcıl həyata keçirməliyik.

Dövlət koronavirusla mübarizədə hərtərəfli zəruri tədbirlər görür, modul tipli xəstəxanalar açır, maarifləndirmə tədbirləri həyata keçirir, yoluxmanın qarşısını almaq üçün önləyici tədbirlərini davam etdirir. Bütün görülən işlər öz nəticəsini verməkdədir. Sakinlərin pandemiyadan qorunması üçün zəruri maarifləndirmə tədbirləri aparılır. Onlardan sıxlığın çox olduğu kütləvi yerlərdə qoruyucu maska taxmaları, sosial məsafəni gözləmələri xahiş edilir.

Pandemiya bəlasından daha az itkilərlə çıxmaq, bu kütləvi virusdan tez bir zamanda qurtulmaq üçün cəmiyyətin bütün üzvlərinin birləşməsi, həmrəy və məsuliyyətli olması çox vacibdir. Yalnız karantin rejiminə dair bütün tələblərə əməl etmək ən qısa müddətdə müsbət nəticələr verə bilər və tezliklə vətəndaşlarımız ölkəmizin daxilində sərbəst hərəkət edə, ölkəmizin ərazisindən kənara gedə və maneəsiz qayıda bilərlər. Bu virusun mövcudluğuna və əhalinin həyatı və sağlamlığı üçün təhlükəli olduğuna inanmamağa hər hansı bir səbəb yoxdur. Ölkə başçısı və Azərbaycan hökuməti iqtisadi baxımdan mənfi nəticələrə rəğmən virusun yayılmasının qarşısını almaq üçün ciddi tədbirlər görürsə, bu, o deməkdir ki, bu virus həqiqətən də təhlükəlidir və baş verənlərə ciddi və məsuliyyətli yanaşmaq lazımdır.

Məhərrəm Ağalaroğlu
Anama məktub
Elşad Miraləm
BİZ KİMİK?